”Yavaş-yavaş 99-cu illərə tərəf irəliləyirik”

Xalid Ağaliyev: ”Media qanunları mürtəceləşdirilir”

Source:


Xalid Ağaliyev: ”Media qanunları mürtəceləşdirilir”

Azərbaycanda hərbi vəziyyət şəraitində KİV-lə bağlı qaydalarda dəyişiklik edilir.

Milli Məclisin Mədəniyyət Komitəsinin aprelin 17-də keçirilən iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb.

Əlavələrə görə, hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” qanuna müvafiq olaraq KİV-in məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejimi tətbiq oluna bilər.

O da əlavə edilir ki, hərbi vəziyyətin qüvvədə olduğu müddətdə şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə KİV-in azadlığı müvəqqəti məhdudlaşdırıla bilər.

Layihə MM-in plenar iclasına tövsiyə olunub.

Media hüququ üzrə ekspert Xalid Ağaliyev deyir ki, mövcud qanunvericilikdə “Senzuranın yolverilməzliyi” adlanan maddə var:

“Həmin maddə KİV üzərində dövlət senzurasını qadağan edir. Ancaq 2 hal istisna təşkil edir. Fövqəladə vəziyyət və dini ekstremizm əleyhinə əməliiyyatlar zamanı məhdudiyyətə icazə verilir. Dəyişiklik təklifi bu çərçivəni bir qədər də genişləndirir. Təklif qəbul edilsə (yəqin ki, belə də olacaq), hərbi vəziyyət dövründə KİV-in məlumat və materialları hərbi senzuradan keçirilə biləcək. Bundan əlavə, hərbi vəziyyət tətbiq edilən ərazilərdə KİV-ə xüsusi fəaliyyət rejimi tətbiq edilə biləcək. “Televiziya və radio yayımı haqqında” qanuna da eyni məzmunda yeni müddəa əlavə olunur”.

İrəli sürülən dəyişiklik təkliflərinin qiymətləndirilməsinə gəlincə, ekspert “Facebook” səhifəsində yazıb ki, bunları ən müxtəlif baxışlardan qiymətləndirmək olar:

Xalid Ağalıyev
Xalid Ağalıyev

“Məncə, ölkədəki durumdan yanaşsaq, ən ağlabatan izah belə olmalıdı – media qanunlarını daha da mürtəceləşdirmək, məhdudiyyətləri artırmaq, jurnalistləri bilgi toplayıb-yaymaqdan bir az da çəkindirmək, qısası, KİV qanunun məhdudiyyət məzmununun çəkisini bir az da artırmaq. Qanunun tarixçəsini incələyəndə, məhdudiyyətləri artırmaq tendensyası dərhal gözə batır. Bu qanun 99-cu ildə, ölkəmizin Avropa Şurasına daxil olması ərəfəsində qəbul edilib. Həmin vaxt “Senzuranın yolverilməzliyi” maddəsi bircə bölmədən ibarət idi. Orda yazılırdı ki, KİV üzərində dövlət senzurasına yol verilmir, dövlətin qurumlarının, siyasi partiyaların, ictimai birliklərin məlumat və materialların yayılmasını qadağan etmək hüququ yoxdur. 2005-ci ildə həmin maddə aşağıdakı müddəa hesabına zənginləşdirildi: “Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə kütləvi informasiya vasitələrinin azadlığı müvəqqəti məhdudlaşdırıla bilər”.

2016-cı ildə maddəyə daha bir zənginlik payı əlavə edildi:

“Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir”. Beləcə, yavaş-yavaş 99-cu illərə tərəf irəliləyirik”.

Ana səhifəXəbərlər”Yavaş-yavaş 99-cu illərə tərəf irəliləyirik”