Eramızdan əvvəl 246-cı ildə Çində mövcud olan 7 dövlətdən birində – Sin dövlətində İn Çjen adlı 13 yaşlı uşaq hakimiyyətə gəldi. İlk illərdə dövləti onun əvəzinə qəyyum (regent) idarə edirdi. Həddi-buluğa çatandan sonra hakimiyyəti öz əlinə aldı, apardığı uğurlu müharibələr sayəsində digər 6 dövləti işğal etdi, Sin dövlətinə birləşdirdi. Tarixdə ilk dəfə vahid Çin dövlətini yaratdı. Məhz buna görə də “ilk imperator” anlamını daşıyan Şi Huandi adını qəbul etdi və tarixdə də daha çox bu adla tanındı.
Eramızdan əvvəl 210-cu ilə qədər davam edən 36 illik hakimiyyəti dövründə Şi Huandi tam mütləq hakimiyyət yaratmışdı. İmperatorun kəsdiyi başa sorğu-sual yox idi. Bunu nəzərə alan Şi Huandi əsasını qoyduğu sülalənin 10 min insan nəsli ərzində Çinə hökmranlıq edəcəyini iddia edirdi. Lakin imperator bir şeyi nəzərə almırdı: onun qurduğu dövlətdə sabitliyə təminat verən institutlar yox idi. Hər şey hökmdardan, onun şəxsi və siyasi keyfiyyətlərindən asılı idi. Ana təbiət isə oğulun da atası kimi eyni dərəcədə fövqəladə keyfiyyətlərə malik olacağına təminat vermir.
Şi Huandinin ölümündən sonra saray intriqaları nəticəsində böyük oğlu öldürüldü, taxta kiçik oğlu Erşi Huandi (ikinci imperator) çıxdı. Onun isə hökmranlıq üçün heç bir keyfiyyəti yox idi. E.ə. 207-ci ildə baş məsləhətçisi tərəfindən öldürüldü, yerinə qohumu keçdi. Daha bir il sonra isə üsyan qaldırmış əyanlar qalib gələrək Sin sülaləsinin bütün üzvlərini öldürdülər. Beləliklə, Şi Huandinin ehtimalına görə Çinə minilliklər ərzində rəhbərlik edəcək sülaləsi onun ölümündən cəmi 4 il sonra tam qırılıb tükəndi.
Dövlətin möhkəmliyinə və uzunömürlüyünə belə yanlış yanaşma nadir deyil. Ümumiyyətlə, bu yanaşma əsrlərboyu Şərqdə yeganə olub. Hətta bu gün, XXI əsrdə mütləq hakimiyyət – fərqi yoxdur, krala və ya prezidentə mənsub olsun – əksəriyyət tərəfindən dövlətin çiçəklənməsinin ən doğru, bir çox halda yeganə yolu sayılır. Halbuki, Qərb əsrlər öncə, hələ Şi Huandidən qabaq bunun yanlış olduğunu anlayıb.
Qədim Afina dövlətində çox maraqlı bir ənənə vardı, ostrakizm adlanırdı. E.ə. VI əsrdə Pisistrat nəslinin tiraniyasından sonra demokratiyanın bərpa edərkən təsis olunmuşdu. Nüfuzlu adamların hakimiyyəti ələ keçirməsinə qarşı önləyici (preventiv) tədbir kimi nəzərdə tutulurdu. Keçirilən xalq səsverməsi zamanı kiminsə adını 6 min və daha artıq vətəndaş yazardısa, onu bir qayda olaraq 10 il müddətinə Afinadan qovurdular.
Maraqlıdır ki, ostrakizmə məruz qoymaq üçün əsas tapmaq, hansısa əməldə ittiham etmək lazım deyildi. Çünki ostrakizm cəza deyil, önləyici tədbir sayılırdı. Afinalılar xüsusən uğurlu hərbi əməliyyatlar nəticəsində nüfuz toplayan vətəndaşlardan çəkinirdilər. Onların bir gün öz nüfuzundan istifadə edib tiraniya yaradacaqlarından qorxurdular. Buna görə də belələri daha tez-tez ostrakizmlə üzləşirdilər.
Məsələn, Əhəməni hökmdarı Kserksin Yunanıstan üzərinə hücümünun (bu hadisə geniş kütlələrə daha çox 300 spartalı vaqeəsi ilə tanışdır) dəf edilməsində fövqəladə rol oynamış Femistokl bir müddət sonra ostrakizmə uğradı və doğma şəhərindən qovuldu.
Elladanın demokratik quruluşa malik bir çox digər şəhər-dövlətlərində də eyni tədbirin mövcud olması məlumdur. Xarici müdaxilə və ya başqa bir fövqəladə hadisə zamanı ehtiyac olardısa, xalq yığıncağı qovulmuş şəxsi müddəti başa çatmamış geri qaytarılması barədə qərar qəbul edə bilərdi.
Qədim yunanlar o qədər də ədalətli olmayan bu üsulla öz azadlıqlarını qoruyur, nüfuzlu şəxsin hakimiyyəti mənimsəməsini önləyirdilər. Görünür, artıq 2500 il öncə, cəmi bircə dəfə Pisistrat tiraniyasını yaşamaq kifayət etmişdi ki, afinalılar hakimiyyət məsələsində insanın şəxsi keyfiyyətlərinə güvənmənin doğru olmadığı qənaətinə gəlsinlər.
Afinanlılarla eyni vaxtda, e.ə. 509-cu ildə qədim romalılar da despot hakimiyyətini devirdilər. Şəhərin yaranmasından etibarən mövcud olan monarxiyaya son qoyuldu, axırıncı Roma şahı Məğrur Tarkvini qovuldu. Lakin romalılar pis şahın yerinə yaxşısını qoymadılar, bütöv sistemi dəyişdilər, şahsız yaşamağa qərar verdilər.
Yeni yaradılan sistemə fikir verdikdə romalıların respublika quruluşunu qorumaq üçün necə ciddi-cəhdlə çalışdıqları görünür. Yeni sistemdə hakimiyyətin mənbəyi Roma xalqı idi. Hakimiyyət bölgüsü deyə biləcəyimiz prinsip fomalaşmışdı. Komisia adını almış xalq yığıncağı və Senat bir qədər oxşar səlahiyyətlərə malik olub qanunverici hakimiyyət idilər. Senatorlar eyni zamanda məhkəmə hakimiyyətinə da malik idilər. Ali pilləsi konsullar olan magistratlar isə icraedici hakimiyyət idilər.
Dövləti idarə etmək üçün hər il xalq tərəfindən iki konsul seçilirdi. Onların səlahiyyət müddəti bir il idi. Romalılar hətta bir illik olsa belə hakimiyyəti bir nəfərə etibar etmək istəmirdilər. Bir konsul digərinin qərarına veto qoya bilərdi. Konsul senat qarşısında məsuliiyət daşıyırdı, ikinci tərəfindən vaxtından əvvəl səlahiyyətlərinə xitam verilə bilərdi.
Konsul dinc dövrdə, xüsusən də müharibə dövründə (Romanın müharibə aparmadığı dövlər isə az olurdu) böyük səlahiyyətlərə malik idi. Lakin onunla eyni səlahiyyətə malik digər konsulun varlığı bu səlahiyyətlərdən sui-istifadənin qarşısını alırdı. Vəzifədən sui-istifadənin qarşısını alan digər amil isə konsulluq müddəti ilə bağlı idi. Cəmi bir il sürən hakimiyyəti möhkəmləndirmək çətin məsələ idi.
Respublika quruluşunu qorumaq üçün daha bir tədbir təkrar seçilmə ilə bağlı idi. Konsul vəzifəsini icra etmiş şəxs bir də 10 ildən sonra namizədliyini irəli sürə bilərdi. İlk dəfə konsul olmaq səlahiyyətinin 41 yaşda verildiyinivə antik dövrdəki ömür həddini nəzərə alsaq, eyni adam ən yaxşı halda 2-3dəfə konsul ola bilərdi. Sonralar istər yaş, istərsə də interval məsələsində güzəştlərə yol verildi ki, bu da respublikanın tənəzzülünün əlamətlərindən biri idi.
Bununla yanaşı, romalılar anlayırdılar ki, təkhakimiyyətlilik tələb edən xüsusi hallar olar bilər. Belə hallar üçün diktator institutu yaratmışdılar. Diktator həm hərbi, həm də ictimai-siyasi vəziyyətlə bağlı ehtiyac yaranardısa, konsullar tərəfindən seçilirdi. Onun səlahiyyət müddəti maksimum 6 ay ola bilərdi. Lakin seçilməsinə səbəb olmuş problem daha tez həll edilərdisə, diktator səlahiyyətləri təhvil verilməli idi.
Roma tarixində bir neçə gün davam etmiş diktatorluq halları məlumdur. Məsələn, e.ə. 49-cu ildə müəyyən səbəblərdən növbəti il üçün konsul seçkilərini keçirməkdə problem yaranmışdı. Diktator seçilən Qay Yuli Sezar 11 gün ərzində problemi həll etdi və səlahiyyətləri təhvil verdi.
E.ə. II-əsrin sonu – I əsrin əvvəllərində respublika institutlarının böhranı müşahidə edilir, təkhakimiyyətlik yolundakı əngəllər bir-bir sıradan çıxır. Bir neçə belə nümunələri sadalamaq olar. Məsələn Qay Mari e.ə. 104-100-cü illərdə beş dəfə dalbadal konsul seçildi. Halbuki əvvəllər bu mümkün deyildi. Luçi Korneli Sulla isə e.ə 82-ci ildə yiyələndiyi diktator səlahiyyətinin “daxili çəkişmələrdən və müharibələrdən sarsılmış Roma dövləti bərkiməyənə qədər” davam edəcəyini, yəni müddətsiz olacağını söylədi və yalnız 3 il sonra könüllü şəkildə diktatorluqdan çəkildi.
E.ə. 47-ci ildə Qay Yuli Sezar üçüncü dəfə diktator seçildi. Budəfəki seçimin iki özəlliyi vardı. Birincisi, diktator seçməyə əsas verəcək hal yox idi; ikincisi, səlahiyyət müddəti 10 il nəzərdə tutulmuşdu. E.ə. 44-cü ildə isə Sezar özünün ömürlük diktator seçilməsini təşkil etdi. Lakin artıq mart ayında respublikaçılar tərəfindən öldürüldü.
Sezarın qətli Brut və Kassinin başçılıq etdikləri sui-qəsdçilərin respublikanı xilas etmək cəhdi idi. Lakin bu ümidsizlik aktı nəticə vermədi. Sezar öldürülsə də vətəndaş müharibəsindən sonra Oktavian Avqust Romada təkhakimiyyətliliyi bərqərar etdi, respublika süquta uğradı. Çünki problem Sezarda deyildi, respublikanı qoruyan, təkhakimiyyətliyə əngəl törədən mexanizmlər artıq korroziyaya uğramışdı. Sonrası məlumdur – Kaliqula, Neron, Kommod kimi dəlilərin hakimiyyəti, imperiyanın zirvədən uçuruma yuvarlanması.
Avropanın eramızın ikinci minilliyindəki tarixi də mövzu baxımından ibrətamizdir. Şərqdən fərqli olaraq burada hökmdar heç zaman tam mütləq hakimiyyətə malik deyildi. Nəsli zadəğanlıq institutu kral hakimiyyətini xeyli məhdudlaşdırırdı. Zadəganların elə hüquqları var idi ki, buna görə krala deyil, öz mənşələrinə borclu idilər. Dolayısı ilə, kralın o hüquqlara toxunmaq ixtiyarı yox idi.
Toxunmaq istəyəndə isə müqavimətlə, qiyamla üzləşirdi. XIII əsrin əvvəllərində İngiltərədə olduğu kimi. Kral Conun (İoann) bir çox qanunsuzluqları ona qarşı iri feodalların da daxil olduğu frondanın formalaşmasına səbəb oldu. Mübarizə 1215-ci ildə kralın məğlubiyyəti ilə yekunlaşdı. Gözləmək olardı ki, baronlar kralı taxtdan salıb, yerinə başqasını oturdacaqlar. Lakin belə olmadı.
Baronlar 63 maddədən ibarət sənəd hazırlayıb imzalamaq üçün krala təqdim etdilər. “Azadlıqların böyük xartiyası” (Magna Charta Libertatum) adlanan bu sənəd kral hakimiyyətinin sərhədlərini, əsla toxuna bilməyəcəyi və ya baronların razılığı olmadan toxuna bilməyəcəyi sahələri müəyyən edirdi.
İlk baxışda Xartiyanın əhəmiyyəti düzgün qiymətləndirilməyə bilər. Axı burada yazılanlar daha çox baronların mənafeyinə xidmət edirdi. Bununla belə, kral hakimiyyətinin məhdudluğu prinsipinin rəsmən qəbulu inqilabi hadisə idi. Bu prinsip sonrakı illərdə daha da genişləndirildi, daha başqa sahələrə, digər insanlara münasibətdə şamil olundu. 1689-cu uldə Hüquqlar haqqında billin qəbulu ilə parlament hakimiyyətinin kral hakimiyyətindən üstün olması rəsmiləşdi.
İnsan hüquq və azadlıqları, hakimiyyət bölgüsü, balans və əyləclər prinsipi uğrunda Qərbdə cərəyan edən hadisələr bir neçə əsrlərboyu davam edib, elmi-publisistik əsərlər, ictimai müqavilələr, qanunlar, bəyannamələr, Konstitusiya şəklində təzahür edib. Təəssüf ki, bir məqalədə hamısını əhatə etmək qeyri-mümkündür. Qısa şəkildə onu demək olar ki, bütün proses maksimum dərəcədə şəffaf, nəzarət edilən, məhdudlaşdırılan hakimiyyətin formalaşmasına xidmət edib.
Şərqdə isə siyasi görüş Şi Huandi dövründən o qədər də fərqlənmədi. Burada yazılan siyasi traktatlarda hökmdar hakimiyyətinin qeyri-məhdudluğu heç zaman sual altına qoyulmadı. Sadəcə hökmdarın ədalətli olması, öz təbəələrini (məhz təbəələrini, vətəndaşlarını yox) yaxşı yaşatması yönündə nəsihətlər verildi. Güclü dövlət bərabərdir güclü hakimiyyət düsturu hamı tərəfindən qəbul edildi.
Nəsihətlərin ziddinə olaraq taxta zalım hökmdar çıxardısa, onun zülmünün qarşısını almaq üçün heç bir dövlət institutu yox idi. Adətən bu zülm həmin hökmdar ölənə qədər davam edirdi. Bəzən xalq bezib üsyan edirdi, hökmdarı devirib öldürürdü, lakin sistemi dəyişmək barədə kimsə düşünmürdü. Yenə həmin şərtlər daxilində, yenə həmin hüdudsuz səlahiyyətlərlə başqa birisi hökmdar olurdu. İcraedici, qanunverici, məhkəmə hakimiyyəti – hamısı bir əldə idi.
Hətta monarxiyanı devirib respublika qurulanda belə dəyişən fasad olur. Bu dəfə prezident hakimi-mütləq olurdu. Hakimiyyət bölgüsü yalnız kağız üzərində mövcud olur. Parlament oyuncaq təsisata çevrilir.
Doğrudur, bəzən istisnalar olurdu, “yaxşı şah” deyil, “yaxşı quruluş” uğrunda mübarizə aparılırdı. XIX əsrdəki gənc türklər hərəkatı kimi.
Gənc türklər Avropadakı inqilabi hərəkatların təsiri ilə Osmanlı dövlətinin konstitusiyalı monarxiyaya çevrilməsi uğrunda mübarizə aparırdılar. Sultanın hakimiyyəti xeyli məhdudlaşdırılmalı, xalq tərəfindən seçilən Məclislə bölüşdürülməli idi. Gənc türklər inqilabı 1908-ci ildə qalib gəlsə də, sonrakı illərin böyük hadisələri (I cahan savaşı və Qurtuluş savaşı) səbəbindən Osmanlı monarxiyası, ümumiyyətlə, ləğv edildi, respublika quruldu.
Lakin gənc türklərə bugünkü baxış maraqlıdır. Bütün dünyada monarxın hakimiyyətini məhdudlaşdırmaq uğrunda, Konstitusiya uğrunda hərəkat mütərəqqi cərəyan kimi qəbul edilsə də, bu gün Türkiyədə xeyli insan buna xarici qara qüvvələrin, masonların, daha kimlərin Osmanlını məhv etmək planı kimi baxır, qəddar II Əbdülhəmidi isə xilaskar kimi qəbul edir. Azərbaycanda da eyni mövqe sərgiləyənlər az deyil. Konstitusiya hər yerdə yaxşıdır, Osmanlıda isə yox, “gavur fitnəsi”dir.
Tarix sübut edir ki, dövlətin və insanların taleyini hökmdarın keyfiyyətlərinin ümidinə buraxmaq şox təhlükəlidir. Ən qüdrətli dövlət bir yararsız hökmdarın hakimiyyəti ərzində məhv ola bilər, Şi Huandinin yaratdığı dövlət kimi. Zatən Şərq tarixi tarixşünaslıqda “birgünlük imperiya” adlanan qısamüddətli dövlətlərlə zəngindir.
Şəxsi keyfiyyətlərə deyil, dövlət institutlarına güvənmək daha güvənlidir. Hətta bu halda da “artıq institutlar qurulub” deyə arxayınlaşmaq olmaz. O institutları işlək edən vətəndaşların fəallığı, hakimiyyət təmsilçilərinə daim nəzarəti, hər hansı bir özbaşınalığa müqavimətə hazır olmaq sayıqlığıdır.