Elnur Niftəliyev: “Bu məsələdə “ASAN xidmət”in heç bir günahı yoxdur”
Almaniyada mühacir həyatı yaşayan İran vətəndaşı Nağı Mahmudi Bakıya buraxılmayıb.
O, martın 25-də Azərbaycana ailəsi ilə görüşmək üçün gəlirmiş.
Bu barədə Meydan TV-yə Nağı Mahmudi danışıb.
O deyib ki, sonuncu dəfə 2019-cu ildə Bakıda olub.
Mahmudi yaxınları ilə görüşmək üçün Türkiyə və Gürcüstanı yox, məhz Bakını seçdiyini vurğulayıb: “Halbuki adlarını çəkdiyim ölkələrə, o cümlədən, Ermənistana getmək daha rahatdır, nəinki Azərbaycana. Niyə belə edirlər, anlamıram. Təsəvvür edin, Türkiyədə hava limanında viza alıb 3 ay qalmaq olur. Azərbaycanda isə bu məsələni o qədər mürəkkəbləşdiriblər ki, adamın təəssüflənməkdən başqa əlacı qalmır”.
O bildirib ki, dəfələrlə belə problemlə üzləşib: “Bilirsiniz, ilk dəfə belə olmayıb, bundan əvvəl 2 dəfə vizamı o qədər gecikdirdilər ki, biletim “yandı”. İkincidə isə müvəqqəti qeydiyyatla bağlı problem yaşadım. Kiralədiyim evin sahibi Miqrasiya Mərkəzinə gəlib dedi ki, gecikmədə təqsir onda olub, amma buna rəğmən məni geri qaytardılar. Bundan sonra Almaniyaya qayıtdım, müvafiq orqanlara şikayət göndərdim, 3-4 ay keçdi, baxmadılar”.

“Bu dəfə söylədilər ki, ASAN-Viza-dan viza almalısınız, elə də etdim. Hava Limanında çalışan xanım mənə sevinə-sevinə bildirdi ki, Bakıya gələ bilməyəcəksən, sanki Azərbaycana gələ bilməməyim onun üçün böyük sevinc idi”, – Mahmudi belə deyib.
“Təyyarəm 21.30-da Bakıya ensə də, 4.45-ə qədər ac-susuz, yuxusuz saxladılar. Dəfələrlə vəkil olduğumu xatırladıb şikayət edəcəyimi söyləsəm də, reaksiya vermədilər. Görünür, hava limanında olanlar üçün Azərbaycanın imici deyilən bir şey yoxdur. Ancaq məni hansı orqanın rəsmilərini saxladığını deməkdə çətinlik çəkirəm, çünki Pasport Nəzarət Buraxılış Məntəqəsi var, güman ki, onlar idi”, – deyə o qeyd edib.
1970-ci ildə İranda doğulan Nağı Mahmudi Təbriz Universitetinin hüquq, sonra isə Tehran Universitetinin Cəza hüququ və kriminologiya fakültələrini bitirib.
Nağı Mahmudi milli fəalların vəkili olduğu üçün təzyiqlərə məruz qalıb və 2011-ci ildə Almaniyaya mühacirətə gedib.
“ASAN xidmət”nin mətbuat katibi Elnur Niftəliyev Meydan TV-yə bildirib ki, Nağı Mahmudun sənədləri qaydasında olmadığı üçün Bakıya buraxılmayıb: “Onun qaçqın pasportu ola-ola özünü vətəndaşlığı olmayan kimi göstərib. Bu məsələdə “ASAN Xidmət”in heç bir günahı yoxdur”.