Yeni binaların istismara verilməsi prosesi sadələşdirilir

Prezident yeni fərman imzaladı

Source: president.az
İlham Əliyev sərəncam imzalayır (arxiv foto)
İlham Əliyev sərəncam imzalayır (arxiv foto)


Prezident yeni fərman imzaladı

Çoxmənzilli binaların istismarına icazə verilməsi proseduru sadələşdirilir. Prezident İlham Əliyev fevralın 19-da bununla bağlı fərman imzalayıb.

Sənəddə deyilir ki, məqsəd həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etməkdir. Fərmanda 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilir.

Fərmanın icrası Fövqəladə Hallar Nazirliyinə (FHN) həvalə edilib. Nazirlik 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binaları barədə rəy tərtib etməlidir. Sonra binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim etməlidir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti də 7 gün müddətində aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verməli və bu barədə Tikintilərin Dövlət Reyestrinə və FHN-nə yazılı məlumat göndərməlidir.

Əgər rəy müsbət deyilsə, onda binanın inşası ilə məşğul olan sifarişçi (sahib) və ya idarəedici təşkilat göstərilən çatışmazlıqları 5 ay müddətində aradan qaldırmalı və yenidən FHN-nə müraciət etməlidir.

Fərmanı fed.az-a şərh edən Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı hesab edir ki, bununla paytaxtda qeydiyyata alınmamış və istismara qəbul edilməyən mənzillərin 70-80 faizində qeydiyyat problemi həll olunacaq.

Onun sözlərinə görə, mövcud problemin həllini tapması aparılan əməliyyatlar üzrə həm dövlət büdcəsinə daxilolmaları artıracaq, həm də mənzil idarəçiliyi baxımından yığılıb qalan problemlərin həllinə gətirib çıxaracaq. Dövlət büdcəsinə daxilolmalar dedikdə, o nəzərdə tutulur ki, bu vaxta qədər Mənzil Tikinti kooperativləri (MTK) alqı-satqı zamanı müqavilələrin dəyişdirilməsinə görə vətəndaşlardan qeyri-qanuni yolla bir mənzilə görə 3000-4000 min manat pul alırdılarsa, bundan sonra həmin məbləğə yaxın pul vəsaiti rəsmi qaydada vergi şəklində dövlət büdcəsinə yönələcək.

Ana səhifəXəbərlərYeni binaların istismara verilməsi prosesi sadələşdirilir