”Yataq xəstəsiyəm, əlillik dərəcəsi vermirlər”

“Əgər bir şəxsə əlillik dərəcəsi təyin edilməyibsə və ya təyin edilibsə, bu barədə onun telefon nömrəsinə “SMS” gedir.

Source: meydan tv


Ucar sakini: ''Mərkəzi Xəstəxanadan mənim sənədlərimi göndərmirlər''

“3 dəfə əməliyyat olunmuşam, yataq xəstəsiyəm, ayağımın biri tutulub, amma mənə əlillik dərəcəsi vermək istəmirlər. Dəfələrlə Ucar Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişəm, mənim sənədlərimi göndərmirlər. Daha doğrusu, deyirlər ki, göndərmişik, rədd cavabı gəlib. Həmin cavab rəsmi blankda deyil. Kiçik bir vərəqdə “Zəkiyyə Quliyeva stop” yazılıb, vəssəlam. Deyirlər, budur, sənə gələn cavabdır”, – Ucar sakini, 50 yaşlı Zəkiyyə Quliyeva belə deyir.


“Komissiyanın nəsə gözləntisi var”

Z.Quliyeva bildirir ki, Ucar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Zeynal Bayramlı ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlilliyinin təyini ilə bağlı imtina verdiyini söyləyir. O isə buna inanmır:

“Hər halda, imtina cavabı 3 kəlimədən ibarət, bəsit bir vərəqdə olmaz. Mən bilirəm, komissiyanın nəsə gözləntisi var. Ona görə sənədlərimi ya əskik göndərirlər, ya da heç göndərmirlər. Mən haqqım olan təqaüdü ala bilmək üçün nəsə ödəmək fikrində deyiləm. Niyə mənə təqaüd düşməməlidir? Faktiki yataq xəstəsiyəm, ayağa dura bilmirəm. Əməliyyatdan sonra zəlil qalmışam. Bundan əlavə, həm də təzyiq və şəkər xəstəsiyəm. Mənə də düşmürsə, bəs kimə düşür bu pensiya?”


“Anamın köməksiz yaşaması mümkün deyil”

Z.Quliyevanın oğlu Kənan Quliyev deyir ki, məlumatı var, pul verməyən, hörmət etməyən insanların sənədlərini qəsdən Tibbi Sosial Ekspert Komissiyasına (TSEK) natamam göndərirlər:

“Elə edirlər ki, əlillik dərəcəsi təyin edilməsindən imtina edilsin. Anam 3 dəfə cərrahiyyə əməliyyatı keçirib. Həm şəkər, həm də hipertoniya xəstəsidir. Yeriyə bilmir, bütün günü yataqdadır. Özbaşına ən xırda işi belə görə bilmir. Köməksiz yaşaması mümkün deyil. Bu adama niyə təqaüd, əlillik dərəcəsi düşməməlidir axı?”.

image00003.jpeg
analizlər


“Yolda ayaqqabı ayağımdan çıxırdı, hiss etmirdim”

Z.Quliyeva uzun illər bel ağrılarından əziyyət çəkib. Belində yırtıq olduğu məlum olub. Getdiyi həkimlərin hər biri əməliyyat məsləhət görüb:

“Mən də razılaşdım və həmin yırtığı çıxaranda sinirimə toxunublar. Əməliyyatdan sonra ayaqlarımı hiss etmirdim. 1-1,5 il keçəndən sonra şiddətli ağrılar yenidən başladı. O qədər ağrıyırdı ki, evdə hər gün ağrıkəsici vurmalı olurdum. Sonra halım daha da pisləşdi. Getdim həkimə, dedilər ki, yaranın yeri pis vəziyyətdədir, irinləyib. Təsəvvür edin, güclə yeriyirdim. Yolda ayaqqabı ayağımdan çıxırdı, hiss etmirdim. Həkimlər dedilər ki, təmizlənməlidir, yoxsa beyninə vuracaq. Yenidən əməliyyat etdilər. Onurğamın aralarına hər iki tərəfdən dəmirlər yerləşdiriblər”.


“Bir il keçsin, yenə hissiyyat olmazsa, dabanına iynə vuracaqlar”

Kənan Quliyev deyir ki, bu əməliyyatdan sonra anasının vəziyyəti daha da pisləşib. Ayağının biri demək olar ki, işləmir, çəliklə, zülmlə gəzir:

“Deyiblər, üstündən bir il keçsin, yenə hissiyyat olmazsa, dabanına iynə vuracaqlar. Sonuncu əməliyyat üçün 6 min pul istədilər. Kredit götürüb ödəmişəm. Ayda 272 manat kredit ödəyirik. Hələ 16 ayı qalıb. Növbəti əməliyyata imkanımız yoxdur. Təqaüd ayrılsa, birtəhər etdirmək olar. Heç olmasa, kreditə dəstək olar. Ayırmırlar. Hələ gündəlik nə qədər iynəsi, dərmanı var. Çətindir, ödəyə bilmirik”.


“Haqqım olan əlillik dərəcəsini versinlər, başqa nəsə istəmirəm”

Z.Quliyeva kimsədən yardım, kömək istəmir. Deyir, haqqı olan əlillik dərəcəsini ala bilsə, bəsidir:

“Yeriyə bilmirəm, ayağım tutulub, belimdə dəmirlərlə yaşayıram. Mənə pensiya kəsilsin. Neçə dəfə ərizə yazmışıq, cavab gəlmir”.

image00004.jpeg
sənəd


“Övladlarımın qazancının hamısı mənim iynə- dərmanımdadır”

Gününü ağrıkəsicilərlə başa vurduğunu söyləyən Z.Quliyevanın üç övladı var. Onlardan 2-si Bakıda, 1-i yanında yaşayır:

“Utanıram, inanın. Onların qazandıqları mənim iynə, dərmanımdadır. Halbuki əlilliyim var. Mənə pensiya kəsilsə, özümü təmin edərəm. Kəsmirlər, görünür nəsə gözləyirlər, hörmət etsək verərlər. Bizi süründürürlər. Tək istədiyim oğula, qıza möhtac olmamaqdır. Təkcə bir təzyiq dərmanımın qiyməti 30 manatdır. Heç olmasa, bu şeyləri ödəyim, başqa heç nə istəmirəm. Mən yalandan demirəm, gəlib, baxsınlar, yataq xəstəsiyəm”.


“Bizim qurumlarımız vətəndaşla real ünsiyyətdə olmurlar”

Meydan TV məsələyə münasibət öyrənmək üçün Ucar Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxanadan problemə münasibət bildirməkdən imtina ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov isə Meydan TV-yə deyib ki, əlilliyin təyini üçün müraciətlər daha əvvəlki kimi deyil, elektron qaydada edilir. Bunun üçün Zəkiyyə Quliyeva əvvəlcə Səhiyyə Nazirliyinin tabeliyində olan poliklinika və ya xəstəxanaya müraciət etməlidir:

“Həmin xəstəxana və ya poliklinikada onu müayinə etməli, sənədləri Forma 88 ilə birgə, elektron qaydada bizim sistemə göndərilməlidir. Xəstəxanalar bunu bilir. Bizim qurumlarımız vətəndaşla real ünsiyyətdə olmurlar. Göndərişə əsasən onlara əlillik qrupu təyin edilir”.


“Elektron qaydada gələn göndərişə əsasən əlillik dərəcəsi təyin edilir”

image00002.jpeg
həkim rəyi

F.Talıbov deyir ki, bundan sonra gələn göndəriş adsızlaşdırılaraq, xəstənin qeydiyyatda olduğu TSEK-ə deyil, digər rayonlarda fəaliyyət göstərən TSEK-ə göndərilir ki, onlar bunu şəffaf şəkildə qiymətləndirsinlər:

“Onlar vətəndaşın kimliyini, ünvanını bilmirlər. Biz səhiyyə müəssisəsindən rəsmi elektron qaydasında gələn göndərişlərə əsasən, Nazirlər Kabinetinin mövcud qərarı ilə uzlaşdırıb əlillik dərəcəsini müəyyən edirik”.


“Xəstəyə hər hansı sənəd təqdim edilməsi mümkün deyil”

Fazil Talıbov deyir ki, səhiyyə müəssisəsinin həmin xanıma ona əlilliyin düşüb-düşməməsi ilə bağlı sənəd təqdim etməsi mümkün deyil:

“Əgər bir şəxsə əlillik dərəcəsi təyin edilməyibsə və ya təyin edilibsə, bu barədə onun telefon nömrəsinə “SMS” gedir. Burada hər hansı bir kağıza ehtiyac olmur. Olubsa da, bu, düzgün deyil”.

Zəkiyyə Quliyeva isə deyir ki, ona hər hansı “SMS” xəbərdarlıq, rəsmi məktub gəlməyib. Ucar Rayon Mərkəzi Xəstəxanasının ona verdiyi, üzərində “Zəkiyyə Quliyeva stop” qeyd olunan kağızdan başqa əlində heç nə yoxdur.

Ana səhifəBölgə”Yataq xəstəsiyəm, əlillik dərəcəsi vermirlər”