”Yazırlar ki, deputatlar ayda bir-iki dəfə yığışır, iş görmürlər”

Yevda Abramov: “Təkcə Oqtay Əsədovun gördüyü iş bir komitənin gördüyü işə dəyər”

Source:
Deputat Yevda Abramov
Deputat Yevda Abramov


Yevda Abramov: “Təkcə Oqtay Əsədovun gördüyü iş bir komitənin gördüyü işə dəyər”

“Bəzən mətbuatda yazırlar ki, deputatlar ayda bir-iki dəfə yığışır, iş görmürlər”. Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Yevda Abramov belə deyib. O qeyd edib ki, komitənin hesabatından da nə qədər iş görüldüyü açıqlanıb.

“Özünüz də gördünüz ki, nə qədər iş görülüb. Təkcə Milli Məclisin sədri Oqtay Əsədovun gördüyü iş bir komitənin gördüyü işə dəyər. Bəzən bunu jurnalistlər görmürlər və elə bilirlər ki, ayda iki-üç dəfə parlamentin plenar iclasında otururuq, başqa işimiz yoxdur” – deyən deputat vurğulayıb ki, Milli Məclisdə qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində böyük işlər görülür.

Soruşurlar ki, Hadi Rəcəblinin qəbuluna gəlmisiniz, deyirlər, yox, yəhudi deputatla görüşmək istəyirik

Y.Abramov əlavə edib ki, jurnalistlər Milli Məclis komitələrinin hesabatları ilə yaxından tanış olmalıdırlar ki, həqiqəti bilsinlər: “Mən öz işimlə bağlı danışıram. Daim seçicilərlə işləyirəm. Hərdən görürəm ki, Milli Məclisin qarşısında insanlar gəlib, onlardan soruşurlar ki, deputat Hadi Rəcəblinin qəbuluna gəlmisiniz? Deyirlər, yox, yəhudi deputatla görüşmək istəyirik. Mən də çalışıram ki, iki-üç kəlmə xoş sözlər deyib, o insanların könlünü alım, probleminə kömək edim.Bu, mənə də xoşdur, həm də o deməkdir ki, biz işləyirik. Bizim fəaliyyətimiz görüntü xarakteri daşımayıb. Qoy, bunu jurnalistlərimiz də bilsin. Biz onun üçünük ki, xalqın dərdinə yanaq, onun problemlərini yüngülləşdirək. Təbii ki, mən heç vaxt öz işimdən, fəaliyyətimdən razı qalmamışam, hesab edirəm ki, daha çox işləməliyəm. Amma biz komitə olaraq işləyirik, bu, göz önündədir”.

Məbuat Şurasının sədri də jurnalislərini tənqid edib

Mətbuat Şurasının sədri, deputat, Əflatun Amaşov bildirib ki, Milli Məclisdə baş verənlər ölkə ictimaiyyətinə olduğu kimi təqdim olunmur:

“Milli Məclisdə istər plenar iclaslar, istərsə də komitə iclasları olsun, kifayət qədər açıq və şəffaf keçirilir. Mən hələ bu vaxta qədər hansısa deputatın sözünün kəsildiyinin şahidi olmamışam. Milli Məclisdə baş verənlər ölkə ictimaiyyətinə olduğu kimi təqdim olunmur. Parlamentdə istənilən deputat istədiyi problemi qaldıra bilir və hamı da bunu dinləyir, rəhbərlik də etiraz etmir. Cəmiyyətə doğru informasiya vermək lazımdır. İstər sosial şəbəkələrdə, istərsə də ayrı-ayrı müəlliflərin yazılarında Milli Məclislə bağlı dolğun məlumatlar Azərbaycan cəmiyyətinə çatmır. Azərbaycan mediası Milli Məclislə əlaqələri daha da möhkəmləndirməli və parlamentin nəyə qadir olduğunu Azərbaycan cəmiyyətinə çatdırmalıdır”.

Bahar Muradova foto: Azərtac
Bahar Muradova foto: Azərtac

Bahar Muradova: Hansı sənəd üçün yazılı cavab istəyiriksə, onu da alırıq

İclasda Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova ötən sessiyada komitə tərəfindən görülən işlərin hesabatını təqdim edib. Onun sözlərinə görə, yaz sessiyası ərzində komitənin 6 iclası keçirilib, 10 məsələ müzakirə edilib, 8 qanun layihəsi, o cümlədən Ombudsmanın illik məruzəsi və s. layihələr parlamentin plenar iclasına tövsiyə edilib: “Ötən sessiyada “Konstitusiya Məhkəməsi haqqında”, “KİV haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və digər qanun layihələrinə əlavə və dəyişikliklər edilib”.

Bahar Muradova bildirib ki, yaz sessiyasında 506 məktub aidiyyatı qurumlara göndərilib. O, Milli Məclisin göndərdiyi sənədlərə baxılmaması ilə bağlı iddialara da münasibət bildirərək deyib ki, göndərilən sənədlərə cavab verilməməsi ilə bağlı deyilənlər doğru deyil:

“Biz sənədlərin bir çoxunu aidiyyatı üzrə baxılması üçün təşkilatlara göndəririk. Həmin sənədlərə baxılır və vətəndaşlara məlumat verilir. Hansı sənəd üçün yazılı cavab istəyiriksə, onu da alırıq. Məsələn, göndərdiyimiz 506 məktubdan 93-ü nəzarətə götürülüb. Onların da 81-nə yazılı cavab alınıb. Bütün bu məsələlər müsbət həll olunur. Ümumilikdə isə 506 sənəddən 270-nə baxılıb”.

Müzakirələrdə çıxış edən deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, daxil olan şikayətlərin əksəriyyəti hüquq-mühafizə orqanları ilə bağlıdır. O qeyd edib ki, Milli Məclis və qurumlarla işlər gücləndirilməlidir. Deputat hesab edir ki, vətəndaşların da hüquqi maarifləndirilməsinə ehtiyac var.

Ana səhifəXəbərlər”Yazırlar ki, deputatlar ayda bir-iki dəfə yığışır, iş görmürlər”