“Yaxın 5 ildə dünya qaz bazarı köklü şəkildə dəyişəcək”

Natiq Cəfərli: “Hökumət qazın ucuzlaşacağını nəzərə almalı, TANAP və TAP layihələrində izafi xərcləri azaltmalı, yeni payçılar cəlb etməlidir”

Source:


Natiq Cəfərli: “Hökumət qazın ucuzlaşacağını nəzərə almalı, TANAP və TAP layihələrində izafi xərcləri azaltmalı, yeni payçılar cəlb etməlidir”

Beynəlxalq Energetika Agentliyi və Dünya Bankı yeni hesabat yayıb. Hesabatda yaxın 3 ildə dünyada qazın qiymətinin 30-60 faiz aşağı düşəcəyi deyilir. Bu tək neftin ucuzlaşması ilə bağlı deyil. Əsas səbəb dünyada yeni, iri qaz hasilat və ixracı ilə məşğul olan oyunçuların yaranması və qazın tankerlərlə daşınmasıdır. Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli öz facebook səhifəsində yazıb. Bildirib ki, sıxılmış qazın tankerlərlə daşınması həm qaz təhcizatının mobilliyini artırır, həm tranzit xərclərini azaldır, həm də boru keçən ölkələrdə baş verən, və ya baş verə biləcək siyasi riskləri sığortalayır:

“Qaz qiymətlərinin enməsi artıq başlayıb, 2014-cü ildə Rusiyanın Avropaya satdığı qazın ortalama qiyməti hər 1000 kub/metrə görə 387 dollar idisə, yaxın 3 ildə uzunmüddətli kontraktlarda qiymət 302 dollara qədər ucuzlaşacaq. Rusiyanın Çinə 2018-ci ildən sonra satacağı qazın qiyməti isə hər 1000 kub/metrə görə ortalama, 256 dollar olacaq”.

Ekspert bildirir ki, dünyada ən baha qazı Yaponiya alır – 1000 kub/metri 600 dollara, amma artıq Yaponiya Avstraliya ilə anlaşıb, 2016-ci ildən yeni nəsil tankerlərlə bu ölkədən qaz almağa başlayacaq, ilkin olaraq qiymətin 400-450 dollar arasında olacağı proqnozlaşdırılıb:

“Yəni, görünən odur ki, yaxın 5 ildə dünya qaz bazarı köklü şəkildə dəyişəcək, qiymətlər də xeyli ucuzlaşacaq, bizim hökumət mütləq bunu nəzərə almalı, TANAP və TAP layihələrində izafi xərcləri azaltmalı, yeni payçılar cəlb etməlidir. Yoxsa 48 mlrd. dollara başa gələcək Şahdəniz-2, TANAP və TAP layihələri uzun illər rentabelli olmayacaq, ancaq qoyulan vəsaitin geri götürüləsi üçün çalışacaq ki, ölkəmiz bu layihələrdən qazanc götürə bilməyəcək. Azərbaycan bu layihələrdə liderliyi ələ alması çox yaxşıdır və indi çalışmalıdır ki, TANAP-a, sonradan isə TAP-a İran və İraq qazının cəlb olunmasında operator olsun, bundan da pul qazansın, yoxsa, bu layihələrin səmərəsi olmayacaq”.

Ekspert daha bir təklif də irəli sürür. Bildirir ki, Azərbaycan gəmiqayırma zavodu tikir, əslində, rentabelli layihə deyil, Xəzər dəniz deyil, okeana çıxışımız yoxdur, gəmiqayırma zavodunun önəmi azdır, amma yeni yanaşma ilə bu zavodu retabelli etmək olar. Rusiya Transxəzər kəmərini çəkməyə qoymur, ona görə də, Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya çatdırılması mümkün olmur. Xəzərin dibi ilə boru çəkməyə Rusiya da, İran da imkan vermirlər, amma, Azərbaycan Yaponiya və Cənubi Koreyadan mütəxəssislər, texnologiyalar cəlb etməklə Ələtdəki yeni gəmiqayırma zavodunda Xəzərdə üzə biləcək kiçik tutumlu sıxılmış qaz tankerləri istehsal edə bilər:

1) Bu yüzlərlə yeni iş yerləridir;

2) Kəmər çəkmədən Türkmənistan qazının Azərbaycana daşınması, buradan da Avropaya çatdırılması mümkündür;

3) Rusiya və İranın təzyiqlərindən, boru çəkilməsinə maneələrindən canımız qurtaracaq.

Natiq Cəfərli bildirir ki, belə olan şəraitdə, Türkmənistan qazı da TANAP və TAP layihəsinə qoşulacaq ki, bu da layihənin gəlirliliyini və cazibəsini artıracaq. Tək bizim 10-12 mlrd kub/metrlik kiçik qaz həcmi ilə bu layihələr rentabelli olmayacaq, uzun müddət gəlir gətirməyəcək, nə də bizim Avropa bazarında söz sahibi olmağımıza imkan yaratmayacaq: “Avropanın illik qaz istehlakı indi 490 mlrd. kub/metrdir, 2020-ci ilə, qazımız Avropa çatanda istehlak 550 mlrd olacaq, yəni, bizim 10-12 mlrd. ilə bazarda “hava” dəyişməyəcək”.

Ana səhifəXəbərlər“Yaxın 5 ildə dünya qaz bazarı köklü şəkildə dəyişəcək”