İqtisadçı: “Bu qərar köhnə avtomobillərin qiymətinin qalxmasına səbəb olacaq”
Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsi məhdudlaşdırılıb.
Martın 29-da baş nazir Əli Əsədov belə qərar verib.
Qərar raritet minik avtomobilləri (qiymətli, nadir) və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobillərinə şamil edilmir.
Qərarın insanların həyat və sağlamlığının, habelə ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması, ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə verildiyi qeyd olunub.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
İqtisadç Qubad İbadoğlu düşünür ki, bu addım Azərbaycanda köhnə avtomobillərin qiymətinin qalxmasına səbəb olacaq.
Bundan əlavə, iqtisadçı qeyd edir ki, Nazirlər Kabinetinin bu qərarı dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.
Onun sözlərinə görə, ABŞ-dan, Koreyadan martın 28-də yola salınan avtomobil ən tezi 40-45 günə Gürcüstan limanlarına çatır:
“Odur ki, belə qərarlar qüvvəyə 30 günə yox, 90 gündən sonra minməlidir”.
“Bundan əlavə, məhdudlaşdırma hansı mənada işlədilir, tam qadağan olur, yoxsa istisnalar olacaq. Bu da tam açıqlanmır. Bəlli olan isə odur ki, Azərbaycandakı köhnə avtomobilərin qiyməti bahalaşacaq”, – deyə iqtisadçı bildirib.