“Yaxşı olardı, Ramiz Mehdiyev akademiyadakı durumdan da yazardı”

“Ona görə müvafiq qanuni tədbirlər görülməlidir”.

Source:


AMEA prezidentinin qurumun saytında məqalə dərc etməsi birmənalı qarşılanmır

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev sentyabrın 1-də dördüncü məqaləsini yaydı. Ramiz Mehdiyevin siyasi yazılarını AMEA-nin saytı vasitəsilə yaymasına hökumətin susqunluqla yanaşması suallar doğurur. Elmi auditoriyanın saytında siyasi məqalələrin yer alması Azərbaycanda ilk hal olduğundan bunun hansı məqsədə xidmət etməsi maraq doğurur.

Meydan TV-nin bununla bağlı müraciət etdiyi şəxslərin məsələyə yanaşması fərqlidir.

Fəlsəfə elmləri doktoru, professor Əli Abbasov Ramiz Mehdiyevin elmi qurumun saytından öz məqsədləri üçün istifadə etməsində qeyri-adi heç nə görmür:

“Məsələ ondadır ki, AMEA prezidentinin müraciətlərini rəsmi qurumlar əvvəlki kimi qəbul etmir. Əvvəllər fərqli mənzərəydi, Mehdiyevin məqalələri rəsmi media orqanlarda çap olunandan sonra AMEA-nin saytında yayılırdı. İndi vəziyyət dəyişib, akademikin məqalələrini AMEA-nin saytına istinadən müstəqil və müxalif media yayır”.

Əli Abbasov hesab edir ki, Ramiz Mehdiyevin özünün də yaradılmasında iştirakçısı olduğu sistemdə siyasətlə məşğul olmaq icazəlidir:

uz_shekli_ucun1522311013.jpg
Əli Abbasov

“Sanki adama nömrə verirlər ki, sən siyasətlə məşğul ola bilərsən, ya yox. Bu, acı gülüş doğurur. Bilirsiniz, Ramiz Mehdiyevin təyinatında xüsusi təsiri olduğu kadrlar bu mənzərəni cəmiyyətə təlqin ediblər. indi başqa problem yaranır, siyasi elita dəyişir. İndi Mehdiyevi əvəz edənlər kimdir, bax, əsas problem budur. Əgər yenə əvvəlki status-kvo qalacaqsa, insanların üzərində ağalıq davam edəcəksə, heç nə dəyişməyəcək. Ona görə də mətbuat bu məsələnin üzərində dayanmalıdır”.

Əli Abbasov Ramiz Mehdiyevin qarşılaşdığı indiki situasiyanı siyasi kampaniya adlandırıb:

“Zamanında Ramiz Mehdiyevin özü belə kampaniyalar təşkil edirdi. İndi özü vaxtilə hazırladığı situasiyayla qarşılaşıb. Əlbəttə, onun məqalələrinin elmə və ya AMEA-ya aidiyyatı yoxdur. Yaxşı olardı, Ramiz Mehdiyev akademiyadakı durumdan da yazardı. Düzdür, o prezident seçiləndən sonra Rəyasət Heyətində 200 nəfər “ölü insanı” ixtisara salıb, amma bu barədə eşitmişəm, dəqiq bilmirəm”.

Siyasi icmalçı Zərdüşt Əlizadə də AMEA prezidenti Ramiz Mehdiyevin elmi qurumun saytından öz məqsədləri üçün istifadə etməsini “təbii hal” sayır. Zərdüşt Əlizadə mövcud vəziyyəti ölkədə qanunların işləməməsi ilə əlaqələndirir:

“Hazırda qaydasız döyüş gedir və hər bir tərəf öz imkanında istifadə edir”.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Siyasi icmalçı xatırladıb ki, Ramiz Mehdiyev özü də Prezident Administrasiyasına rəhbərlik edərkən dövlətin resurslarından istifadə edərək vicdanlı və qürurlu insanları sıradan çıxarırdı:

“Bunun nəticəsində millətin ən ləyaqətsiz və yaltaq adamlarını seçib önə çəkirdi. Çünki özünün də qurulmasında xidmətləri olmuş sistem onu buna vadar edirdi. İndi də sistem onun əleyhinə özünün istifadə etdiyi resursları səfərbər edib. Ona görə də baş verənlərdə ləyaqət və abır-həya axtarmayın. Hazırda Azərbaycanda siyasi idarəetmə o dərəcədə biabırçı vəziyyətdədir ki, bir yox, 10 Ramiz Mehdiyev də vəzifədən çıxarılsa, heç nə dəyişməyəcək. Səbəb də sistemdədir”.

Zərdüşt Əlizadə bildirib ki, Azərbaycanda siyasi prosesləri tənzimləyən qanunlar işləmir:

“Qanun işləmir. Hökumət əvəzinə də danışan prezidentdir, amma o da hər şeyi həll etmir. Dövlət başçısı da hansısa anonim məmur kütləsinin əsiridir. Prosesləri izləyin, prezidentin nə qədər fərman və göstərişləri icra olunmur. Səbəb də budur – mövcud sistem ona məmur kütləsinin mənafeyini nəzərə almağı diktə edir. Azərbaycan xalqını və dövlətini yaşadan neft kəməridir. Neft gəlirləri olmasa, bu toplumu birləşdirən heç nə yoxdur”.

Qulu Məhərrəmli
Qulu Məhərrəmli

Telejurnalist, professor Qulu Məhərrəmli hesab edir ki, bu məsələyə ilk növbədə AMEA-nin Rəyasət Heyəti reaksiya verməlidir.

Qulu Məhərrəmlinin sözlərinə görə, əgər adam qurumun rəhbəridirsə, qurumun saytında elmi yazılarla çıxış edə bilər. Yox, davamlı olaraq elmi qurumun saytından şəxsi platforması kimi istifadə edirsə, bu, yolverilməzdir.

Milli Məclisdə hakim partiyanı təmsil edənlərdən Hikmət Babaoğlu bildirib ki, AMEA-nın tarixində heç vaxt onun informasiya resursları ictimai-siyasi rupora çevirilməyib. Bu, nə klassik elmi ənənələr, nə də informasiya cəmiyyətinin etikasına uyğundur:

Deputat Hikmət Babaoğlu – Foto: SəsTv
Hikmət Babaoğlu

“Siyasi fəliyyətin cəmiyyətin diqqətinə təqdim olunmasının vasitələri milli media və digər internet resurslarıdır. Vəzifə səlahiyyəti heç bir halda dövlət qurumuna məxsus olan ixtisaslaşmış informasiya vasitəsindən sui-istifadəyə etməyə imkan açmamalıdır. Ona görə müvafiq qanuni tədbirlər görülməlidir”.

Ana səhifəSiyasət“Yaxşı olardı, Ramiz Mehdiyev akademiyadakı durumdan da yazardı”