Yazıçı üçün vicdan və fikir azadlığı xüsusilə vacibdir

İvan Buninin “Nobel nitqi”

Source:
İvan Bunin
İvan Bunin

1933-cü ildə “rus klassik nəsrinin ənənələrini inkişaf etdirərkən göstərdiyi sərt ustalığına” görə rus yazıçısı İvan Bunin ədəbiyyat üzrə Nobel mükafatına layiq görülür. Mükafat kimi təqdim olunmuş pulu alan Bunin həmin 120 min frankı ədəbiyyatçılara və mühacirlərə yardım məqsədilə xərcləyir. Oxu Zalı İvan Buninin “Nobel nitqi”ni təqdim edir.

“Əlahəzrət, hörmətli xanımlar və hörmətli cənablar!

İsveç akademiyasının qərarını telefon mənə noyabrın 9-da, uzaq-uzaq bir məmləkətdə, qədim əyalət şəhərində, yoxsul kəndli evində xəbər verdi. Əgər belə vəziyyətlərdə hamının dediyi kimi “bunun həyatım boyu keçirdiyim ən güclü təəssürat” olduğunu desəm, qeyri-səmimi olaram. Dahi filosof düz deyir ki, hətta ən nadir gələn sevinc hissi belə kədər hissi ilə müqayisədə heç bir əhəmiyyət daşımır. Silinməz xatirəsini həmişəlik qoruyacağım bu bayrama kölgə salmağı qətiyyən arzulamıram, amma yenə də cəsarət edib deyirəm ki, son on beş ildə yaşadığım kədər sevinclərimdən qat-qat çoxdur. Və onlar şəxsi kədər anları olmayıb – qətiyyən yox! Lakin bir şeyi də əminliklə deyə bilərəm ki, yazıçılıq həyatım boyu yaşadığım bütün sevinclərin arasında müasir texnikanın bu balaca möcüzəsi, Stokholmdan Grassa edilən bu zəng yazıçı kimi məni tamamilə xoşbəxt etdi.

Sizin böyük həmvətəniniz Alfred Nobel tərəfindən təsis olunmuş bu mükafat yazıçı əməyinin ən yüksək təsdiqidir!

Şöhrətpərəstlik, demək olar ki, hər insana və hər müəllifə xasdır və mən bu qədər peşəkar və tərəfsiz münsiflər tərəfindən bu mükafata layiq görülməyimlə son dərəcə fəxr edirəm.

Noyabrın 9-da mən təkcə özüm haqqındamı düşündüm? Xeyr, bu, böyük xudbinlik olardı. Ilk təbriklər və teleqramlar axınının yaratdığı həyəcanı coşqunluqla yaşayandan sonra gecənin səssizliyi və yalqızlığı içində İsveç akademiyasının bu addımının dərin anlamı haqqında fikirəşirdim.

Nobel mükafatı təsis olunandan bəri ilk dəfə siz onu mühacirə təqdim etdiniz. Zira mən kiməm? Fransanın qonaqpərvərliyindən istifadə edən mühacir. Buna görə Fransaya da hər zaman minnətdar olacağam.

Cənab Akademiya üzvləri, icazə verin, şəxsən özümü və əsərlərimi br kənara qoyaraq sizin bu jestinizin özlüyündə necə gözəl olduğunu söyləyim.

Dünyada tamamilə müstəqil sahələr mövcud olmalıdı. Şübhəsiz ki, bu masanın ətrafında hər fikrin, hər fəlsəfə və dini inancın nümayəndələri əyləşiblər. Lakin bizi birləşirən sarsılmaz bir bağ var: bu sivilizasiyamızı borclu olduğumuz şeylər – vicdan və fikir azadlığı. Yazıçı üçün bu azadlıq xüsusilə vacibdir- onun üçün bu, ehkamdır, aksiomadır.

Cənab Akademiya üzvləri, sizin bu jestiniz bir daha sübut elədi ki, İsveçin əsl dini kultu azadlıq sevgisidir.

Bu kiçik nitqi yekunlaşdırmaq üçün daha bir neçə kəlmə.

Mən sizin kral evinizə, ölkənizə, sizin xalqınıza, ədəbiyyatınıza bu gündən qiymət verməyə başlamamışam. İncəsənətə və ədəbiyyata sevgi İsveç Kral Evi üçün hər zaman ənənə olub, o cümlədən sizin bütün alicənab millətiniz üçün də. Qəhrəman cəngavər tərəfindən əsası qoyulmuş İsveç sülaləsi dünyanın ən şöhrətli sülalələrindən biridir.

Əlahəzrət kral, cəngavər xalqın cəngavər kralı, İsveç akademiyasının diqqətinə layiq görülmüş yadelliyə, azad yazıçıya icazə verin, sizə səmimi və hörmətli hisslərimi yetirim!”.

(Oxu zalı)

Ana səhifəXəbərlərYazıçı üçün vicdan və fikir azadlığı xüsusilə vacibdir