Yaşlı qadınların torpağını mənimsəməkdə ittiham olunan şəxslərə hökm oxundu

Foto: Meydan TV

Zərərçəkmişlərin mülki iddiası baxılmamış saxlanıldı

Bakının Xəzər rayonu, Türkan qəsəbəsində 79 yaşlı Əzizəxanım Atayeva və 92 yaşlı Xumara Şabanova sağ olduğu halda, onların ölməsi barədə saxta sənədlər hazırlayıb, hər birinin 25 sot torpaq sahələrini satmaqda təqsirləndirilən şəxslərin məhkəməsi yekunlaşıb. Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu işdə təqsirləndirilən beş nəfərə hökm oxunub.

Təqsirləndirilən şəxslərin arasında Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə keçmiş nümayəndəsi Rahil Babayev, Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov və onun müavini Eldar Mirzəyev, Türkan və Zirə qəsəbələrində daşınmaz əmlak alqı-satqısıyla məşğul olmuş Çingiz Səfərov və Daşqın Nəsirov da var. Adları çəkilən şəxslərdən ikisi – Rahil Babayev və Çingiz Səfərov həbsdədir. Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu olan Daşqın Nəsirov da həbsdə idi. Lakin o, təxminən dörd ay həbsdə saxlandıqdan sonra səhhətindəki problemlər əsas gətirilərək, buraxıldı.

Hakim Azər Paşayevin sədrliyilə çıxarılan hökmə əsasən, Çingiz Səfərov 3 il 6 ay, Rahim Babayev 2 il azadlıqdan məhrum edilib. Onlar 2020-ci ilin dekabrından həbsdədir.

Daşqın Nəsirov, Zəfər Abdulov və Eldar Mirzəyevə isə şərti cəza verilib.

Daşqın Nəsirov məhkəmə dövründə prokurorluğun depozit hesabına 190 min manat vəsait köçürmüşdü. Məhkəmə həmin vəsaitin aidiyyəti üzrə köçüçülməsinə qərar verib. Lakin aidiyyəti üzrə dedikdə konkret hara köçürüldüyü məlum olmayıb.

Məhkəmə prosesinin əvvəlində Əzizəxanım Atayeva və Xumara Şabanovanın nümayəndəsi Cavad Cavadov mülki iddia qaldırıb ki, onlara məxsus torpaqların satılması nəticəsində dəymiş ziyan ödənilsin. Hökmdə bu məsələyə də toxunulub. Hakim zərərçəkmişlərin mülki iddialarının baxılmamış saxlanmasına qərar verib.

Məhkəmə prosesinin gedişində Xumara Şabanova vəfat edib. Onun oğlu zərərçəkmişin hüquqi varisi qismində tanınıb.

Əzizəxanım Atayeva Meydan TV-yə bildirib ki, onun dörd övladı var. Kiçik oğlunun savadsızlığından istifadə edib, ona bilmədiyi bir sənədə imza atdırıblar. Sənədləşməni də elə aparıblar ki, sanki onun dörd yox, bir övladı var, özü də 2006-cı ildə vəfat edib.

Digər zərərçəkmiş, mərhum Xumara Şabanova bildirmişdi ki, ələ keçirilmiş 25 sot torpaq sahəsi ona qayınatasından miras qalmışdı:

“O torpağı qayınatam mənim oğluma bağışlamışdı. Mən 36 yaşım olanda həyat yoldaşımı itirmişəm. O uşaqları tək böyütmüşəm. Qayınatamın mülküdür. 92 yaşım var. Getdim ki, oğlumun adına keçirdim. Oğlum çıxıb dedi ki, ay ana, bağımızı bizdən xəbərsiz satıblar, sənin də adına ölüm kağızı çıxarıblar. Mən adıma ölüm kağızı düzəldən adamı görmək istəyirəm. Ona iki kəlmə deyiləsi sözüm var…”

Ana səhifəXəbərlərYaşlı qadınların torpağını mənimsəməkdə ittiham olunan şəxslərə hökm oxundu