“Azərbaycanla NATO arasında münasibətlər imitasiya xarakteri daşıyır”
“Bütün problemlərin kökünü siyasi hakimiyyətin ordu quruculuğu konsepsiyasında axtarmaq lazımdır. Kağız üzərində elan olunmuş konsepsiyadan söhbət getmir. Söhbət hakimiyətin Silahlı Qüvvələrə münasibətdə həyata keçirdiyi real siyasətdən gedir. İqtidar ordudan hakimiyyəti əlində saxlamağa imkan verən əsas dayaq nöqtələrindən biri kimi istifadə edir. Bütün siyasət sui-bəhrələnmə üzərində qurulub. Özü də bu təkcə seçkilər zamanı hərbi qulluqçuların səslərini kütləvi şəkildə öz xeyrinə saxtalaşdırmaqla bitmir”.
Bu sözləri Azərbaycan Regional Strateji Araşdırmalar İnstitutunun direktoru Yaşar Cəfərli “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun bloquna müsahibəsində deyib (
“200 mindən çox valideyn 18 ay ərzində çağırış sisteminin əsirinə çevrilir”
).
Yaşar Cəfərli ordudakı insan haqları ilə bağlı problemlərin əsas səbəblərindən danışıb: “Həmin siyasətin nəticəsidir ki, ictimai şüurda hərbi xidmət həyat üçün təhlükə mənbəyi, Silahlı Qüvvələr ucuz və mənasız ölüm məkanına çevrilib. Əmək birjasında rəqabətə dözümlülük baxımından bir çox peşələrdən geri qalan zabit peşəsi isə gənclər arasında heç də populyar deyil”.
Hərbi ekspert deyib ki, mövcud iqtidarın hakimiyyəti dövründə cəmiyyətin ölüm hallarının sayının azalmasına ümid etməsi əbəsdir: “Səbəb çox sadədir. Bildiyimiz kimi, itkilər iki hissəyə bölünür: döyüş və qeyri-döyüş itkiləri. Döyüş itkilərinin əsas səbəbini siyasi hakimiyyətin münaqişə vəziyyətindən maksimum dərəcədə yararlanmaq arzusunda axtarmaq lazımdır. Bir tərəfdən hakimiyyət əhalini müharibə qorxusu altında saxlamaq üçün atəşkəs rejiminə riayət etməkdə maraqlı deyil. Çünki bu hökumətə əksəriyyəti özünə tabe vəziyyətdə saxlamağa, rahatlıqla öz istəyinə uyğun idarə etməyə kömək edir. İkinci tərəfdən, ölkədə ictimai-siyasi proseslər iqtidarın arzulamadığı istiqamətdə inkişaf edəndə diqqəti əsas məsələlərdən yayındırmaq üçün cəbhə bölgəsində süni qarşıdurma yaradılır. Bir çox hallarda atəşkəsin pozulması ordumuza döyüş itkilər verməklə baha başa gəlir. Təbii ki, burada itkilərə görə məsuliyyət birbaşa siyasi rəhbərliyin üzərinə düşür. Doğrudur, Müdafiə Nazirliyinin rəhbərliyi, ordu generalları hərbi nizamnamələrin tələblərinə əsasən tabeçilikdə olan şəxsi heyətin həyat və sağlamlığına məsuliyyət daşıyan şəxslər olaraq qanunların verdiyi imkanlar çərçivəsində siyasi rəhbərliyi mənasız yerə qan axıdılmasından çəkindirməyə sövq edə bilərlər. Amma hərbi komandanlıq və generalitet belə qətiyyətli addımlar atmağa özündə güc tapmır və ya bəlli səbəblərdən buna ehtiyac duymur”.
Yaşar Cəfərli müsahibəsində daha sonra hərbi xidmətə çağırış sistemindəki problemlərə də toxunub: “İtkilərin sayının azalmamasına təsir edən amillərdən biri də cəmiyyətin müqavimətsizliyidir. Orduda baş verən ölüm hadisələri “şükranlıq” fəlsəfəsinin hökmünə itaət edən toplumu “daha çətin sınaqlara düçar olmamaq” üçün susmağın ən yaxşı çıxış yolu olduğuna inanmağa sövq edir. Siyasi hakimiyyət xalqımızın bu fəlsəfi müqavimətsizliyindən də lazımınca yararlanır. Əlbəttə ki, övladları ölüm təhlükəsi altında olan 200 mindən çox azərbaycanlı valideyin 18 ay ərzində çağırış sisteminin əsirinə çevrilir. Övladsevər xalqımız əsgərlikdən, ölümün caynağından qayıtmış oğullarını hələ bir müddət də əzizləməkdə davam edir, onları “naşükür” olmamağa çağırır, yerlərində sakit oturmağı məsləhət görür”.
Hərbi ekspert ordudakı rüşvət və korrupsiya hallarına da toxunub: “Mənim məlumatlarıma görə, aşağı təbəqələrdə müəyyən irəliləyişlər var. Yuxarılarda isə ciddi dəyişikliklər müşahidə olunmur. Bütün digər sahələr kimi Silahlı Qüvvələr də hakimiyyətin insiharındadır. Hərbi büdcə ölkəni idarəedənlərin birbaşa nəzarətindədir. Əsas korrupsiya prosesləri də orada baş verir. O sahəyə də xalq nəzarət edə bilmir. Hesabatlıq isə ya yoxdur, ya da ki, həqiqəti əks etdirmir. Məsələn, 2015-ci il üçün Azərbaycanın müdafiə xərcləri 4,2 milyard dollardan çoxdur. Qonşu İranda eyni məqsədlər üçün 2015-ci ildə 6,3 milyard dollar ayrılıb. Göründüyü kimi, rəqəmlər arasında fərq böyük deyil. Bəs görəsən, ölkəmizin müdafiə qüdrəti də bütün dünyaya meydan oxuyan, ABŞ, NATO qarşısından geri çəkilməyən İranın müdafiə qüdrətinə yaxındır? Məncə, hamını düşündürən başqa bir maraqlı sual da var: “Hərbi büdcə pulları hara və necə xərclənir?” Cavabı kimdən alaq?”
“Mən Azərbaycanın gələcək perspektivini NATO-ya üzvlükdə görürəm. İndiki mərhələdə, bu, real görünümür. Çünki Azərbaycan iqtidarı bu məsələdə də siyasəti öz arzusuna uyğun qurub. Hazırda, gurultulu bəyanatlara baxmayaraq, Azərbaycanla NATO arasında münasibətlər və ölkəmizin bu quruma üzv dövlətlərlə əməkdaşlığı yalnız imitasiya xarakteri daşıyır. Hökumət dəyişiklik etmək arzusunda deyil. Ona görə də hansısa təkliflər verməyin, fikirlər yürütməyin heç bir mənası yoxdur” – deyə Yaşar Cəfərli əlavə edib.
Onu fikrincə, hakimiyyət dəyişikliyi baş verməyincə, Azərbaycan xalqı ordu quruculuğu sahəsində köklü islahatların şahidi ola bilməyəcək.