Yeni parlament “işi”

Hökumət köhnə tərkibin 30 faizini yeni parlamentdə saxlayacaq.

Seymur Həzi, Foto:: Meydan TV


Yaxud YAP-ın siyasi xarakirisi barədə…

Parlamentin rəsmi və faktiki çoxluğunda olan, əslində parlamentdəki yerləri “tutmuş” yeganə partiya olan YAP-ın qanunverici hakimiyyətin buraxılmasına dair qərar qəbul etməsi sıradan hadisə olmasa da, gözlənilməz deyildi. Çünki hakimiyyət “tayanı da, toyuğu da topla vurmaq” psixolojisinə malikdir- bir taktika tapanda ondan bütün məqsədlərlə istifadə edib tam ifşa edənə kimi əl çəkimir. “Növbədənkənar seçkilər” taktikası da bu qəbildəndir. Ancaq maraqlı olan başqa məsələlər var. Birincisi, bu parlament nəyə və kimə mane olurdu ki, onun fəaliyyətinə xitam verilsin? İkincisi, növbəti parlamentdə kimlər olacaq ki, onlar daha fərqli siyasətin daşıyıcıları olsunlar? Yaxud da bu, sadəcə, zaman üzərindən qurulmuş taktikadırmı? Elədirsə, kimin hansı işinə yarayır?


“Hə” erası bitirmi?

Belə ilkin görüntü yaranır ki, bu parlament tərkibi artıq işə yaramır. Yaramır ona görə ki, hökumət elan etdiyi islahatları bu parlamentlə həyata keçirə bilmir. Tutaq ki, Ramiz Mehdiyevin təsiri ilə formalaşmış bir parlament tərkibi yeni siyasi çağırışlara cavab vermir. Ona görə də yeni tərkibin formalaşması qaçılmazdır. Ancaq bu, necə maneə törədən köhnə tərkibdir ki, özü özünün fəaliyyətinə xitam verir? Buna görə də birmənalı şəkildə yeni və islahatçı tərkib gözləntiləri yersizdir. Təbii ki, istisnalar və yeni fors-major ola bilər və onu da öz şəraitinə uyğun qiymətləndirəcəyik. Ancaq görünən odur ki, bu parlament tərkibi elə də asi tərkib deyil və onun fəaliyyətinə 7 ay qalmış xitam verilməsini tələb edən hansısa xüsusi siyasi islahatlar yoxdur ki, onlar ona mane olsunlar. Hətta bu fikir nəzəri cəhətdən belə yaşamağa həvəsli deyil…


Kimlər yeni palamendə ola bilər?

Hökumət köhnə tərkibin 30 faizini yeni parlamentdə saxlayacaq. Qalan hissəsində dəyişiklik edə bilər. Burada tərkibin siyasi xarakterindən daha öəmlisi “yenilikçi” imicini yaratmaq cəhdi ola bilər. Həmçinin uzun zamandır sözügedən transformasiyanın real olub-olmadığı bu prosesdə ortaya çıxacaq. Ortaya çıxacaq, çünki, yeni tərkibdə hansı qanadın siyahısı üstünlük təşkil edəcəyi hər şeyə aydınlıq gətirəcək. Müxalifətin proseslərə münasibəti vəziyyəti dəyişə bilər. Vəziyyətdən asılı olaraq “İqtidar pisdir, müxalifət ondan da pisdir” şüarının altında çiyinləri əzilən siyasət zəhmətkeşlərindən də məhz siyasi mənada qocaldığı üçün mübarizəyə badalaq rolu oynayan qüvvələrdən də bir qrup yeni parlamentdə təmsil oluna bilər. Bu versiya o halda həyata keçəcək ki, hər şey hakimiyyətin planladığı kimi baş versin. Ancaq bunun belə asanlıqla baş tutacağı və ya elə sadəcə baş tutacağı da sual altındadır. Çünki heç bir halda hakimiyyət indiki informasiya resursları ilə və müxalifətin yeni informativ resurslara çıxışının olduğu şəraitdə prosesi istədiyi kimi apara bilməyəcək. Sosial narazılığa görə minlərlə insanın küçələrə töküldüyü bir vaxtda xalqın nə düşünəcəyini və hansı spontanlıqlara imza atacağını kimsə planlaşdıra bilməz.


“Zaman, sadəcə, bir azcıq zaman!”

Hər şey sadəcə seçki subyektlərini hazırlıqsız yaxalamaq məsələsində ola bilərmi? Əlbəttə, ola bilər. Hakimiyyət az qala bütün prosesləri bu cür “qırdı, qaçdı” metodlarla edir. Bunun bir çox səbəbi ola bilər. İlk növbədə daxili siyasi şəraiti nəzərə alır. Birinci, komandanın içində cari seçkiyə hansısa muxtar hazırlıqların sezilməsi hökuməti vadar edər ki, yeni qərar qəbul etsin. İkinci, müxalifəti hazırlıqsız yaxalamaq üçün bu addımı ata bilər və görünür ki, bu amil də ciddi rol oynayır. Payız aksiyalarına cəmiyyətin dəstək verməsi bunu deməyə əsas verir ki, hakimiyyət bütün seçki ili ərzində xalqın ciddi təşkilatlanmasından qorxa bilər.

Nəhayət, bütün ehtimallardan ən qüvvətlisi təsiri bağışlayanlardan biri də odur ki, iqtidar komandası seçki islahatlarına vaxt olmadığını demək üçün bu cür sürətli plana gərək duyub. İlham Əliyevin adminstrasiyasında düşünürlər ki, hökumətin hansısa arzuolunmaz vəziyyətlə üzləşməyindənsə indidən beynəlxalq və yerli tənqidlərə sinə gərib əvvəlki seçki mühitini təkrarlamaq pis olmaz. Onlara bu məsələdə ilham verən başqa faktor isə özünü müxalifət elan etmiş bir çox qüvvələrin “hətta bu qanunvericiliklə də normal seçki keçirmək olar” bəyanatlarıdır. Bütün hallarda hakimiyyət yenidən təşəbbüsü əldə saxlamaq üçün vaxtından əvvəl əldəyişməyə üstünlük verdi. Görək müxalifət nə planlaşdıracaq?

Ana səhifəXəbərlərYeni parlament “işi”