Pərviz Abbasov koronaviruslu xəstələrdən rüşvət almaqda ittiham olunur
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan “Yeni Klinika”nın direktoru olmuş Pərviz Abbasovun işi üzrə istintaq yekunlaşıb. Onun haqqındakı cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Pərviz Abbasovla bağlı cinayət işinin materiallarında iddia olunur ki, onun rəhbərlik etdiyi klinikada hər bir koronaviruslu xəstənin yerləşdirilməsi üçün onların yaxınlarından 3000-5000 manat rüşvət alınıb.
“Yeni Klinika”da baş verənlərə görə Pərviz Abbasovla yanaşı, Əvəz Hüseynov, Samir Mirzəyev, Vüsalə Əliyeva da cinayət məsuliyyətinə cəlb edilib. İttihama görə, xəstələrin yaxınlarından bu şəxslərin vasitəsilə alınıb. Sonradan məbləğlər onların arasında bölüşdürülüb.
Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə), digər təqsirləndirilən şəxslərə isə həmin Məcəllənin 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə ittiham verilib. Direktor həbsdə olsa da, o biri təqsirləndirilən dörd nəfər haqqında istintaq dövrü üçün başqa növdə qətimkan tədbiri seçilib.
Pərviz Abbasov və digər təqsirləndirilənlərin koronavirus xəstələrinin yaxınlarından rüşvət almaları haqda onlara qarşı irəli sürülmüş ittihama münasibəti məlum deyil.