Dünyada insanları mübarizəyə səfərbər edə bilən bir neçə önəmli mövzu var:
1) Milli-azadlıq hərəkatı; 2) Etnik millətçilik; 3) Yaşıllar hərəkatı (tək ekoloji anlamda deyil, bütün azlıqların hüquqlarının müdafiəsi mənasında); 4) İqtisadi, sosial, siyasi ədalətlizlik; 5) Dini cərəyanlar.
Bu gün, məsələn Kataloniyada, Şotlandiyada insanlar çox yaxşı yaşayırlar. Maddi durumları, sosial vəziyyətləri yaxşıdır, amma milli-azadlıq hərəkatları, hissləri çox güclüdür. Bu ideya ilə milyonlarla insan birləşir, mübarizə aparırlar.
Azərbaycanın müxalif hərəkatı, təəssüf ki, hələ də ilk iki məsələdə ilişib-qalıb. Biz, nədənsə hələ də cəmiyyətdən 88-90-cı illərdə olan mübarizə ruhunu gözləyirik. Anlamırıq ki, o zaman müstəqillik uğrunda gedən mübarizə ülvi və orqanik idi, cəmiyyətin tamamına yaxını bunu arzulayırdı – müstəqil dövlət qurmaq, bayrağımıza, himnimizə, milli ordumuza, valyutamıza qovuşmaq – bu mərhələ bitdi.
Dünyada 5000-ə qədər millət, etnik qrup var və bunun cəmi 220-yə yaxınının öz müstəqil dövləti var – müstəqil, azad dövlət olduq, bu böyük naliyyətdir, nemətdir. Müstəqillik dönəminin yeni nəsli yetişib, onlar səmimi şəkildə müstəqil və azad ölkədə yaşamaqları ilə, bayrağımızla, idmanda uğurlarımızla fəxr edirlər. Amma müxalif kəsim hələ də “azadlıq”, şüarı ilə onları prosesə cəlb etmək istəyir. Daha bir məqam odur ki, 88-90-cı illərin “istefa” şüarını hələ də arsenalda saxlayırlar. “İstefa” legitim və vacib şüardır, amma özünə, elektoratına hörmət edən siyasi qurumlar bu şüarı və tələbi bir dəfə səsləndirir, ya buna nail olurlar, ya da bu tələbi qoyan siyasi qurumun rəhbərliyi dəyişir ki, məqsədə nail ola bilmədik. Bizdə isə bir neçə min insan bir yerə toplaşan kimi liderlər “azadlıq” və “istefa” şüarlarını səsləndirirlər, hər iki tələbin mahiyyətini devalvasiyaya uğradırlar.
Son zamanlar dünyada, əsasən də Avropada “etnik millətçilik” və bundan doğan “aşırı sağ” baxışlar getdikcə populyarlıq qazanır. Təhlükəli yoldur, Avropanı cəlbedici edən “uğur hekayəsinə” yad bir yanaşmadır və məncə, bu Avropaya böyük bəlalar və fəlakətlər gətirəcək. Amma belə bir trend var. Miqrant problemi artdıqca, bu axın da güclənəcək.
Bizdə müxalif kəsim hələ də “etnik millətçiliyin” elementlərindən istifadə etməyə çalışır. Bu elementlər isə Avropada cücərən “etnik millətçilikdən” fərqlidir. Bizdə miqrant problemi yoxdur, hakimiyyətin tez-tez, “biz 1 milyon qaçqınımızı rahat qəbul etdik, Avropa isə qaçqınlara aqressiv yanaşır”, fikri absurd, hətta təhqiredicidir. Biz ermənilərin işğalından sonra öz soydaşlarımızı qəbul etdik, Bakıya və digər bölgələrə gələnlər bizim millət idi, ərəb, əfqan, somalili deyildi. Bizdə ritorikada istifadə edilən “etnik millətçilik” elementləri Avropada işlədilən ritorikadan daha təhlükəlidir. Çünki bu elementlər ölkəni bölə bilər. Bizdə “gəlmə” yoxdur, ona qalsa, gəlmə elə titul etnik qrup – türklərdir, qalanları elə avtaxton etnik qruplardır. Məhz buna görə “etnik millətçilik” elementlərini də müxalif kəsim öz leksikasından tamam silməlidir ki, boş qıcıq yaratmasın. Bu ölkədə hamının hüquqları eyni qaydada pozulur – bu fikir dominant olmalıdır.
Beləliklə, son 25 ildə müxalif kəsim səfərbərlik anlayışında hələ də 88-90-cı illərdə ilişib-qalıb. Məncə, bu insanların “damarına” düşmür, cəlbedici və toplayıcı deyil.
Yeni yanaşma və şüarlar:
Vətəndaş millətçiliyi – hər şeyin yaxşısı bizim vətəndaşın olmalıdır, “azərbaycanlı” vətəndaşlıq tanımıdır. Bu haqda ayrıca yazım olacaq.
Sosial, siyasi, iqtisadi bərabərsizlik və ədalətsizlik. Məncə, əsas şüarlar, əsas tezislər, insanlarla müxalifətin danışıq dili məhz ədalətsizliklər üzərindən olmalıdır. Ağasəlim dayı və Tükəzban xalaya anlatmalıyıq ki, onların soyuducularının vəziyyəti, ölkəmizin potensialına uyğun deyil. Hər addımda qarşılaşdığınız ədalətsizlik sizin məhz soyuducunuzun əziyyətinə birbaşa təsir edir. Ağasəlim dayı və Tükəzban xala anlamalıdır ki, məhz ədalətsiz seçkiyə və ədalətsiz məhkəməyə görə onlar pis dolanır. Ya da, məhz ədalətsiz seçki-məhkəmə sistemi onların daha yaxşı dolanmasına mane olur. Bu haqda da ayrıca geniş yazacağam.
Dini cərəyanlar: Ölkədə bu sahədə ciddi proseslər var, müxalifətin bir kəsimi də bu proseslərdən istifadə etməyə çalışır. Amma, bu təhlükəli məsələdir, ölkədə dini kəsimlə “siyasi tanışlıq” hələ baş verməyib. Bu vacib məsələdir, mütləq “siyasi tanışlıq” olmalıdır, və bu kəsimin gələcəkdə normal, dünyəvi qaydalar çərçivəsində siyasi partiyalar yaratmağı da normaldır, hətta vacibdir. Dini camiyə sözün yaxşı mənasında, siyasiləşməlidir və bundan qorxmaq lazım deyil. Sadəcə, bu kəsim öz siyasi baxışlarını aydın ifadə etməyi bacarmalıdırlar – hansı dövlət quruluşu istəyirlər, necə təhsil və səhiyyə sistemindən yanadılar, insan haqq və azadlıqlarının sərhədlərini necə qavrayırlar, hansı iqtisadi model istəyirlər – bütün bunlar “siyasi tanışlıq” üçün vacib məsələlərdir. Əgər bu gün müxalif kəsimin bir hissəsi həmin insanlardan siyasi tanışlıq olmadan sadəcə istifadə etməyi düşünürsə, özünü də, ölkəni də təhlükəyə atmış olur. Bunu aydın bilmək, dərk etmək lazımdır.
Beləliklə, bu yazıda bütün düşündüklərimi tam ifadə edə bilmədim, çünki həcm çox böyük alınır, çalışacağam ki, bu mövzuda silsilə yazılar yazım. Bunun üçün isə sizlərin köməyinə ehtiyacım var, ciddi müzakirə edək ki, mövzunun davamı da daha ciddi və maraqlı alınsın.
P.S. “Yaşıllar” və Avropada yaranan yeni tip siyasi hərəkatlar haqqında da ayrı yazım olacaq. Məsələn, dünən İslandiyada seçkilərdə “Piratlar Partiyası” 2-ci yer tutub və bu hərəkat cəmi 4 il öncə yaranıb…