Növbəti prosesdə prokuror Əziz Kərimzadəyə iş istəyəcək
Aprelin 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Əziz Kərimzadə yazıçı Fərman Kərimzadənin oğludur.
Meydan TV-nin məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Proses aprelin 12-də davam etdiriləcək. Həmin gün prokuror Ə. Kərimzadəyə cəza istəyəcək.
Əziz Kərimzadə 4 vətəndaşdan 60 min manatdan çox pulu dələduzluq yolu ilə almaqda günahlandırılır. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.
Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Əziz Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib.
2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.