Yaxınlıqdakı evlərə ziyan dəyib
Yeni Günəşli qəsəbəsində çökmə baş verib. Yaxınlıqdakı bir neçə ev ziyan görüb.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib.
Bildirib ki, çökmə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisindəki Günəşli yaylasında baş verib.
“Ərazidən keçən tektonik qırılma xəttinin (Zığ-Qum adası-Makarov bankası) təsirindən dik yamac istiqamətində qrunt oturub. Torpaq qatında müxtəlif istiqamətli və ölçülü çatlar qeydə alınıb”, – deyə bildirib.
Ə. Qaralovun sözlərinə görə, Bakıdakı çökmə, sürüşmə potensiallı zonalarda aktivlik müşahidə edilməkdədir. Aktivlik Zığ-1, Masazır qəsəbəsi M. İbrahimov küçəsi boyunca uçqun prosesinin dinamikasında və “Zəli gölü” adlanan ərazidə qeydə alınıb.