İqtisadçı Qubad İbadoğlunun fikrincə, 2 qəpiklik qiymət artımı daha çox psixoloji bahalaşmadır
“Tarif Şurasının yanacağın qiymətini 2 qəpik artırması qərarının müəyyən əsasları var. Çünki vergiyə cəlb olunmanın mexanizmi dəyişdirildi, artıq vergi yığımı avtomobillərin benzin sərfi ilə əlaqələndirildi”.
Bu açıqlamanı Meydan TV-yə iqtisadçı Qubad İbadoğlu verib.
Qubad İbadoğlu düşünür ki, bu, daha çox psixoloji qiymət artımıdır: Bu mənada qərarın maliyyə yükündən çox məni psixoloji təsirləri daha çox qayğılandırır. Digər bazarlarda da prosesin davam etməsi ümumi qiymət səviyyəsinə təsir göstərir. Yaxın zamanlarda ictimai nəqliyyatda, taksi xidmətində qiymət artımı özünü göstərəcək. Həm də dizel yanacağı müəyyən istehsal üçün təsir rolunu oynayır və istehsalın davamiyyətinin aşağı düşməsinə təsir edir. Bu isə gəlirin azalması deməkdir. Ona görə heç əlaqəsi olmayan bazarlara da psixoloji təsirlərin olması mümkündür. Məsələn, ərzaq, istehlak, avadanlıq bazarına təsir göstərmək imkanları var. Bir vaxtlar Tarif Şurası qiymətləri artıranda dünya bazarında neftin qiymətinin bahalaşması prosesini əsas göstərirdi. İndi əks proseslər gedir, dünya bazarında neftin qiyməti ucuzlaşır. Bu, o nəticəyə gəlməyə imkan verir ki, bir vaxtlar dünya bazarının konyukturyası ilə əlaqələndirilən benzinin və digər neft məhsullarının qiymətlərinin bahalaşması sırf siyasi və korporativ maraqlarla əlaqəli olub”.
“Belə olanda Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadənin “yanacağın qiymətinin endirilməməsinin makro-mikro səbəbləri var” fikrini necə izah edərdiniz” sualına istisadçı belə cavab verib: “Onunla razılaşmıram. Mən bilmirəm Səmədzadənin makro-mikro səbəbləri nədən ibarətdir, çox ümumi dəyərləndirmə aparıb. Bu gün Azərbaycan iqtisadiyyatında bir tendensiya başlayıb, Rusiyadan pul gəlirləri azalıb, neftin qiyməti enir, iri layihələr istisna olmaqla digər layihələr maliyyələşməyə açılmır. Bu, bütövlükdə alıcılıq qabiliyyətinin aşağı düşməsini şərtləndirir. Prosesin fəsadları ən ciddi şəkildə qeyri-ərzaq bazarında baş verəcək. Yaxın günlərdə “Sədərək” və “Binə” bazarlarında sorğu keçirsəniz, dediklərimi təsdiqləyərsiniz. Beləliklə, ticarət və xidmət sektorunun dövriyyələri azalacaq və son nəticədə onların dövlət büdcəsi qarşısında ödəmələri də aşağı düşəcək. Bu isə iş yerlərində ixtisarlara gətirə bilər”.
Bütün bunların nəticəsi olaraq Qubad İbadoğlu düşünür ki, yaxın vaxtlarda Azərbaycanda ailə büdcəsinin xərcləri artacaq: “Çünki qazanılan daha çox vəsaitin ərzaq bazarında xərclənməsi ilə nəticələnəcək. Bu kimi qarşılıqlı əlaqə və zəncirvari iqtisadi proseslər davam edə bilər. Ona görə hökumət narahat olmalı və düşünməlidir ki, qəpiklərlə neft gəlirlərinin azalmasından dövlət büdcəsinə olan itkiləri kompensasiya etmək mümkün deyil”.