Yenə atəşkəs pozulub: Azərbaycan tərəf bir avtomobilin vurulduğunu deyir

Mənbə: MN

Tərəflər arasında itki yoxdur

Oktyabrın 20-də Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulduğu bildirilir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri oktyabrın 20-si gecə saatlarında Azərbaycan ordusunun Daşkəsən istiqamətindəki mövqelərini atəşə tutub.

Nazirlik bildirir ki, Ermənistan tərəf Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində Azərbaycan bölmələrinə təminat daşıyan 1 ədəd KamAZ markalı avtomobili hədəfə alıb.

“Texnikaya zərər dəysə də, şəxsi heyət arasında xəsarət alan olmayıb”,- deyə MN-nin məumatında vurğulanır.

Ermənistan Müdafiə Nazirliyi də oktyabrın 20-də saat 16:30 radələrində atəşkəsin pozulduğu haqda məlumat yayıb.

Nazirlik Ermənistan-Azərbaycan dövlət sərhədinin şərq istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulduğunu qeyd edib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, onlar tərəfdən itki yoxdur.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Bu döyüşlərdə hər iki tərəfdən birgə 6 mindən artıq insan həlak olub.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Ana səhifəSiyasətYenə atəşkəs pozulub: Azərbaycan tərəf bir avtomobilin vurulduğunu deyir