Yeni İl təbriki

Əziz Azərbaycan xalqı!

Source:



Və o gün gəldi. Bataqlıq öz mahiyyətini ortaya qoydu. Bu bataqlığın üstü ilə ehmalca yeriyən adamların bir az ayaqqabıları çirkləndi. Bir az bataqlıq onları yırğaladı. Amma onlar bu bataqlıqdan ehmalca çıxa bildilər. Siz isə – bataqlığln üstündə ev, malikanə, saray, qəsr, biznes ucaltmış insanlar olaraq, uduzdunuz. Bataqlıq sizin hər şeyinizi əlinizdən aldı.

 Qarşıdan ağır, çox ağır bi il gəlir. Qaraxəbərlik, bədniyyətlik olmasın, amma hələ indidən, 2015-in sonundan, 2016-nın astanasından, bu ağırlıq, bu çətinlik hiss olunur. O qədər aydın, o qədər dərindən, o qədər aşkar hiss olunur ki, mənim qəlbim başda Azərbaycandakı ailəm, ailə üzvlərim, dostlarım olmaqla, hamınıza qarşı mərhəmət, canıyananlıq hissi ilə doludur.

Düzdü, xalq üçün gələn bu qara günlərdə sizinlə özümü daha həmrəy, daha yaxın göstərmək üçün deməli idim ki, “başda özüm olmaqla, hamımıza yazığım gəlir”. Amma nə qədər çalışsam da, bunu deyə bilmədim. Bilirsiniz, hansısa proses, özü də belə çətin, ağrılı, faciəvi proses o zaman daha ağrılı, daha faciəvi olur ki, ona hazır olmayasan. Və ən faciəvisi o zaman olur ki, nəinki hazır olmayasan, hətta tamam əksini gözləyəsən.

Bu son on ildə, siz tamam əksinə köklənmişdiniz. Siz ölkənin hələ uzun, çox uzun illər boyu firavan yaşayacağına, yağ-bal içində üzəcəyinə hazırlaşmışdınız. Siz öz işinizi, həyatınızı, həyat fəlsəfənizi bu gözlənti, bu inam üzərində qurmuşdunuz. Siz gözəl, firavan, çiçəklənən bir ölkədə yaşamağa hazırlaşmışdınız.

Bir dəstə insan,  dostlarım, qeyri-dostlarım, proseslərin hara getdiyini görə bilən insan isə, indi yaşadıqlarımızı və hələ uzun müddət yaşayacaqlarımızı gözləyirdik. Biz buna hazır idik. Biz hiss edir, ehtimal edir, analiz edir, çox pis proqnozlara hazırlaşırdıq. Biz bilmirdik, biz hiss edirdik. Buna görə də, heç bir gözəl, işıqlı, firavan gələcəyə hazırlaşmırdıq.

Elə bilin ki, biz hamımız, yəni sizli-bizli böyük bir bataqlığın üstü ilə yeriyirdik. Bir neçə adam ayaqları altında qalan şeyin bataqlıq olduğunu bilir, mümkün qədər ehtiyatla yeriyir, batmamağa çalışırdı. Siz isə bu bataqlığı möhkəm, bərk, özüllü bir şey sayır və bataqlığın üstündə ev tikir, biznes qurur, oğul evləndirib, qız köçürür, bayram edir, şənlənirdiniz.

Və o gün gəldi. Bataqlıq öz mahiyyətini ortaya qoydu. Bu bataqlığın üstü ilə ehmalca yeriyən adamların bir az ayaqqabıları çirkləndi. Bir az bataqlıq onları yırğaladı. Amma onlar bu bataqlıqdan ehmalca çıxa bildilər. Siz isə – bataqlığln üstündə ev, malikanə, saray, qəsr, biznes ucaltmış insanlar olaraq, uduzdunuz. Bataqlıq sizin hər şeyinizi əlinizdən aldı.

İndi, olan odu, keçən keçdi. Nə oldu-oldu. Qoy bu olanlar bir dərs olsun. Kasıblığın da öz üstünlükləri var. Bəlkə bu kasıblıq, bu yoxsulluq sizə daha təvazökarcasına, daha sadə, dəbdəbəsiz yaşamağı öyrətdi. Az yeməyi, az səpməyi, az xərcləməyi öyrənməklə yanaşı, bəlkə bir az həyata baxışlarınız, həyat fəlsəfəniz dəyişdi.

Mən üzümüzə gələn bu yeni ildə, bu ağır ildə, yəni 2016-cı ildə sizə təvazökarlığı, sadəliyi sevə bilmək bacarığı arzu edirəm. Sizə arzu edirəm ki, bu yeni ildə son qəpiklərinizi toplayıb, teatra bilet alasınız. Son manatınızı tapıb, sevgilinizə çiçək alasınız. Bir-birinizə qonaq gedəndə, on-on beş cür yeməklə bir-birinizin gözünə kül üfürmək imkanınız olmayacaq deyə, bunun əvəzinə yüngülvari balaca bir tort alıb, çay içib, oxuduğunuz kitablardan danışasınız. Arzu edirəm ki, qızıllarınızı, brilyantlarınızı satıb, fəlsəfə kitablarına, övladlarınız üçün musiqi alətlərinə xərcləyəsiniz, itlərin, pişiklərin hüquqlarını müdafiə komitələrinə ianə verəsiniz.

Arzu edirəm ki, qadınlarımız çit paltarlarına öz əlləri krujeva yaxalıqlar tiksin, təmiz, sadə geyindirdikləri uşaqlarının əlindən tutub, kinoya getsinlər. Kişilərimiz işdən çıxanda saunalara, restoranlara axışmaq əvəzinə, bir boşqab borş yeyə biləcəkləri isti evlərinə, ocaqlarına tələssinlər.

Arzu edirəm ki, bahalı telefonlarınızı, planşetlərinizi satıb, ucuz telefonlar alasınız, qonaq gedəndə ev sahibi ilə söhbət edəsiniz, daha bahalı oyuncaqlarınızı camaatın gözünə soxmayasınız.

Bir sözlə, bu yeni ildə sizə sadə, mədəni, təvazökar bir cəmiyyət, toplum olmağı arzu edirəm.

Qalan hər şey isə puç və fanidir!

Yeni İliniz Mübarək!


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəYeni İl təbriki