Şahbaz Xuduoğlu: “Oxucuların haqqına hörmət etmək lazımdır”
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (AzTM) keçirdiyi ilk mətbuat konfransı maraqlı açıqlamlarla yadda qaldı. Mərkəzin rəsmisi Yaşar Əliyev bildirdi ki, məsələn, Markiz De Sadın “Sodomun 120 günü” kimi insan beynini zəhərləyən əsərini tərcümə etməkdənsə, həmin müəllifin insani hisslər aşılayan əsərlərini tərcümə etmək AzTM üçün daha uyğun olacaq. Bəzi özəl nəşriyyatların tərcümələri redaktorsuz çap etdirdiklərini və bununla da dili korladıqlarını deyən Yaşar Əliyev təmsil etdiyi qurumun gələcəkdə özəl nəşriyyatlara nəzarət etmək fikrində olduğunu da açıqladı.
AzTM-in bu açıqlamalarına tərcüməçi və naşirlərin münasibəti maraq doğurur.
“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu hesab edir ki, AzTM özəl nəşriyyatların tərcümələrini bəyənmirsə, ilk öncə özü sovet dövründən qalmış lüğətləri, ensiklopediyaları təzələməlidir. Naşir özəl nəşriyyatlara nəzarəti mümkünsüz hesab edir: “ Sən öncə lüğətlər ver və sonra bax, gör, o lüğətlərə uyğun, deyək ki, o ensiklopediyalara uyğun tərcümələr olunur, ya olunmur. Amma boş havadan nəzarət etmək…Nəzarət mümkünsüzdür. Çünkü konstitusiya bunu qadağan edir. Senzura yoxdur”.
Şahbaz Xuduoğlunun sözlərinə görə, hər hansısa əsərin tərcüməsinə qadağa qoymaq oxucunun informasiya almaq hüququnu pozmaqdır : “Biz işimizi belə qurmamışıq. Mənə elə gəlir ki, oxucuların haqqına hörmət etmək lazımdır. Məlumat almaq, informasiya toplamaq, eyni zamanda bilgi əldə etmək, bütün bunlar oxucuların təbii, özəl haqlarıdır. Və biz bunların qarşısını ala bilmərik”.
Tərcüməçi Kifayət Haqverdiyeva deyir ki, o, sənət əsərlərinə qadağa qoyulmasının əleyhinədir: “Mən birmənalı şəkildə deyirəm ki, yəni bu cür sənət əsərlərinin tərcüməsinə qadağa qoyulmamalıdır. Və bunlar dəfələrlə çap edilməlidir. Həmin əsərlər doğrudan da, düşünməyə sövq edirsə, doğrudan da, oxucunun dəyərlərinin formalaşmasına xidmət edirsə, həmin ədəbi əsərlər mütləq çap olunmalıdır. Özü də bir dəfə yox, bir neçə dəfə çap olunmalıdır.
“Alatoran Yayınları” nın sahibi, şair Rasim Qaraca isə düşünür ki, ümumiyyətlə, Yaşar Əliyevin açıqlamaları Azərbaycanın Avropaya inteqrasiya siyasətinə ziddir: “Çünkü bazar iqtisadiyyatı şəraitində pis tərcüməni oxucular almayacaq və bununla da o nəşriyyat iflas etmiş olacaq. Yəni bu işlər bazar rəqabəti şəraitində tənzimlənməlidir. Çox maraqlıdır ki, o sovet dönəmindəki tərcümə mərkəzi modeli hal-hazırda rəhbər tutulur. Yaşar bəyin açıqlamaları da oradan qaynaqlanır. Çünki onun yeni metodlardan xəbəri yoxdur”.
Şair hesab edir ki, yeni yaradılmış AzTm təmsilçiləri funksiyalarının nə olduğunu özləri də bilmir: “ Hətta Afaq Məsudun məclisə gəlməməyindən də hiss olunur ki, nə danışacağını bilmir. Çünki hələ öz vəzifələrini tam dərk edə bilmir. Halbuki, bu cür tərcümə mərkəzləri Avropada standartlaşıb. Adətən, Mədəniyyət Nazirliklərinin nəznində fəaliyyət göstərirlər. Nümunə olaraq, məsələn, Gote İnstitutu, İsveçrədə -Pro Helvetia, Norveçdə -Norla, Türkiyədə -TEDA Projesi . Bizim tərcümə mərkəzimiz isə Avropa standartında bir tərcümə mərkəzi deyil, bu, əmr ilə yuxarıdan yaradılmış və əmr verənin də görünür, eşitdiyi, amma tam dərk etmədiyi bir strukturdur”.