“Yeni sayğac qoyulması üçün məndən yenə 250 manat istədilər”

“İl ildən uzanır, dəfələrlə şikayət etmişik, ancaq baxmırlar”

Source: Specify Source


Danaçı massivində su, qaz problemi var

Zaqatalanın Danaçı massivinin Yusif Məmmədəliyev küçəsinə mavi yanacaq çəkilməyib. Sakinləri deyirlər ki, onlara hər il söz verilir, ancaq çəkilmir və qış aylarında əziyyət çəkilər.

“Qışdır, evi qızdırmaq olmur. Müraciət də edirik. Hər dəfəsində “gələn il çəkiləcək”, – deyirlər. Ancaq çəkmirlər. Bununla bizi illərdir yola verirlər. Qışı çox ağır keçiririk”.

Sakinlərdən Rəna İbrahimova isə deyir ki, qazla bərabər başqa problemləri də var:

“Su dərdi məni öldürüb. Evi yeni tikdirmişəm, içində yaşamırdım. Köçənə yaxın gəldim ki, evimə baş çəkim. Gördüm, su sayğacı yoxdur. Qonşular dedilər ki, idarənin işçiləri gəlmişdi, söküb apardılar. Mən o sayğaca görə pul ödəmişdim, havayı qoymamışdılar. Məndən izin almadan söküb, aparıblar”.

Rəna İbrahimova deyir ki, bununla bağlı “Azərsu” ASC-nin Zaqatala şəhərindəki idarəsinə müraciət edib. “Bizim rəhbərlik dəyişilib. Sizin sayğacı keçmiş rəhbərlik söküb”, – cavabını alıb:

“Kim bilir, bəlkə də mənim pul verib aldığım sayğacı başqasına satıblar. Yeni sayğac qoyulması üçün məndən yenə 250 manat istədilər. Məcbur qalıb köçürdüm. Çünki su lazım idi və mən evimə köçməliydim. Sənədləşdirdilər, dedilər, “köçəndən bir neçə gün öncə gətirib quraşdıracağıq””.

Rəna İbrahimova deyir ki, artıq bir neçə aydır, evinə köçüb. Sayğac qoyulub, ancaq işlədilən suyun pulunu ödəmək üçün onlara abonent kodu verilmir:

“Zəng edirəm, deyirlər, ümumiyyətlə, adım abonent kimi siyahıda da yoxdur”. Yenidən getmişəm idarəyə. Bu dəfə də deyirlər ki, 108 manat ödəməlisən. İzah edirəm ki, hər şeyi ödəmişəm. Hətta 2 dəfə sayğac almışam. Deyirlər: “Bizlik deyil, ödəməlisən”. Mən hər dəfə işçilər dəyişiləndə yenidən pul ödəməliyəm? Üstəlik, ödəmə etdiyimlə bağlı mənə qəbz də vermədilər. Cavabları bu oldu ki, dövlət idarəsinə etibar etmirsiniz? Demək ki, etibar etməməliymişəm. Bunu bir daha sübut etdilər”.

image_from_ios (2).jpg
“Sayğac qoyulub, ancaq işlədilən suyun pulunu ödəmək üçün onlara abonent kodu verilmir”

Rəna İbrahimova deyir ki, problemi bununla da bitmir. Yaşadığı ərazidə mavi yanacaq da yoxdur. Baxmayaraq ki, Qaz İstismarı İdarəsi düz qonşuluqlarındadır:

“Qazımız da yoxdur, çəkilmir. Bu da ayrı dərddir. 2018-ci ilin axırına çəkəcəklərinə söz vermişdilər. 2020-ci il gəlib, ancaq hələ də bu massivdə qaz yoxdur. İl ildən uzanır, dəfələrlə şikayət etmişik, ancaq baxmırlar”.

Zaqatala Rayon İcra Hakimiyyətindən həmin ərazidəki evlərin çoxunun yeni olduğu söylənib. Buna görə qazlaşdırma aparılmayıb.

“Orada evlərin tikintisi davam edir. Hər gün yeni bir ev tikilir, məhəllə salınır. Hər yeni salınan məhəlləyə səhərisi gün qaz çəkilmir axı. Plan olmalıdır, təklif verilməlidir. Zamanla hamısı həll olunan problemlərdir”.

Zaqatala Su Kanal İdarəsindən isə problemlə maraqlanacaqlarını söyləyiblər:

“Sayğac qoyulubsa, abonent kodu verilməlidir. Yəqin nəsə yanlış anlaşılma var. Maraqlanıb, həll edərik”.

Vətəndaşın sayğacının özbaşına sökülməsinə gəlincə, idarə əməkdaşı bundan xəbərsiz olduğunu söyləyib:

“Yaşayış evlərinə sayğac pulsuz verilir. O xanım pulu kimə ödəyib, desin, aydınlaşdıraq”.

Ana səhifəBölgə“Yeni sayğac qoyulması üçün məndən yenə 250 manat istədilər”