Oqtay Əsədov: ”Gündə 5 milyon manat zərər edən banklar var”
Aprelin 7-də
Milli Məclisdə
“Banklar haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı spiker Oqtay Əsədov başda olmaqla deputatlar Əli Məsimli, Vahid Əhmədov, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Vahid Əhmədov və digərləri çox sərt çıxışlar edib.
“Gündə 5 milyon manat zərər edən banklar var. Bu zərər günbəgün artır. 5 milyon olacaq 10 milyon, 10 milyon olacaq 40-50 milyon manat”, – Oqtay Əsədovun sözləridir.
YAP-çı deputat Siyavuş Novruzov isə “bankların pis vəziyyətə düşməsi”ni iqtisadi vəziyyətlə əlaqələndirməyib. O, mövcud durumun “bank rəhbərlərinin maliyyə oğurluğu”ndan irəli gəldiyi qənaətindədir.
“Bankları bu günə onların rəhbərləri salıb. Rəhbər şəxslər öz mənafeyini güdüb. Problemlərin səbəbini onlardan soruşmaq lazımdır. Vaxtilə nəzarət mexanizmi var idi. Niyə indi biz “körpü bank” yaradırıq? Kim zəmanət verir ki, aktivlərin köçürülməsindən sonra bu hallar təkrarlanmayacaq. Hərəyə 1 milyard pul veriblər, çıxıb gedib. İndi dövlət həmin pulların dalınca düşüb”.
Bank sahəsi üzrə hüquqşünas Əkrəm Həsənov Meydan TV-yə danışarkən Milli Məclisdə banklarla bağlı məsələnin bu səviyyədə müzakirə olunmasını sevindirici sayıb.
Bildirib ki, ölkədə pul çox olanda elitalar arası danışıqlaq baş tuturdu. Söhbət bank sahiblərindən, iri banklardan gedir. Əlbəttə düzgün işləyən banklar da var. Hazırda ölkə iki seçim qarşısındadır: ya bankları dövlət hesabına xilas etmək, ya da banklara əhalinin, sahibkarların üstünə getməyə ixtiyar vermək lazımdır.
Əkrəm Həsənov deyir ki, ikinci variant sosial gərginliyi artıra bilər. Ona görə hakimiyyətin buna imkan verəcəyi ehtimal olunmur. Belə olanda əhalinin banklara borclarını dövlət ödəməlidir. Amma dövlətin də gəlirləri azalır. Bu mənada spiker Oqtay Əsədovun “banklar gündə 5 milyon itirir” açıqlaması üzərində ciddi düşünmək lazımdır:
“Spiker əslində bank sahibinin yox, bankın itirdiyini demək istəyib. Yaranan problemin kökündə dayanan bank sahibinin ötən illərin itkilərindən qazandıqlarıdır. Bugün banklar problemli kreditlərdən az qala “ağlayırlar”, halbuki, problemli kreditləri bank sahibləri öz şirkətlərinə, yaxud yaxınlarına sərfəli şərtlərlə verməklə yaradıblar bu mənzərəni. Əhaliyə və sahibkara isə çox yüksək faizlərlə kreditlər veriblər. Niyə yüksək faizlərlə kredit veriblər? Onlar bununla oğurladıqları pulları kompensasiya edirdilər. Əhali və sahibkarlar kreditləri ödədiklərindən devalvasiyaya qədər bu sistem işləyirdi, ancaq ondan sonra işləmədi”. (edited)
Hüquqşünas deyir ki, artıq heç kəs kreditləri ödəmir, bank sahibləri isə yaxınlarına verdikləri kreditləri bağlamaq istəmirlər:
“Bir il əvvəl bank sahibləri dövlətin dəstəyinə ehtiyac duyduqlarını qabardırdılar. Bugün Milli Məclisdə belə bir müzakirənin açılması yaxşı oldu”.
Əkrəm Həsənov Milli Məclisdə açılan müzakirənin yaxında bir neçə bankın bağlanacağına əsas yaratdığını deyir:
“Nəinki bağlanacaq, bağlanan bankların sahibləri və inzibatçılarının məsuliyyətə cəlb olunması gündəmə gələcək. Gərək bunun davamı olsun, söhbət Mərkəzi Bankdan gedir ki, son nəticədə bu qurumun günahı bankların günahından çoxdur. Bugün hansısa bank sahibkarı həbs etdirib. Səbəb onun dəhlizi girov qoymaqla bankı aldatmasıdır. Bu, necə olub, məgər bank sahibkarın onu aldatdığını görmürdü? Məsələ ondadır ki, həmin bank da oxşar əməliyyat keçirməklə Mərkəzi Bnakdan çoxlu kredit götürüb. Bunlar hamısı bir-biriylə bağlıdr. Gərək, deputatlar danışanda problemin bu tərəfini də qabartsın”.
Ekspert Rusiyanın bank sistemini misal çəkərək bildirib ki, qonşu ölkədə son bir neçə qəti qərarlar hesabına bu sahədə sağlamlaşdırma apardılar. Halbuki Rusiya Azərbaycandan daha pis durumdaydı. Düzdür, neftin qiymətlərinin düşməsi hər iki ölkəyə mənfi təsir etmişdi, amma Rusiyaya qərbin sanksiyaları daha pis təsir göstərib və sanksiyalar qalır:
“Rusiyada bank sistemi ona görə sağlamlaşdı ki, Mərkəzi Bankın sədri dəyişildi, bank sistemiylə heç bir bağlılığı olmayan və kifayət qədər savadlı, təcrübəli idarəçi, adı korrupsiyada hallanmayan Elvira Nabiullinanı təyin etdilər. O, iki ildə 200-dən çox bankı bağladı. Çünki Nabiullinanın sistem bağlılığı yoxdur. Azərbaycanın maliyyə sistemində 4 qurum var: Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi və Dövlət Neft Fondu. Bu qurumların dördünün də rəhbəri Mərkəzi Bankdan çıxıb. Onlar istəsələr belə bank sisteminə qarşı sərt addımlar ata bilməzlər. Ən azı tanışlıq, dostluq onları qəti addım atmağa qoymayacaq. Üstəlik, öz qohumları banklarda çalışır. Bəli, dörd qurumun rəhbəriylə işləmişəm, onların içində ikisini savadlı və təcrübəli şəxs hesab edirəm. Ancaq sistem bağlılığı onları obyektiv olmağa imkan verməyəcək”.