Tərəflər atəşkəsin pozulmasında bir-birlərini ittiham edirlər
Dekabrın 10-da Azərbaycan-Ermənistan sərhədində yenə atəşkəs pozulub.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb, saat 12:00-dan etibarən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqeləri atəşə tutulub.
“Qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub, təxribat xarakterli fəaliyyətləri dayandırılıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.
Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib və o da Azərbaycan tərəfi atəşkəsi pozmaqda ittiham edib.
Nazirlik bildirib ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin şərq istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin mövqelərinə hücum edilib:
“Ermənistan tərəfinin cavab tədbirləri nəticəsində insan itkisi verən Azərbaycan tərəfi əvvəlki mövqelərinə geri qaytarılıb. Ermənistan ordusundan bir nəfər ölüb, 1 neçə nəfər isə yaralanıb. Hələ atışma davam edir”.
Dekabrın 8-də Kəlbəcər istiqamətində atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun 1 əsgəri həlak olmuş, erməni tərəfdən isə 1 nəfər yaralanmışdı.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında döyüşlərin dayandırılması ilə bağlı atəşkəs razılaşması imzalanıb.
Bununla Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.