“Yeni Klinika”nın keçmiş baş həkiminin həbs cəzası azaldıldı

Pərviz Abbasov, Foto: https://its.gov.az/

Məhkəmə digər həbs edilənlərin də cəzasını endirdi

Koronaviruslu xəstələrin klinikaya yerləşdirilməsi və müalicəsi üçün onların yaxınlarından rüşvət almaqda ittiham olunan “Yeni Klinika”nın keçmiş baş həkimi Pərviz Abbasov və onunla birlikdə mühakimə olunan daha dörd nəfər haqqında hökm dəyişib. Aprelin 28-də Bakı Apelyasiya Məhkəməsində bu barədə qərar çıxarılıb.

Qərara əsasən, Pərviz Abbasova münasibətdə Cinayət Məcəlləsinin 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza təyin etmə) maddəsi tətbiq edilib. Onun cəzası 8 il 6 aydan 5 il 6 aya endirilib. Bu iş üzrə həbsdə olan daha üç nəfər – “Buta” klinikasının həkim-radioloqu Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyevin hər birinin cəzası da 8 ildən 5 ilə qədər azaldılıb.

Təqsirləndirilən şəxslərin arasında yeganə qadın olan “Avrasiya” klinikası və “Viola” MMC-nin meneceri Vüsalə Əliyevaya 8 il şərti cəza verilmişdi. Onun işində də şərti cəzanın müddəti 5 il müəyyənləşdirilib.

Pərviz Abbasov Bakı Ağır Cinayətlər Məhkəməsində olduğu kimi, apelyasiya instansiyasında da təqsirsiz olduğunu söyləyib. O, nə vaxtsa bəraət alacağına ümidini itirmədiyini vurğulayıb:

“Mən bu günə qədər ölkədə hüquq-mühafizə orqanlarının fəaliyyətini dəstəkləyən şəxslərdən biri olmuşam. 20 illik fəaliyyətimi araşdırın, bir cinayət əməli tapsanız, nə qədər istəsəniz cəza verin, çəkməyə hazıram. Hüseyn Cavid və digər tarixi şəxsiyyətlər də şərə-böhtana məruz qalıb, amma sonradan bəraət alıblar. Mənə də nə vaxtsa bəraət veriləcək. Buna əminəm. Mən həbs olunduğum gün otağıma Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları daxil olanda özüm də korrupsiyaya qarşı mübarizə haqqında yazı yazırdım. Paradoksa baxın… Mənim başıma gələn iftira heç kimin başına gəlməsin…”

Digər təqsirləndirilən şəxslər məhkəmədən şərti cəza verilməsini istəyiblər.

İttihama əsasən, adları çəkilən şəxslər baş həkimə koronavirusa yoluxmuş xəstələrin yaxınlarından alınmış rüşvətin bir hissəsini özlərinə götürüb, vasitəçilik edərək, qalanını isə baş həkimə verərək, onları “Yeni Klinika”ya yerləşdirməyə yardım ediblər.

Təqsirləndirilən Samir Mirzəyev məhkəmədə bildirib ki, onlardan istintaq zamanı təzyiq altında Pərviz Abbasovun əleyhinə ifadə alıblar. Əslində, o, Pərviz Abbasova heç vaxt rüşvət verməyib. Sadəcə, bir neçə nəfərin klinikaya yerləşdirilməsi üçün ondan xahiş edib. O da imkan olanda bu məsələdə yardım edib: “Onun xəbəri olmayıb ki, mən başqa adamdan buna görə pul almışam. Sadəcə, onunla tanışlığımdan sui-istifadə eləmişəm. O da tanış kimi, mənim xahişimi yerinə yetirib”.

Pərviz Abbasovun vəkili isə onun sifarişlə həbs edildiyini, bu məqsədlə belə bir ssenari qurulduğunu bildirib.

Ana səhifəSosial“Yeni Klinika”nın keçmiş baş həkiminin həbs cəzası azaldıldı