ABŞ və İran arasında Lozannada əldə olunmuş razılıq dünya siyasi düzəninə, əsasən də yaşadığımız bölgəyə yeni siyasi rəng gətirəcək. Bu, şübhəsizdir. Ancaq prosesin gerçəkləşməsinə əngəl yaradan amillər də yox deyil. Professor Cəmil Həsənli ilə söhbətimizdə sual yaradan məqamlara cavab almağa çalışdıq.
–
Cəmil müəllim, İran İslam Respublikası 30 ildən çox şeytan adlandırdığı ABŞ-la razılaşdı. Əldə olunan razılaşma bölgədə olan riskləri azaldacaqmı?
– Əvvəla, Lozanna razılaşması tarixi hadisədir. Ötən əsrin 70-ci illərinin sonundakı hadisələrə diqqət yetirsək, İran İslam İnqilabının anti-Amerika şüarları ilə başladığını görərik. Həmin illər İran şahı Amerikanın ən yaxın müttəfiqi idi. O zaman Amerika səfirliyinin mühasirəyə alınması və diplomatların girov götürülməsi zamanına diqqət yetirsək böyük tarixi mərhələnin arxada qaldığını görərik. Amerika səfirliyini mühasirəyə alan gənclərin çoxu İranda vəzifələrdədir, hətta keçmiş prezident Əhmədi Nejat ön sıralardaydı. Dünyada hadisələr elə məqama gəldi ki, həm İran ABŞ-a qarşı öz iddialarından geri çəkildi, həm də Amerika mövcud vəziyyətlə barışmaq məcburiyyətində qaldı. Bu, dünya siyasi hadisələrinin məntiqi yekunundan ibarət idi. Söhbət Rusiyanın təklənməsi və Avropanın şimal qonşumuzun enerji siyasətindən xilas olunmasının məntiqi yekunundan gedir. Şübhəsiz ki, Rusiyanın İran kimi müttəfiqini itirməsi və hər zaman Moskvanın Tehran vasitəsilə Qərbi təhdid etməsi unudulmayıb, bu alətin artıq əldən çıxması bölgədə həm demokratiyanın inkişafına təkan verəcək, həm də sülhün və sabitliyin olmasına gətirəcək. Nəhayət, Azərbaycan hakimiyyətinin uzun müddət “bizi sendviç kimi hər tərəfdən sıxırlar” məşhur tezisinin bir mexanizmi sıradan çıxır. Ona görə İran-ABŞ razılaşması bölgədə ciddi dəyişikliklərə təkan verəcək. Mən bir məqama toxunmaq istəyirəm, Amerikada strateji mərkəzlərdə və universitetlərdəki müzakirələrə diqqət yetirsəniz, görərsiniz ki, son 2 ildə yalnız Vudro Vilson mərkəzində elə bir ay olmayıb ki, İranla bağlı müzakirələr keçirilməsin. Bunlar hamısı hazırlıq mərhələsiydi ki, nəticələrini indi görürük.
–
Ancaq bəzi detallar var ki, razılaşmanın gerçəkləşməsinə əngəl yarada bilər. Birincisi, İsrail razılaşmanın əleyhinədir. İkincisi, Türkiyə və Rusiya məmnun deyillər, çünki hər iki dövlətin rolu azalacaq. Nəhayət, İran daxilində mühafizəkarlar, Amerika Konqresində isə respublikaçılar Vaşinqton-Tehran münasibətlərinin normallaşmasını istəmir. Bu faktorları necə sıradan çıxara bilərlər?
– Bəli, risklər çoxdur və bunları nəzərə almaq lazımdır. İranla Qərb arasında ziddiyyətlərin dairəsi o qədər böyükdür ki, Lozanna razılaşması çoxu üçün inandırıcı gəlmədi. Amma bütün hallarda bir şeyi nəzərə alın: İran xalqının xarici işlər nazirini necə qarşıladığını gördünüz. Məhəmməd Cavad Zərif vətənə qayıdanda Tehranda bir coşqu vardı, sanki İranın futbol komandası dünya çempionu olmuşdu. Düzdür, mühafizəkarlar prosesin əleyhinədir, yaxud məmnun deyillər, amma ortada xalq var və o, bu razılaşmaya tərəfdardır. Diqqət yetirdinizsə, prezident Həsən Ruhaninin iki təşəkkürü oldu, biri Xamneyiyə, o biri isə prosesi dəstəklədiyinə görə İran xalqına oldu. Bilirsiniz, İran təcridolunma prosesindən bir az bezib, qapalılığın siyasi, iqtisadi və mədəni həyata gətirdikləri çətinliklər göz önündədir. İran enerji məhsullarını dünya bazarına çıxarıb, onun gəlirləri hesabına iqtisadi dəyişikliklərə nail olmaq istəyir. Hesab edirəm ki, İran daxilən gözlənilən proseslərə hazırdır. Bir sıra amerikalı dostlarım sonuncu prezident seçkiləri ərəfəsində proqnozlaşdırırdılar ki, daha mühafizəkar olan Cəlili seçiləcək. Amma bu gözləntilərin əksinə olaraq Ruhani prezident seçildi.
–
O zaman İranın Qorbaçovunun hakimiyyətə gəlsiyini düşünmək olarmı?
– Mən Ruhaninin Qorbaçov olduğunu deməzdim. O, SSRİ-nin ilk və sonuncu prezidentindən daha ağıllı adamdır. Hesab etmirəm ki, Ruhaninin Qərblə yaxınlaşma siyasəti İslam rejiminin dağılmasına aparır. Çünki islam fiqurlarından biri elə Ruhani özüdür. Amma o, Qərb təhsillidir. Nəzərə alın ki, Xomeyni üçün imam titulun birinci səsləndirən Ruhani olub. 1977-ci ilin noyabrında Xomeyninin böyük oğlu Mustafanın dəfn mərasimindəki çıxışında bu barədə danışıb. Sonra bu ideya İranda geniş yayıldı. O, sonradan SAVAK təqiblərindən Fransaya qaçaraq canını qurtara bildi. Xomeynidən az sonra Tehrana qayıtdı.
–
Bəs Qərb təhsilli Ruhani İrandakı xalqların mədəni müstəqilliyinə dəstək verəcəkmi?
– Bu, bir az çətin sualdır, milli məsələ ilə bağlı Ruhaninin nəsə edəcəyini düşünmək çətindir. Ancaq onun götürdüyü xətt İranın demokratikləşməsinə hədəflənib. İran demokratikləşsə, növbəti mərhələdə müəyyən hüquqların verilməsi məsələsi də gündəmə gələ bilər.
–
Yenidən əvvəlki sualıma qayıdıram: Şahın deviriməsi əslində Türkiyəni məmnun etdi, çünki bölgədə Vaşinqtonun müttəfiqi Ankara oldu. Bu mənada Türkiyə və Rusiyanın bu proseslərdə rolu necə olacaq? Xüsusən də razılaşmanın qəti əleyhdarı İsrail…
– İsrailin Amerika üçün çox önəmli dövlət olduğunu nəzərə almalıyıq. Amma bunlara baxmayaraq İsrailin rəyi nəzərə alınmadı. Çünki ortalıqda daha qlobal məsələlər var. Mən uzun bir dövr üçün Avropanı Rusiyanın enerji diktəsi siyasətindən xilas etməyi nəzərdə tuturam. Hətta bu, o qədər böyük siyasətdir ki, İsrail kimi yaxın müttəfiqin rəyi nəzərə alınmadı. Əslində, bu, ABŞ-ın böyük oyunçu olmaq iddialarından irəli gəlir. Ona görə də Türkiyənin, Rusiyanın prosesin əleyhinə olması müəyyən məsələləri yubada bilər. Ancaq İranın yeni bir güc kimi beynəlxalq aləmə daxil olduğunu nəzərə almalıyıq.
–
Həm də bölgənin siyasi düzəni dəyişir, Rusiyanın və Türkiyənin çəkisi azalır?
– Şübhəsiz. Çünki İran dünya siyasətinə boş əllə yox, enerji ehtiyatları ilə daxil olur. Hansı ki, Qərbin buna böyük ehtiyacı var. 2011-ci illə müqayisədə 2013-cü ildə İranın neft satışı yarıbayarı aşağı düşmüşdü. İran 2011-ci ildə beynəlxalq aləmə sutkada 2,5 milyon barrel neft verirdisə, 2013-cü ildə 1,5 milyon barrel verməli oldu. Bu gün İranın yığılıb qalan neft və qaz ehtiyatları var, bunları dünya bazarına daşınması enerji qiymətlərinə çox böyük təsir edəcək. Yəni birinci mərhələdə qiymətlər enəcək. Düzdür, bir sıra beynəlxalq şirkətlər neft qiymətlərinin enməsi ilə bağlı daha ağır proqnozlar verirlər. Məsələn, 10-20 dollar fikirlərini ictimai müzakirələrə gətirirlər. Hər halda mən neftin qiymətinin 40 dollardan aşağı düşməyəcəyi qənaətindəyəm.
–
Mövcud vəziyyətdə Azərbaycan dövlət başçısı İlham Əliyev İranın Yəməndə dəstəklədiyi husiləri bombalayan Səudiyyə Ərəbistanına səfər etdi. Bir çoxu səfərin iqtisadi səciyyə daşıdığı fikrindədirlər, siz səfəri iqtisadi və geosiyasi baxımdan necə izah edərdiniz?
– Əlbəttə, səfər daha çox iqtisadi amillər üzərində qurulub. Amma bu, hamısı deyil, səfərin siyasi tərəfi də var.
–
Nədən ibarətdir siyasi tərəfləri?
– Siyasi tərəf ondan ibarətdir ki, yəhudi lobbisi artıq Azərbaycan hakimiyyəti üçün əvvəlki rolu oynaya bilmir. İndi Amerikaya daha yaxın strateji müttəfiqin vasitəsçiliyinə ehtiyac hiss olunur. Ola bilsin ki, Səudiyyə Ərəbistanı bu funksiyanı yerinə yetirə bilər. Yəni ABŞ-la Azərbaycan hakimiyyəti arasında yaranmış etimadsızlığın aradan qaldırılmasında Səudiyyə Ərəbistanı vasitəçilik rolunu oynaya bilər. Heç kəsə sirr deyil ki, Səudiyyə Ərəbistanı Yaxın Şərqdə təxminən ABŞ-ın İsrailə bərabər bir müttəfiqidir.
–
Ancaq Amerikanın İranla razılaşmaya getməsi müəyyən qədər Səudiyyə Ərəbistanının da maraqlarına ziddir…
– O amil var. Amma Səudiyyə Ərəbistanının Yəməndəki hadisələrə müdaxiləsi bilavasitə təhlükəsizlik məsələsidir. İranla ABŞ-ın münasibətlərinin normallaşması bütövlükdə regiona etimadlı sülhün gəlişi təminatını verir. Çünki İranın nüvə təhqiqatları nəinki Orta və Yaxın Şərqə, eyni zamanda Qafqaza təhlükə amiliydi. İndi bu amilin aradan qaldırılması, İranın uranın zənginləşdirməsindən imtina etməsi bütövlükdə Tehranın nüvə silahından imtinası deməkdir. Bu, bütövlükdə regiona etibarlı və etimadlı sülhün gəlməsinə xidmət edir. İran bu prosesdə praqmatik siyasət yürütdü. İranın zənginləşdirməsindən imtina etməklə Qərbin etimatın qazana bildi. Əgər proses iyunun sonuna qədər davam etsə, bu, bütövlükdə Yaxın Şərqin sabitlik və inkişafına xidmət edəcək. Əlbəttə, Ankara gedişatdan müəyyən qədər əndişələnir, amma gedişat Türkiyə siyasi rolunu azaldacağını deməzdim. İran neftinin Avropa bazarlarına çıxarılması bəlkə də Türkiyənin payına müəyyən təsir göstərəcək, ancaq bütövlükdə bölgədə qardaş dövlətin önəmin azaltmayacaq.
–
Bütövlükdə Azərbaycanın siyasi, iqtisadi, geosiyasi baxımdan bölgədə yeri necə olacaq?
– Əvvəla, ölkədə islahatlar aparılması qaçılmaz olur. Artıq öz geosiyasi vəziyyətimizlə hakimiyyət Qərbi inandıra bilməyəcək ki, İranla Rusiyanın arasında olduğumuzdan demokratiya tələb etməyin. İran özü üçün böyük demokratik açılıma imza atdı. Bundan sonra dünyanı islam fundamentalizmi ilə təhdid etmək mümkün olmayacaq. Hesab edirəm ki, Azərbaycan demokratik və iqtisadi islahatlara başlamalıdır. Xüsusən özünün qeyri-neft sektorun yaratmalıdır. Neft pullarına ümid olub prosesi indiki formada aparmaq mümkün deyil. Qeyri-neft sektoru Azərbaycan üçün nəqliyyat sektoru ola bilərdi. Səudiyyə Ərəbistanında aparılan danışıqlarda kənd təsərrüfatına ərəb kapitalının qoyulması mühüm olub. Əslində Azərbaycan hakimiyyəti normal iqtisadi siyasət aparsaydı, kənd təsərrüfatı dirçəlmiş durumda olmalıydı. Ancaq qanunsuz idxal ona gətirdi ki, min illər boyu torpağın hesabına yaşayan Azərbaycan kəndlisi bu gün torpağa gəlir mənbəyi kimi baxa bilmədi. Genetik kodu modifikasiya edilmiş ucuz məhsullar Azərbaycan bazarına daxil olması kənd təsərrüfatının daxili istehsalını öldürdü. İndiki halda bazarın yerli məhsulların təmin edilməsindən ötrü normal iqtisadi islahatlar aparılmalıdır. O cümldən, Qərblə, ABŞ-la normal münasibətlər qurulmalı, insan haqlarına hörmətlə yanaşılmalıdır.
–
Ərəbə üz çevirən hakimiyyət buna gedəcəkmi?
– İslahatlar qaçılmazdır, ölkədə ədalətli düzən olmalıdır. Ümumiyyətlə, siyasi məhbus yaratmaq ənənəsindən uzaqlaşmaq lazımdır. Siyasi məhbusların varlığı Azərbaycana demokratik və iqtisadi baxımdan hörmət gətirmir. Söhbətimizdə nəqliyyat sektoruna toxundum. Təsəvvür edin, Qərb-Şərq yükdaşımalarının cəmi 4 faizi Azərbaycan üzərindən keçir, halbuki, neft gəlirlərinin fonunda bu ikinci sahəydi ki, onun bazasında qeyri-neft sektoru yaradıla bilərdi. Amma beynəlxalq yükdaşıma şirkətləri 2-3 min kilometr artıq yol getməyə razı olurlar, Azərbaycandan keçməyə yox. Çünki sərhəd məntəqəsindən gömrüyə, polisə, vergisinə qədər hamı onları soyur. Həmin şirkətlər isə 10 günə yükü çatdırmalıdırlar. Bu cür gedişatla nəqliyyat sektorunu inkişaf etdirmək olmaz. Gözümüzün önündəki Dubay bir amil üzərində dayanıb: Nəqliyyat sektorunun qurulması və beynəlxalq yükdaşımalarının mərkəzinə çevrilməsi. Yaxud kiçik və orta biznes inkişaf etdiriməli, iqtisadiyyat üzərində nəzarət götürülməlidir. Təhsil və səhiyyədə köklü dəyişikliklər həyata keçirilməlidir. Düzdür, Səudiyyə Ərəbistanına səfər krallıq cəmiyyətinə daxili maraq yarada bilər. Fikir verin, Azərbaycan televiziyaları uzun müddətdir Şərq mentaliteti üzərində düşünülmüş təbliğat aparırdı. Bir Qərb dəyərlərinin təbliğatçısı ilə Şərq dəyərlərinin tərəfdarı televiziyaya çıxarılanda iş elə qurulurdu ki, ikinci tamaşaçının gözündə qalib kimi görünürdü. Dubay rəsmilərinin Bakıya gəlişi, Səudiyyə Ərəbistanına səfər bunların nəticəsidir. Amma məsələ bundadır ki, kral quruluşunu yaşayan Səudiyyə Ərəbistanı Azərbaycandan daha demokratikdir və neft gəlirlərinin bölünməsindəki ədalət orda daha nizamlıdır.