Həkimlər tibbi sığortadan narazıdır
«Mart ayından xəstəxanalar tibbi sığortaya keçid üçün hazırlanırdı. Amma koronavirusa yoluxanların sayı artdı, palatalar doldu. Bununla belə, yenə də qeyri-müəyyənlik var. Tibbi sığortanın tətbiqindən sonra nə dəyişəcək, həkimlərin vəziyyəti necə olacaq?»
Bunu MeydanTV-yə Kliniki Tibbi Mərkəzin (KTM, keçmiş Semaşko) adının açıqlanmasını istəməyən həkimi bildirib.
Onun sözlərinə görə, indiyədək rentgendən tutmuş USM və digər müayinə aparatlarının saxlanılması, təmiri, reaktivlərin, tibbi ləvazımatların alınması üçün həkimlər öz cibindən xərcləyib.
Aprelin 1-dən Bakı və Sumqayıtda tibbi sığortanın tətbiqinə başlanılıb. Həkimlər sosial şəbəkələrdə sığorta sisteminin tətbiqindəki problemlərdən danışıblar, sosial şəbəkələrdə müzakirələr aparılır.
Həkim deyib ki, bir neçə il əvvəl KTM-in həyətində oturacaqların qoyulması üçün həkimlərdən 100 manat yığılıb:
«Dedilər ki, xəstə yaxınları üçün rahatlıq yaradılır. Axı, bu həkimin işi deyil. Əgər indi də tibbi ləvazimatları biz özümüz alacağıqsa, onda hər 10 xəstədən sonra hesablanacaq 5-10 manatla nə qazanacağıq? Ginekoloq kimi 10 xəstəni müayinə və müalicə edəcəyik, on birinci xəstədən təxminən 12 manat maaşın üstünə əlavə hesablanacaq. Terapevt hər 10-cu xəstədən sonra 70 qəpik qazanır. Yenə də əsas çətinlik cərrah və mama-ginekoloqların üzərinə düşür. Hamı bilir ki, məsələn, əvvəl doğuşda xəstə pul verirdi, paylayırdıq, özümüzə də qalırdı. İndi xəstə deyir ki, mənim doğuşumda sizin iştirak etməyinizi istəyirəm, amma bu doğuşdan qazanacağımız 5-10 manata görə gecə saatlarında xəstəxanaya gəlmək sərf etməyəcək»,-həkim deyib.
Adının açıqlanmasından çəkinən başqa bir həkim isə bildirib ki, onları ittiham etməzdən əvvəl məvacibin gülünc rəqəmini dəyişdirmək lazımdır. Çünki həkimin 350-500 manata dolana bilmədiyini hamı başa düşür: «Rayonlarda həkim sayı azdır, terapevtə, pediatra sərf edə bilər. Hərçənd ki, sosial şəbəkələrdə narazılıq edən həkimlər çoxdur. Biz də tanıdığımız həmkarlarımızdan bölgələrdə vəziyyətin yaxşı olmadığını eşidirik. Bakıda həkim çoxdur. Özümüz tibbi avadanlıq, ləvazimat alacağıqsa, tibbi sığorta sərf etməyəcək».
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının bir həkimi də iddia edib ki, tibbi sığorta ilə bağlı pilot layihənin ilk tətbiq edildiyi Mingəçevir və Yevlax xəstəxanasından narazılıqlar çoxdur:
“Məsələn, Mingəçevir şəhər xəstəxanasında 3 gündür reaktiv verilmir, qan analizləri gecikdirilir. Buna görə də xəstə məcbur olub özəl klinikalara müraciət edirlər. İdarəetmə dəyişib, problemlər olduğu kimi qalıb. Hər il təqdim edilən göstəricilərə inansaq, sığortanın tətbiq edildiyi rayonlarda həkim yağ-bal içərisində yaşayır. Reallıqda isə vəziyyət fərqlidir».
Həkim deyib ki, tibbi sığorta xəstə üçün sərfəli hesab edilə bilər, ancaq həkimlər üçün yaxşı heç nə vəd etmədi:
«Həkimlərin heç də hamısının kompüteri yoxdur, internetlə təminat zəifdir. Həkim öz vəsaiti hesabına kompüter almalıdır. Etiraz edənlərə qapını göstərirlər. Problemlərdən biri odur ki, xəstə bütün müayinələrdən keçmək istəyir, həkimdən isə bacaqdırları qədər az müayinələrə göndərməsi tələb olunur».
Bakı şəhərindəki 1 saylı poliklinikanın adının açıqlanmasından çəkinən həkimi isə deyib ki, tibbi sığortalı xəstə ilk növbədə poliklinikaya gəlib sahə həkimi ilə görüşməlidir. Bundan sonra şikayətinə əsasən, ixtisas üzrə həkimə, müayinələrə yönləndirilməldir: «Xəstə yollarda qalacaq. Həkimlərin ş rejimini TƏBİB müəyyənləşdirib, hansı müayinənin lazım olacağını da onlar müəyyənləşdirəcəklər».
Həkim Ülfət Abdullayev “Facebook” hesabından oxşar paylaşım edib:
«Birincisi, sığortanın işlək olması üçün iki vacib şərtlərdən biri əhalinin gəlirlərinin yüksək olması və digəri də o sığortadan həkimə düşəcək «tort dliminin» qarın doyurucusu olmasıdır ki, sığorta işləsin.
Digər şərt isə odur ki, sığorta ilə çalışacaq xəstəxanalar dönər sərmayə ilə maliyyələşə bilməlidir ki, avadanlıqları öz büdcəsindən ala bilsin. İndi cərrahlara sual verirəm, Bakıda və ümumiyyətlə, ölkədə neçə xəstəxana bilirsiniz ki, orda həkim “Ligasur”u, “Step”ləri, “Tacker”i pulla almasın? Sığortadan ayrılan o gülünc məbləğdən sonra hansı biriniz əməliyyat etdiyiniz xəstədə bunları sığortadan qarşılaya biləcəksiz və sonda sizə nə qalacaq?»
Həkimlərdən biri isə Meydan TV-yə yazıb ki, maaşı 350 manatdır, 20-ci xəstədən sonra bonus verilmir. Hesabla ayda əlavə 350-400 manat da sığortadan gəlir.
Həkimlərin bu şikayətlərinə rəsmi cavab yoxdur.
Təcili tibbi yardım stansiyasında çalışan həkimlər də narazıdır. Sosial şəbəkələrdəki qapalı qruplarda bu barədə şikayətlənənlər var. Məsələn, biri yazıb ki, Prezidentin 30 dekabr, 2007-ci ildə verdiyi Fərmanla təcili yardımın bütün bölmələrində çalışan işçilərin maaşı vahid tarif cədvəlindəki vəzifə maaşının 2 misli ilə ödənilib. Ancaq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bunu bir misli edib:
“Guya agentlik maaşın bir mislini özü ödəyir. Adını da qoyublar həvəsləndirici əlavə. Yəni onsuz da biz bu maaşı alırdıq. Agentliyin bu qərarı əksinə həkimlər üçün sərfəli deyil. Çünki maaş artırılanda bir qat üzrə hesablanır, həvəsləndirici əlavə olduğu kimi qalır. Halbuki əvvəl maaş artımı iki qata aid edilirdi».
Agentlikdən isə Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindədir. Burada çalışan səhiyyə işçiləri “TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun olaraq əməkhaqqı alırlar:
“Bildiririk ki, qayda hazırlanarkən ona qədər mövcud olmuş əməkhaqlarının hesablanması parametrləri nəzərə alınıb və əsas götürülüb. Belə ki, qaydaya əsasən səhiyyə işçisinin əməkhaqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr, Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.
Qeyd edək ki, tibb işçilərinin əməkhaqlarının ödənilməsi icbari tibbi sığorta fondunun vəsaitləri hesabına həyata keçirilir. İcbari tibbi sığorta fondunun maliyyə imkanları çərçivəsində sözügedən qayda üzrə mütəmadi əsasda təkmilləşdirmələr aparılır və növbəti mərhələlərdə artım istiqamətində dəyişikliklərin edilməsi nəzərdə tutulub.
Qaydaya görə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının həkimlərinin aylıq vəzifə (tarif) maaşlarına aşağıdakı cədvəl üzrə sabit aylıq həvəsləndirici əlavələr tətbiq edilir:
Məlumat üçün bildirək ki, səhiyyə işçilərinin aylıq vəzifə (tarif) maaşları aşağıdakı cədvəl üzrə müəyyən edilir:
Həkimlərin sığorta ilə bağlı narazılığına gəlincə, bu barədə rəsmi açıqlama verilmir.