Yazıçı Anar: Vacib deyil ki, növbəti qurultaya qədər qalım…

Yazıçı Anar: Vacib deyil ki, növbəti qurultaya qədər qalım…


“Yaxşı ki, deputat olmuşam, ordan pensiya alıram, o da olmasaydı, dolana bilməzdim”


Ötən həftə Azərbaycan Yazıçılar Birliyində (AYB) kadr dəyişiklikləri ilə yadda qaldı. Dəyişiklərin zərurətdən irəli gəldiyini və daha çox oktyabrda gözlənilər qurultayla bağlılığını söyləyənlər var.

Bu və digər məsələlər barədə suallara AYB-nin sədri yazıçı Anardan cavab almağa çalışdıq.


– Anar müəllim, Azərbaycan Yazıçılar Birliyində yeni təyinatlar oktyabrda keçiriləcək qurultaya hazırlıq sayıla bilərmi?

– Bir növ sayıla bilər və bu, bizim daima tutduğumuz yolun davamıdır. Mən 1987-ci ildə birliyin sədri seçildim, bir il sonra cavan oğlan olan Çingiz Abdullayevi katib gətirdim. Ondan sonrakı illərdə yenə o vaxt cavan oğlan olan Arif Əmrahoğlunu katib təyin etdim, ardınca Rəşad Məcid. Son illər bizə ağır itkilər oldu, birliyin birinci katibi, xalq şairi, mənim dostum Fikrət Qoca vəfat etdi, sonra Nazim İbrahimov. Arif Əmrahoğlu da ondan əvvəl rəhmətə getmişdi. İndi biz qurultayöncəsi boş qalan yerləri doldurmalıydıq. Katibləri qurultay seçir, ona qədər onlar katib vəzifəsini icra edənlərdir. Ona görə də Çingiz Abdullayev birinci katib, Rəşad Məcid mənim müavinim vəzifəsini icra edəcək. İlqar Fəhmi, Elçin Hüseynbəyli katib vəzifələrində olacaq. Hər birinin öz funksiyaları var və hərəsi bir sahəyə baxır. Hamımız bir yerdə oktyabr, yaxud noyabr ayı üçün qurultaya hazırlıq işlərinə başlamışıq.


– Qurultay virtual olacaq, yoxsa…?

– Qurultay 2019-cu ildə keçirilməliydi, ancaq pandemiya səbəbindən gecikdik. Bilirsiniz, qurultaya hazırlaşmaq lazımdır, məruzələr olmalı, nümayəndələr seçilməlidi, hamısı vaxt tələb edir. Biz hazırlıq işləri aparmışdıq, sonra pandemiya başladı, ona görə işlər dayandı. Güman edirəm, virus oktyabra qədər bizdən əl çəkəcək, onlayn yox, normal qurultay kimi keçiriləcək. Yox, əgər olmasa, gərək onlayn keçirək.


– Məlum pandemiya səbəbindən qurultayın gecikdiyini dediniz. Sonuncu qurultaydan 7 il ötüb. Ötən 7 ildə Yazıçılar Birliyində hansı dəyişiklikləri sadalaya bilərsiniz?

– Yazıçılar Birliyində nə dəyişməlidir? İş davam edir, jurnalları, qəzetləri çıxır, Gənclər və Ağsaqallar şuraları fəaliyyət göstərir, 14 filialının hamısı yerindədir. Yalnız bir şey olmayıb – pandemiya səbəbindən müxtəlif təqdimatlarımız, yubileylər baş tutmayıb.


– Zamanında birliyə qarşı ittihamlardan biri üzvlərinin çox olması idi, bəs 7 ildə bu yöndə hansı dəyişikliklərə getdiniz?

– 2 ildir saxlamışıq, üzv qəbul etmirik. 200 ərizə var, amma qərara gəldik ki, qurulaya qədər üzv qəbul etməyək. Qurultayda nizamnaməyə elə bir təklif ola bilər ki, gələcəkdə üzvlüyü tənzimləsin. Mən də bilirəm ki, üzvlərimiz çoxdur.


– Artıq 80 yaşı haqlamısınız…

– Az qalıb, amma bir az var.


– Bu mənada siz də sələfiniz İsmayıl Şıxlı kimi 34 il əvvəl yerini gənclərə verib sakitcə Yazıçılar Birliyini tərk etdiyini təkrarlaya bilərsinizmi?

– Mən heç kəsi təkrarlamıram. İsmayıl müəllimə çox böyük hörmətim var, bizim böyük yazıçımızdır, amma Yazıçılar Birliyinin rəhbəri kimi bircə il işlədi, əvvəl birinci katib idi, sədr Mirzə İbrahimov idi. Həmin 1 ildə onun şəkər xəstəliyi artdı, vəziyyəti ağırlaşdı, özü ərizəsiylə istefa verdi. Mən də təklif etdim ki, İsmayıl müəllim qalıb işləsin, özüm də Rəyasət Heyətinin üzvü idim, iclasda hamımız qalıb işləməsi təklifini verdik, amma o, qəti qərar verdi ki, gedir, ona görə getdi. Və mən səhhətimdən şikayət etmirəm.


– 1987-ci ildə sizin 49 yaşınız vardı, indi Rəşad Məcidin 56, Elçin Hüseynbəylinin 59 yaşı. Onları necə, sədrlikdə görürsünüzmü?

– Mən çox adamı görürəm, amma indi heç kəsin adını çəkmək istəmirəm. Niyə əvvəldən bu barədə danışım?! Hələ mən işləyirəm.


– Bəs qurultayda alternativ olaraq hansısa namizəd ola bilərmi?

– Qurultayda mən namizədliyimi verəcəm. Vacib deyil ki, növbəti qurultaya qədər qalım, bəlkə arada plenum oldu, getdim. Amma mən qalmağımı niyə istəyirəm, sədr kimi gələndə birliyin Şüvəlanda yaradıcılıq evi vardı, hadisələr zamanı həmin binada qaçqınları yerləşdirdik və bu müddətdə bina pis günə düşdü. Mən hörmətli prezidentimizə müraciət etdim, vəsait ayırıb, yenidən onu bərpa edəcəyik, bina sökülüb yenidən tikiləcək. Ondan başqa yenə də hörmətli prezidentimizə müraciət etdim, o bir sahə ayırdı, orda yazıçılara ev tikəcəklər, yəni bir şirkət ev tikəcək, onun da 20 faizini yazıçılara verəcəklər. İstəyirəm bu işləri tamamlayım, yəni mən gələndə yaradıcılıq evi vardısa, yenə də onu hazır təhvil verim. Ümumiyyətlə, bu illərdə 100-dən artıq yazıçıya mənzil vermişəm, bir hissəsi SSRİ dövründə olub, onda daha asan idi, amma sonrakı dövrdə xahişlə bir dəfə 10 mənzil, növbəti il 5 mənzil ayrılıb. İndi də bir neçə yazıçımızın ehtiyacı var, ona görə istəyirəm dediyim binanı da tamamlayaq, ondan sonra plenum olar, deyərəm xudafiz, hamı da dincəlsin, mən özüm də dincəlim.

– Anar müəllim, hər il 35 yaşa qədər gənc yazıçı-şairə 200 manat, 35-dən yuxarı yazarlara 300 manat təqaüd verilir. Ancaq təqaüdü alanların siyahısı dərc olunmur və bu, sosial şəbəkələrdə, mətbuatda müxtəlif söhbətlərə şərait yaradır. Olmazmı, siyahını dərc edəsiniz və bununla söhbətlərə son qoyasınız?

– Olar, niyə olmur! Nə söhbət ola bilər ki?! Bilirsiniz, istəyirsiniz bu hissəni efirə verin, ya da verməyin…


-Buyurun.

– Bizim camaatda belə bir xasiyyət var, 50 yerdir, amma 200 ərizə var, indi necə edək? 50-nə təqaüd verəndə o birilər deyəcək ki, yəqin bunlar tanışlıqla alıb, nə bilim, cürbəcür iyrənc söhbətlər. Bu məsələ müzakirədən keçir, tək mən qərar vermirəm, açıq deyilir ki, filankəsin ehtiyacı var. İkinci, bu təqaüdlər ehtiyaca görə yox, yaradıcılığa görə verilir. Ona görə verilir ki, yaxın bir ildə beynin maddi qayğılardan azad olunsun, bir əsər yazılsın. Amma bura gələnlər nə deyirlər, mən xəstəyəm, ailə durumum ağırdır, ölənim var, iraq olsun, yəni bu təqaüdü ictimai təminat sisteminə döndərirlər. Halbuki, bu, ictimai təminat deyil.


– Ona görə söz-söhbət yayılır ki…

– Söz-söhbət odur ki, biri gəlib “mən bunu almasam, öləcəm” deyir. Cavab verirəm ki, ay qardaş, indiyə qədər yaşamısan, bir ildən sonra yenə yaşayacaqsan da, niyə bu bir il sənin üçün belə əhəmiyyətlidir? Çoxusu da hikkəylə gəlir. Bilirsiniz, bu 34 ildə mənim çıxartdığım nəticə odur ki, birinə təqaüd verirsən, beşi küsür, beşinə edirsən, on beşi iddialı olur. Heç bir şey etməyəndə, hamı sakitdir. Peşmansan birini təqaüdə təqdim edəsən. İndi də bax bu katiblər, 4 yerdir, hamısını təsdiqləmişik, 14 adam gəlib ki, niyə mən olmayım, o olsun?


– Belə söhbətlər var ki, təqaüd kartındakı pulun yarısını özlərinə götürməklə müəyyən adamlara razılıq verilir…

– İndi hər axmaq söhbəti niyə efirə çıxarmaq istəyirsiniz? Bir dəfə mənə desinlər ki, filankəs pul alıb, mən o adamı çağırım, səhərisi gün işdən çıxardım.


– Ona görə siyahını dərc etmək lazımdır də…

– Siyahı guya gizlidir? Kim istəyir gəlib tanış olsun. Çap etmək lazımdırsa, onu da edərik, burda heç bir problem yoxdur.


– Anar deyəndə ilk ağıla “Beşmərtəbəli evin altıncı mərtəbəsi” gəlir. Hələ Zaur və Təhminə də. Amma Anarın “Dantenin yubileyi” ilə ədəbiyyatda qalacağını deyənlər də çoxdur. Bəs siz necə düşünürsünüz? Ümumiyyətlə, Anar “Anarın hansı yubileyi ilə” yadda qalacaq?

– Mən heç bir yubiley etməmişəm, ona görə heç biri yadda qalmayacaq. Azərbaycanda yeganə yazıçıyam ki, yubileyimi etməmişəm. Nə 50, nə 60, nə də 70 illiyimi.


– Səbəb nədir?

– Səbəb odur ki, özümə yubiley etsəm, 50-si gələcək ki, mənim səndən nəyim əskikdir ki, özünə yubiley edirsən, mənə də elə.


-Elələri də var?

– Niyə yoxdur, elə verdiyiniz suallardan görünür ki, nə qədər bədxahlar var ki, belə şeylər uydururlar.


– Yeni nəsil yazarları özlərindən əvvəlki ədəbi nəsillərin nümayəndələrini xırdaca tənqid edəndə, ya da yaradıcılıqlarında hansısa vulqar sözdən, ifadədən istifadə edəndə dərhal "tərbiyəsiz, ", "milli-mənəvi dəyərlərin" düşməni elan olunur. Bu yaxınlarda isə sizinlə eyni ədəbi nəsilə mənsub olan Hüseynbala Mirələmovun qeyri-etik görüntülərinin olduğu video yayıldı. Ancaq başda AYB Ağsaqqallar Şurasının sədri Nəriman Həsənzadə olmaqla, ağsaqqal şair-yazıçılar onun müdafiəsinə qalxdılar. Bu təzadı necə izah edirsiniz?

– Bilirsiniz, yeni nəsil tənqid etsə, mən hər cür tənqidi qəbul edərəm. Yazsa ki, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” zəif əsərdir, onu qəbul edərəm. Amma yazanda ki, “Anar haçan öləcək”, “mən Anarın qanını süd kimi içərdim”, “bilirəm yalan deyirəm, amma qəsdən belə deyirəm şəkəri, təzyiqi artsın”, siz bunu tənqid hesab edirsinizsə, mən susuram. Məncə, bu, tənqid deyil, söyüşdür, təhqirdir, bədxahlıqdır, tərbiyəsizlikdir. Tərbiyəsizliklə isə biz həmişə mübarizə aparacağıq. O ki qaldı Mirələmova, mən indi o işlərə qarışmıram. Mənə sual verdilər ki, onu Yazıçılar Birliyindən çıxaracaqsınız, cavab verdim ki, yox, çıxartmayacağıq, tərbiyə edəcəyik.


– Bu yaşdan sonra insan tərbiyə olunarmı?

– Niyə olmur?! Hər yaşda tərbiyə etmək olar.


– Dövlətin AYB-ni maddi və mənəvi himayə etdiyi, ona hər cür imkanlar yaratdığı halda müstəqil ədəbi təşkilatlara münasibətdə bunu görmürük. Məsələn, AYO, Azərbaycan Yazarlar Ocağı…

– O var? Dağılıb çoxdan.


– Var.

– Məncə, yoxdur, onların bəziləri gəlib bura üzv olurlar. Peşman olublar. Elə bir təşkilat yoxdur.


– Konkret kimləri deyirsiniz?

– Heç konkret ad çəkməyəcəm.


– Amma Rasim Qaraca, Seymur Baycan var…

– Lap yaxşı, olsunlar. Bilirsiniz, onlar nə deyirlər, biz dövləti söyəcəyik, siz dövləti müdafiə etdiyiniz üçün sizi də söyəcəyik, amma siz gedin dövlətdən pul alın bizə verin. Siz bu məntiqlə razısınız? Mən razı deyiləm. Biz iqtidarın yox, dövlətin tərəfindəyik, müstəqil Azərbaycan dövlətinin və həmişə də onun tərəfində olacam. Dövlətin də borcudur ki, səhiyyəyə, mədəniyyətə pul ayırdığı kimi ədəbiyyata da pul ayırsın. Ədəbiyyata ayrılan vəsait də Yazıçılar Birliyinə verilir, bizim 4 jurnalımız, 2 qəzetimiz var, özü də bunları büdcəyə salan rəhmətlik , ulu öndər Heydər Əliyev olub. Hörmətli prezidentimiz də bizim Tərcümə Mərkəzini büdcəyə saldı. Biz indi deyək ki, ay hökuməti, dövləti söyənlər, gəlin bu pulu sizə verək, sizinlə bölüşək? Burda məntiq var? Məncə, yoxdur.


– Demokratik, inkişaf etmiş ölkələrdə yaradıcı təşkilatlar qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərir…

– Ona görə də yoxdurlar, biz saxlamışıq Yazıçılar Birliyini. Rusiyada 7 yerə bölünüb, indiyə qədər də əmlak üstündə dava edirlər, Qırğızıstanda Çingiz Aytmatov kimi böyük yazıçı vardı, amma orda Yazıçılar Birliyi dağılıb, Gürcüstanda dağılıb, Ukraynada neçə yerə bölünüb. Biz bölünməmişik, bununla fəxr etmək lazımdır, bunu təqsirimiz, günahımız yox, məziyyətimiz, uğurumuz kimi qiymətləndirmək gərəkdir.


– Məsələ ondadır ki, dünyada yaradıcı birliklər hökuməti tənqid üzərində qurulur…

– Xeyr, elə deyil. Tənqid edən də var, etməyən də. Özü də niyə tənqid üzərində qurmalıdır? Deyirsiniz ki, xaricdəki yazıçılar birlikləri müstəqildir, yaxşı oranı götürək, xaricdə yazıçı bir yerdə çıxış edirsə, onun pulunu verirlər, qəzetdə köşə yazırsa, pulunu verirlər. Mən Xalq yazıçısı kimi heç bir yerdən qonorar almıram. Filmlərim televiziyada göstərilir, cüzi gəlir verirlər, çıxışlar edirəm, birindən qonorar almıram, kitablarım çıxır, o da elə, almıram. Yaxşı ki, deputat olmuşam, ordan pensiya alıram, o da olmasaydı, dolana bilməzdim. Yaxşı, kapitalizm üsuludursa, orda olan şeyləri siz də edin. Qəzetdə yazın çıxır, qonorar verək, televiziyada çıxış edirsən, qonorar verək. İndi də sizə deyirəm, söhbətə görə mənim pulumu verin, verməyəcəksiniz ki?!


– Niyə AYB-ni "Ədəbiyyat Nazirliyi" adlandırırlar?

– Axmaq adam çoxdur da, mən bütün axmaqlara cavab verən deyiləm.


– AYB və onun rəhbərliyi barədə tənqidlərin dərc edildiyi KİV-lər bu gün bağlanıb. Konkret olaraq, “Azadlıq” qəzeti bağlanıb, bundan məmnunsunuzmu?

– Məmnun deyiləm, amma Allah rəhmət etsin. “Azadlıq” qəzeti hər gün mənim əleyhimə yazırdı. O “Azadlıq” qəzeti ki, bağlananda getdim Ayaz Mütəllibovun yanına, xahiş etdim, qəzeti bağlamayın, açın, o da mənim xahişimə əməl etdi, sağ olsun. Səhəri gün bir məclisdə qarşılaşdıq, dedi ki, “Azadlıq”ı açdıq, birinci nömrədə sənin əleyhinə məqalə verib.


– Anar müəllim, 2020-ci ilin sonu Azərbaycan üçün qeyri-adi bir dövrlə başa çatdı, işğal altındakı ərazilərin bir hissəsi azad edildi…

– Bir hissəsi yox, hamısını azad etmişik.


– Hər halda Xankəndi, Xocalı və Əsgəranda hələ ölkə suverenliyi bərpa olunmayıb…

– Geci-tezi var də.


– Belə bir müharibə olacağını gözləyirdinizmi?

– Möcüzə baş verdi. Yaşım 70-dən çox idi, hörmətli prezidentimiz mənə “Heydər Əliyev mükafatı” verdi, o zaman çıxışımda dedim ki, filan qədər yaşım var, amma söz verirəm, sizinlə bir yerdə Şuşaya getməmiş dünyamı dəyişməyəcəm. Amma ümidim az idi, bu oldu, möcüzə baş verdi, “Xarı bülbül” festivalında iştirak etdim. Hesab edirəm ki, həyatımın ən sevincli günlərindən biri Şuşaya gedib oranı görmək idi.


– İki xalqın gələcəkdə bir yerdə yaşayacağına necə baxırsınız, mümkün olacaqmı?

– Ermənilərdən asılıdır, biz onlarla yaşamışıq və onları heç vaxt incitməmişik. Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərləri də onlar idi, sovet dövründə teatrları da vardı, institutları da, qəzetləri də, məktəbləri də, kitabxanaları da. Əvvəl “Miatsum” adıyla Qarabağı Ermənistana qatacaqlarını dedilər, sonra müstəqil dövlət, indi isə hər şeyi itirdilər. İnanmıram ki, onlar uzun müddət Qarabağda yaşayacaqlar, dinc yolla yavaş-yavaş çıxıb gedəcəklər.


– Sovet dövründə erməni yazıçıları arasında sizə ən yaxın kim idi?

– Erməni yazıçılarından heç biri ilə yaxınlığım olmayıb, amma Qrant Matevosyanın yaradıcılığını bəyənirəm, onunla da tanış idim. Yazıçı kimi ona görə Matevosyanı bəyənirəm ki, onda millətçilik bir az azdır. Əsas qatı millətçilər Ser Xanzadyandır, Silva Kapitukyandır və Paşinyanla qol-boyun olub Cıdır düzündə sərxoş rəqs edən Zori Balayandır.

Ana səhifəVideoYazıçı Anar: Vacib deyil ki, növbəti qurultaya qədər qalım…