”Yeni dəyişiklik banklara və mobil operatorlara zərbədir”

Qanunvericiliyə yeni dəyişikliklər edilib

Foto: Əkrəm Həsənovun şəxsi arxivindən
Əkrəm Həsənov
Əkrəm Həsənov


Qanunvericiliyə yeni dəyişikliklər edilib

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsini rəhbər tutaraq Mülki Prosessual Məcəllədə bəzi dəyişikliklər edib. 1.1. 276.2.1-ci və 276.2.8-ci maddələr ləğv olunub.

1.2. 276.2.2-ci

maddə

də isə “bağlanmış əqdə” sözlərindən sonra “(lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla)” sözləri əlavə edilib.

Hüquqşünas Əkrəm Həsənov deyir ki, bu dəyişiklik qanunvericilikdən banklara və mobil operatorlara zərbədir. Yeni ildən etibarən borclulara qarşı əmr icraatından istifadə edə bilməyəcəklər:

“Mülki-Prosessual Məcəlləyə dəyişikliklər dərc edilib (1 yanvar 2019-cu ildən qüvvəyə minəcək). Onlardan ən mühümü budur: lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər əmr icraatı qaydasında tələb edilə bilməz”.

Ə.Həsənov deyir ki, əmr icraatından əsasən kredit təşkilatları (banklar və bank olmayan kredit təşkilatları) və mobil rabitə operatorları istifadə edir. Məhkəmələr kütləvi şəkildə onların müraciəti əsasında borclulara (əsasən fiziki şəxslərə) qarşı əmrlər çıxarır:

“Əmr icraatı sadələşdirilmiş icraat növüdür. Mülki Prosessual Məcəllənin 23-cü fəsli ilə tənzimlənir. Əsasən pul tələbinə aiddir. Məsələn, vətəndaş bankdan kredit götürüb və hər hansı səbəbdən ödəmir. Bank məhkəməyə ərizə ilə müraciət edir və borcluya qarşı əmr verməsini xahiş edir. Məhkəmə 3 gün ərzində ya ərizəni rədd edir, ya da tərəfləri çağırmadan, baxış keçirmədən (!) borcun ödənilməsinə dair əmr verir. Düzdür, əmri aldıqdan sonra borclu 10 gün ərzində həmin məhkəməyə yazılı etirazını bildirə bilər. Bundan sonra məhkəmə əmri ləğv etməli və işə iddia icraatı qaydasında baxmalıdır. Yəni tərəflərin iştirakı ilə iclaslar keçirməlidir. Lakin təcrübədə əksər hallarda borclu vətəndaşlar hüquqlarını bilmədikləri üçün əmr icraatı qarşısında aciz olur. Məhkəməyə yazılı etiraz vermirlər, ümumiyyətlə, barələrində qiyabi məhkəmə aktı çıxarıldığı üçün vahiməyə düşürlər. Son zamanlar isə bəzi hakimlər, ümumiyyətlə, çıxardıqları əmri borclulara göndərmir. Vətəndaş əmrin çıxarıldığı barədə məlumatı artıq icra məmuru onu dəvət edəndə bilir (əslində, həmin anda onun yazılı etiraz vermək üçün hələ 10 günü var, lakin bunu bilmir). Təbii, bu halda vətəndaş daha da çox qorxmağa başlayır. İcra məmuru da bu qorxunu şiddətləndirir.

Vətəndaşdan heç soruşan da yoxdur ki, əmri alıbmı, etiraz hüququnun olduğunu bilirmi və s. və i.a. Bir sözlə, vətəndaşda dövlətə, ədalət mühakiməsinə inamsızlıq yaranır. Düşünməyə başlayır ki, gör bu banklar nə qədər güclüdür ki, məhkəmədə onun iştirakı olmadan qərar çıxatdırıb və artıq icraya da yönəldib”.

Ə.Həsənov deyir ki, bu baxımdan Milli Məclisin qəbul etdiyi və prezidentin təsdiqlədiyi dəyişiklik olduqca önəmlidir:

“Bu addım, ilk növbədə, vətəndaşımızı düşünərək atılıb ki, haqları tapdalanmasın, borcu üzrə hər hansı əks-arqumenti varsa, onu açıq əyani məhkəmə prosesi zamanı bildirə bilsin”.

Ana səhifəXəbərlər”Yeni dəyişiklik banklara və mobil operatorlara zərbədir”