Yeni siyasi məhbus siyahısı-166 nəfər

Hüquq müdafiəçiləri Leyla Yunus, Oqtay Gülalıyev və Elşən Həsənov Azərbaycanda həbsdə olan siyasi məhbuslarla bağlı hesabat  hazırlayıblar.  Hesabatda 166 nəfər vicdan və siyasi məhbus hesab olunub. Onlar BMT-nin “İnsan hüquqları haqqında” Konvensiyasını, Avropa Məhkəməsinin presidentlərində nəzərdə tutulmuş müddəaları və AŞPA-nın siyasi məhbuslarla bağlı kriteriyalarını əsas tutaraq siyahı hazırladıqlarını bildiriblər. Siyahı 6 aydan bir yenilənəcək.

Hüquq müdafiəçisi Leyla Yunus “Skype” vasitəsilə müzakirələrə qoşulub. O bildirib ki, siyasi məhbus siyahısı 166 nəfərdən də çoxdur. Sadəcə bəzi şəxslər haqqında məlumat toplamaq imkanları məhduddur.

Leyla Yunus: “Əgər şəxslə bağlı birinci gündən hay-küy salınmasa, bu adamlar Novruzəli Məmmədov kimi olacaqlar, həbsdə öləcəklər. Bütün çıxışlarımda bu faciəni misal çəkərək Azərbaycanda hansı rejimin olduğunu göstərirəm. Onlar ya da Səid Dadaşbəylinin dəstəsi kimi on illiklərlə həbsdə qalacaqlar… Qeyd edim ki,  gələn il onların tutulmasının 10-cu ilidir. Azərbaycanda siyasi repressiyaların tendensiyasına baxanda görəcəyik ki, rejim dinc müsəlmanlardan ehtiyat edir”.

AXCP sədri Əli Kərimli hüquq müdafiəçilərinə təklif edib ki, onlar işgəncələrə məruz qalan şəxslərin də siyahısını hazırlasınlar. Bundan əlavə, mitinqdə iştirak etdiyi üçün ailəsi ilə təhdid olunan,  polisə və ya icra hakimiyyətinə çağırılan şəxslər də diqqətdən kənarda qalmamalıdır.

Siyahıda olan siyasi məhbuslarla bağlı məlumat sənədləri açıqlanmayıb. Leyla Yunus bildirib ki, məlumatlar rus və ingilis dilinə tərcümə olunduqdan sonra yayımlanacaq.

Tədbirdə adı siyahıya düşən siyasi məhbus ailələri də iştirak ediblər. Jam.az saytının həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlunun xanımı Faiqə Nosrəti yoldaşına verilən işgəncələrdən danışdığı üçün ailəsinə təzyiqlər olunduğunu deyir.

Oktyabrın 17-də Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə işçi qrup hesabat yayımlayıb. 139 məhbusu əhatə edən sənəddə 94 nəfər siyasi məhbus, 45 nəfər potensial siyasi məhbus kimi tanınıb.  İşçi Qrup vurğulayıb ki, ölkədə siyasi məhbusların sayının əslində qat-qat çox olduğu qənaətindədirlər. Tədbirdə hüquq müdafiəçiləri siyahılarındakı fərqin yaxın zamanda aradan qalxacağını bildiriblər.

Azərbaycan hökuməti ölkədə siyasi və vicdan məhbuslarının olmadığını bildirir.


Kanalımıza abunə ol, daha çox video izlə –

https://goo.gl/TcM9Fm

Ana səhifəVideoYeni siyasi məhbus siyahısı-166 nəfər