Yazıçı Rafiq Tağının qətlindən 5 il ötür

Beş il öncə, 2011- ci ilin 23 noyabrında yazıçı, publisist, həkim Rafiq Tağı aldığı bıçaq yarasından sonra xəstəxanada dünyasını dəyişib. Onun ildönümündə ailəsi ilə bərabər gənc fəallar, jurnalistlər və siyasi liderlər anım mərasiminə qatılıblar. Məzarı üstdə toplaşanlar mərhum yazıçı haqqında öz fikirlərini və xatirlərini bölüşüblər. Tədbiri açan “NİDA” Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbər yazıçının qətlində hazırki hakimiyyətin əli olduğunu vurğuladı.

Mərhumun qardaşı İlqar Tağı bildirib ki, insanların hər ildönümündə onların yanında olması ailəyə təsəllidir: “Mən müşahidə edirəm ki, Rafiqin əsl dəyəri zaman-zaman daha çox bilinir və kütləvi hala çevrilir. Artıq mən görürəm ki, təkcə mənim qardaşım deyil, həm də bəşəri insandı”.

“Rafiq bəyi mən uzun illərdir tanıyırdım. Əvvəlcə yazıçı kimi tanıyırdım. Daha sonra şəxsən tanıdım. O, həddindən artıq mehriban, mədəni, həlim və yuksək səviyyəli ziyalı idi. Amma yazanda Azərbaycan ədəbiyyatının və publisistikasının aslanlarından birinə dönürdü” – bu sözləri isə Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər dedi.

“Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev də fikirlərini bildirdi:

“Rafiq Tağı ən müxtəlif dövrlərdə Azərbaycanda hadisələrə, proseslərə, tariximizə rasional düşüncənin hakim kəsilməsi ugrunda mübarizə aparan gorkəmli ziyalılarımızın davamçılarından biri idi. Fikir adamı idi və fikirlərini dəqiq ifadə edə bilirdi. Təsadüfi deyil ki, fikirlərini çox dəqiq ifadə etdiyinə gorə də adekvat münasibətlə qarşılaşdı”.

İctimaiyyət nümayəndələrinin çıxışlarından sonra anım mərasimi yekunlaşıb.

Ana səhifəVideoYazıçı Rafiq Tağının qətlindən 5 il ötür