Mirvari Qəhrəmanlı: “Öz işçilərinə məcburi ərizə yazdırıb, əməkhaqlarını 20 faiz aşağı saldırıb”
“Dövlət Neft Şirkətində çalışanların maaşları 20 faiz artırılandan sonra bizim də maaşlarımızın artacağını gözləyirdik. Lakin bu ay maaşı 8 faiz az aldıq. Onsuz da əməkhaqqının verilməsi gecikdirilir, şikayət edənlər işdən çıxarılmaqla hədələnir”.
Bunu Meydan TV-yə “Bahar Energy” Əməliyyat Şirkətində çalışan bir neçə əməkdaş deyib. İşdən çıxarılması səbəbindən adlarının açıqlanmasını istəməyən əməkdaşlar bildirib ki, şirkətdə ixtisarlar davam edir.
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə bildirib ki, “Bahar Energy” şirkətinin prezidenti Con Harkins artıq iki ildir Əmək Məcəlləsinin 172.5, 69.7, 43. 3, 43.4 maddələrini pozur. Çoxlu sayda sahə üzrə peşəkar işçini ixtisar edərək, əvəzində Şirvan şəhərində Hacı Qurbana məxsus “İlkin” MMC-dən dəniz obyektlərində iş təcrübəsi olmayan işçilər gətirib.
“Öz işçilərinə məcburi ərizə yazdırıb, əməkhaqlarını 20 faiz aşağı saldırıb. Bununla razılaşmayan işçinin əmək müqaviləsində birtərəfli dəyişikliklər edərək, onu daha aşağı maaşlı işə keçirib. Həmçinin əmək müqavilələrində dəyişikliklər edərək müvəqqəti müqavilə ilə əvəz edib, əmək haqlarını gecikdirib, hissə-hissə, az miqdarlarla ödəniş edib. Eləcə də əvvəllər işçilərə ödənilən gündəlik beş manat yemək pulunu kəsib. Əməkhaqlarının gecikdirilməsi isə mütamadi xarakterə çevrilib”, – Qəhrəmanlı deyib.
Onun sözlərinə görə, bu haqda SOCAR-ın Əməliyyat Şirkəti üzrə Müşahidə Şurası məlumatlıdır. Hüquq müdafiəçisi qeyd edib ki, “Bahar Energy”nin işçiləri yazıb köməklik istəsələr də, adlarının çəkilməsindən narahatdılar:
“Deyirlər ki, işdən çıxarılacaqlarından qorxurlar. İşçiləri hədələyirlər ki, işdən qovarıq onların yerinə Hacı Qurbanın adamlarını işlədəcəklər”.
SOCAR-dan isə şikayətlə bağlı sualları cavablandırmayıblar.
“Bahar Energy”də ixtisarlar və maaşların gecikdirilməsi problemi 2014-cü ildən var. İşçilər ötən il də daxil olmaqla illərdir aksiyalar keçirərək problemlərinə diqqət çəkiblər.
“Bahar Energy” Əməliyyat Şirkəti ARDNŞ ( 20 faiz paya malik) və “Bahar Enerji Limited” (80 faiz paya malik) arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli Saziş və 27 aprel 2010-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi” hasilatın pay bölgüsü Sazişi əsasında 1 oktyabr 2010-cu ildən fəaliyyət göstərir. Bu müqavilə üzrə ARDNŞ tərəfdaşı kimi Virgin adalarında qeydiyyatdan keçmiş “Bahar Energy Ltd” şirkəti çıxış edir. “Bahar Energy”-nin təsisçisi “Greenfields Petroleum Corporation” isə Kayman adalarında qeydiyyatdan keçib.