Yaşamaq naminə hannibalizm

And dağlarında faciə

1972-ci il oktyabrın 12-də Uruqvayın paytaxtı Montevideonun “Old Christians” reqbi klubu Çilinin paytaxtı Santyaqoya uçur. Onlar burada “Old Boys” komandasına qarşı oynayacaqlar. Bu məqsədlə onlar Uruqvay Hərbi Hava Qüvvələrinə məxsus “Fairchild FH-227D” təyyarəsini icarəyə götürüblər.

Komanda heyəti 21 nəfərdən ibarətdir. Qalan yerlərə Montevideo aeroportunda bilet satılır. Amma sonda boş yerlər qaldığından bəzi oyunçuların ailə üzvləri, tələbə yoldaşları da pulsuz səfər imkanından istifadə edirlər.

Montevideo və Santyaqo demək olar ki, eyni coğrafi enlik üzərində yerləşiblər. Aralarındakı məsafənin çox hissəsini Argentina ərazisi təşkil edir. Çili-Argentina sərhədi boyunca isə And dağları uzanır. Santyaqo şəhəri də bu dağlardan demək olar ki, dərhal sonra yerləşir.

40 sərnişin və 5 ekipaj üzvündən (onlar hamısı hərbçilər idi) ibarət təyyarə And dağlarına yaxınlaşdıqca hava korlanır. Buna görə də ekipaj Argentinanın Mendosa şəhərinin hava limanına enməyi və uçuşu ertəsi gün davam etdirməyi qərara alır.

Mendosadan Santyaqoya birbaşa xətt üzrə məsafə 200 km-dir. Lakin həmin marşrut üzərində dağlar çox yüksəkdir Məsələn, And dağlarının ən hündür (6960,8 metr) zirvəsi olan Akonkaqua da buradadır. Hava isə çox da yaxşılaşmayıb, təyyarə tam yüklənib. Üstəlik “Fairchild FH-227D” təyyarəsinin maksimum hündürlük tavanı 8500 metrdir.

Buna görə də təyyarənin ekipajı U şəkilli marşrutla uçmaq qərarına gəlir. Yəni Mendosadan qalxan təyyarə And dağlarına paralel şəkildə cənuba tərəf istiqamət alacaq, daha sonra qərbə dönərək hündürlüy 2515 m olan Plançon aşırımı üzərindən dağları keçəcək, Çilinin Kuriko şəhərinə çatdıqda isə yenidən şimala doğru uçaraq Santyaqoya enəcəkdi. Bu marşrutun uzunluğu 600 km olsa da, daha təhlükəsiz sayılırdı.

Uçuşun planlaşdırılan trayektoriyası

Uçuşun planlaşdırılan trayektoriyası

Təyyarə Mendosadan oktyabrın 13-də saat 14.18-də qalxır. Uçuş əsasən 5500 metr hündürlükdə davam edir. Hava sıx buludlu olduğu üçün təyyarə cihazların göstəricilərinə uyğun olaraq idarə edilir, vizual imkanlar məhduddur.

Plançon aşırımını keçdikdən 3 dəqiqə sonra, saat 15.24-də təyyarəni idarə edən ikinci pilot Dante Laqurara dispetçerə artıq Kurikoya çatdığını və şimala, Santyoqa doğru dönəcəyini bildirir. Əslində isə Plançon aşırımından Kurikoya qədər uçuş təxminən 11 dəqiqə vaxt tələb edir.

Başqa sözlə desək, pilot And dağlarını artıq arxada qoyduğunu düşünüb şimala dönməyə başlayarkən, əslində dağ silsiləsinin tən ortasında idi. Təyyarənin daha təcrübəli kapitanı, 29 dəfə And dağlarını adlamış Xulio Ferradasın ikinci pilotun səhv etdiyini niyə duymaması qaranlıq qalır. Eləcə də dispetçer radar olmasa belə uçuşun vaxtına əsasən uyğunsuzluğu müəyyən edə bilərdi.

Lakin, hər necə olur olsun, 45 sərnişinin olduğu təyyarə And silsiləsinin düz ortası ilə uçmağa başlayır. Üstəlik, Santyaqoya yaxınlaşdığını güman edən pilot dispetçerdən aşağı enmək üçün icazə istəyir. Dispetçer də 3500 metr hündürlükdəki eşalonu tutmağa icazə verir.

Təyyarənin içindəki gənclər isə baş verənlərdən xəbərsizdir. Qustavo Serbino xatırlayır ki, komanda üzvləri deyir-gülür, reqbi topunu bir-birlərinə atırdılar, hamını möhtəşəm əhval-ruhiyyəsi vardı. Hətta təyyarənin turbulent zonaya daxil olması da gənclərin əhvalını korlamır. Onlar hələ də zarafatlaşır, qorxusunu büruzə verən yoldaşlarına lağ edirlər. Turbulentlik isə getdikcə artır.

Təyyarə getdikcə buludlardan aşağı enir və sərnişinlər dağların çox yaxınlığında uçduqlarını görürlər. Bu zaman artıq kimsə gülmür, hamı anlayır ki, dağlara bu qədər yaxın uçuş normal ola bilməz. Təyyarənin yerlə təhlükəli yaxınlaşmasından xəbər verən cihaz siqnal verməyə başlayır. Pilotlar irəlidə dağ zirvəsi olduğunu görürlər və şturvalı özlərinə çəkir, mühərrikin gücünü artırmaqla təyyarəni cəld yüksəyə qaldırmağa çalışırlar.

Lakin artıq gecdir. Saat 15.34-də təyyarənin sağ qanadı qayaya toxunur, yerindən qopur və quyruq hissəsini də özüylə aparır. Arxa hissə açılır, bir neçə sərnişin çölə sovrulur. Təyyarə zirvənin əks tərəfinə düşür və qarın üzərində sürətlə üzüaşağı getməyə başlayır. Bu zaman sol qanad da yerə dəyərək qopur. Hər iki qanadını və gövdəsinin arxa hissəsini itirən təyyarə bir müddət sürüşdükdən sonra qar topasına girərək dayanır.

***

Bilavasitə qəza zamanı 12 nəfər həlak oldu. Onlardan doqquzu sərnişin, üçü isə təyyarənin kapitanı da daxil olmaqla ekipaj üzvü idi. İkinci pilot ağır yaralı vəziyyətdə kabinədə sıxışmış halda qalıb, çıxarmaq mümkün deyil. Sağ qalan sərnişinlər arasında da xeyli yaralılar var. Təyyarənin qar topası ilə toqquşub dayanmasına görə sərnişin oturacaqları yerindən qopub irəliyə getmiş və bir neçə nəfərin ayağını sındırmışdı.

Bədbəxtlikdən komandanın həkimi Fransisko Nikola (və arvadı) ölənlər arasındadır. Tibb fakültəsinin ikinci kurs tələbələri olan Roberto Kanessa və Qustavo Serbino yaralılara yardım göstərməyə çalışırlar. Amma onların bir çoxunun vəziyyəti ağırdır, zəruri ləvazimatlar isə yoxdur.

Təyyarə 3570 metr hündürlükdə, qarların əhatəsində dayanıb. Uruqvaylılar üçün olduqca qeyri-adi şərait idi. Onların bəlkə də heç biri indiyə qədər qar görməyib. Düzənlik ərazidə yerləşən Uruqvayın ən yüksək zirvəsi dəniz səviyyəsindən 514 metr, ətraf relyefdən isə cəmi 63 metr yüksəklikdə yerləşən Katedral dağıdır. İndi onlar ətrafa maraq, heyrət və qorxu qarşıq hisslərlə tamaşa edirlər.

Sağ qalanlar bütün baqaj yükünü ələk-vələk edərək tapdıqları geyimləri üst-üstə geyinirlər, təyyarənin içini təmizləyirlər, meyidləri çölə çıxarırlar. Axşama doğru soyuğun qarşısını almaq üçün qar, sınmış oturacaqlar və çantalarla təyyarənin açıq hissəsi örtülür, hamı bir-birinə sarılaraq yatır.

Birinci gecə xüsusilə çətin keçir. Hər yerdə ağır yaralıların ah-naləsi eşidilir.Onları nəinki müalicə etmək, ağrılarını azaltmaq üçün belə dərman yoxdur. Ertəsi gün, oktyabrın 14-də daha 5 nəfər, o cümlədən ikinci pilot keçinir. Sağ qalanların sayı 28-ə düşür.

Sərnişinlər çantalarda qida üçün 8 plitka şokolad, üç banka mürəbbə, bir neçə butılka çaxır, likör və bəzi başqa yeyəcəklər tapırlar. Bununla belə, onlar ruhdan düşmürlər, çünki başlarının üzərindən onları axtaran təyyarələr uçur. Bu təyyarələri görən insanlar sevincdən atılıb düşür, bir-birlərini qucaqlayırlar.

Ancaq onlar bilmirlər ki, xilasedicilər onları görməyiblər. Təyyarənin ağ gövdəsi qar üzərində tamamilə görünməzdir. Bir neçə gün sonra bunu anlayanda qadınlara məxsus pomadaları yığıb təyyarənin üzərində SOS yazmaq istəyirlər, lakin pomada yetərincə deyil.

Oktyabrın 15-də ölən olmur, əvəzində "dirilən" var. Komandanın liderlərindən biri, indiyə qədər öldüyü güman edilən Nando Parrado həyat əlamətləri göstərməyə başlayır. Özünə gəldikdə ilk soruşduğu onlarla birlikdə uçan anasının və bacısının taleyi olur.

Aldığı xəbərlər isə sevindirici deyil: anası həlak olub, 17 yaşlı bacısı Susanna isə ağır yaralıdır. Nando hər vəchlə bacısını xilas etməyə çalışır. Lakin o, oktyabrın 21-də vəfat edir. Sağ qalanların sayı artıq 27-dir.

Qəzanın 11-ci günü təyyarənin künc-bucaqlarının birindən kiçik radioqəbuledici tapılır. Onun vasitəsilə özləri barədə sarsıdıcı xəbər eşidirlər. Uruqvay, Argentina və Çili xilasedicilərinin iştirak etdikləri xilasetmə əməliyyatı hələ 3 gün öncə dayandırılıb və onlar ölmüş sayılırlar.

Bununla sərnişinlər acı həqiqəti dərk edirlər: kənardan heç bir köməyə bel bağlamaq olmaz və onları yalnız özləri xilas edə bilərlər.

***

Sərnişinlərdən Adolfo Strauç öz bacarığı ilə seçilirdi. O, pilot kabinesindəki günəş əleyhinə sipərdən və büstqalter qayışlarından istifadə edərək bir neçə eynək düzəldir. Bununla da qar korluğunun qarşısını alır. İçməli su əldə etmək üçün düşünülən üsul da Strauçun xidməti idi.

Sərnişinlər su əldə etmək üçün oturacaqlardan çıxarılan metal lövhələrədən istifadə edirdilər. Onlrın üzərinə qar yığılaraq günəş altına qoyulur, əriyən qar boşaldılnış çaxır şüşəsinə axırdı. Qida məsələsi isə daha çətin idi.

Ciddi qənaətlə istifadə edilməyinə baxmayaraq, məhdud qida ehtiyatı bir neçə gün ərzində tükəndi. 3500 metr hündürlükdə isə yeyiləcək heyvan və ya bitki tapmaq mümkün deyildi. Qəzanın onuncu günü heç bir qida qalmadığından "nə yeməli?" sualı daha kəskin durdu.

Seçim elə də böyük deyildi və qısa müzakirədən sonra Nando Parrado ölmüş pilotların cəsədini yeməyi təklif edir. Çünki digər meyidlərdən fərqli olaraq pilotları tanımırdılar və heç bir şəxsi bağlılıqları yox idi.

Cənubi Amerika sakinlərinin böyük əksəriyyəti kimi sağ qalan sərnişinlər də inanclı katolik idilər. Buna görə də hannibalizmə müraciət etmək heç də asan olmadı. Bəziləri yediklərini dərhal qaytarırdılar. Lakin xilasetmə əməliyyatının durdurulması barədə eşitdikləri xəbərdən sonra başqa çıxış yolunun qalmadığını hamı dərk etdi. Tədricən hamı alışdı, bircə Numa Turkattidən başqa.

Doğru davrandıqlarından əminsizlik, tərəddüd və vicdan əzabı sərnişinləri vəziyyəti bir daha müzakirə etməyə vadar edir. Onlar bağladıqları razılığa əsasən əgər ölərlərsə, öz bədənlərini sağ qalanlara, bizim anlamda desək, halal edirlər.

***

İddialara görə, And dağlarında hər il 250 min qar uçqunu olur. Lakin sağ qalan sərnişinlər bu statistikadan xəbərsizdirlər və hər gün başlarının üzərində (sözün hərfi mənasında) hansı təhlükə olduğunu bilmirlər.

Dalbadal üç gün qar yağandan sonra oktyabrın 29-da gecəyarı uzaqdan möhkəm uğultu səsi gəlir. Qısa müddət sonra tonlarla qar təyyarənin içinə daxil olur və bütün sərnişinləri örtür. Üstəlik, çöldə də təyyarənin üzəri qarla örtülür.

Sərnişinlərdən Roy Harli və Karlos Paes müstəqil şəkildə qar altından çıxmağı bacararaq digərlərini də azad etməyə başlayırlar. Onların azad etdikləri də başqalarını azad edirlər. Lakin hamını xilas etmək mümkün olmur.

Qar uçqunu ekipajın yeganə sağ qalan üzvü Karlos Roke və sonuncu sağ qalan qadın Liliana de Metol da daxil olmaqla səkkiz nəfəri öldürür. Bununla ölənlərin sayı 26, sağ qalanların sayı isə 19 olur.

Qarın təyyarədən çıxışı kəsməsi ucbatından 3 gün çölə çıxa bilməyən sərnişinlər uçqun zamanı həlak olan yoldaşlarının əti ilə qidalanmağa başlayırlar. Böyük çətinliklə oktyabrın 31-də çölə çıxanda isə sərt çovğunla üzləşib tələsik geriyə qayıdırlar.

Cənub yarımkürəsində yay fəslinin yaxınlaşması ilə əlaqədar noyabrda havalar daha mülayim keçməyə başlayır. Sağ qalanlar təyyarədən nisbətən bir qədər uzağa səhayət edə bilirlər.

Onlar gövdənin quyruq hissəsini və onunla sovrulan çantaları tapmaq istəyirdilər ki, bəlkə əlavə qida və digər yararlı şeylər əldə edə bilsinlər. Lakin axtarışlar uğursuz olur.

Sərnişinlər sağ olduqlarını xəbər vermək və kömək istəmək üçün bir neçə nəfərdən ibarət qrupun yola düşməsini planlaşdırırlar. Bunun üçün Nando Parrado, Roberto Kanessa, Numa Turkatti və Antonio Vizintin seçilirlər. Onlar bir neçə gün gündəlik işlərdən azad edilirlər, daha çox qida yeyirlər ki, qüvvə toplasınlar. Daha isti geyimlə təmin olunurlar.

Qəzadan sonra ikinci pilotun təəccüblə "biz Kurikonu keçmişdik" söyləməsinə istinad edən gənclər Çili ərazisində olduqları qənaətinə gəlirlər. Buna görə də qərbə doğru getmək lazım gəldiyini düşünürlər. Amma qərb isitqamətində hündür bir dağ var idi. Ona görə də qrup əvvəlcə şərqə, sonra isə vadidən dolanıb qərbə dönməyi qərara alır.

Noyabrın 15-də yola düşən qrup 1,6 km şərqdə gözlənilmədən təyyarənin quyruq hissəsini tapırlar. Onlar burada kiçik şokolad qutusu, üç ədəd kotlet, siqaretlər, bir şüşə rom, geyim, fotoaparat, bəzi dərmanlar tapırlar. Ocaq qalayaraq gecələyən qrup ertəsi gün yürüşü davam edir. Lakin açıq havada keçirdikləri ikinci gecə zamanı az qala donacaqlaından geri qayıtmağı qərara alırlar.

Onlar təyyarənin quyruq hissəsində gördükləri akkumlyatorları gövdənin yanına apararaq radiostansiyaya qoşmağı və SOS siqnalı göndərməyi düşünürlər. Lakin ağır akkumlyatorları üzüyuxarı qaldırmaq çətindir. Belə olduqda radiostansiyanı açıb quyruq hissəsinin yanına gətirmək qərara alınır.

Radiostansiyanı işə salmağa Roy Harli cəhd göstərir. Onun radiotexnikadan yaxşı anlayışı vardı, evdə özü üçün musiqi sistemi yaratmışdı. Lakin bütün cəhdlərinə baxmayaraq radiostansiyanı işə sala bilmədi.

Sağ qalanlardan isə daha iki nəfər noyabrın 15-də və 18-də vəfat edir. Onların hər ikisi qəza zamanı ağır xəsarətlər almışdılar və qanqrenadan öldülər. Yaşayanların sayı 17-yə düşdü.
İlk cəhd uğursuz olsa da, qiymətli təcrübə toplamağa kömək etdi. Bunlardan biri o idi ki, şərqə tərəf gedən vadi ilə dolanıb qərbə dönmək mümkün deyil. Digər qənaət havaların mülayimləşməsi üzündən qarın yumşalması və yeriməyin çətinliyi idi. Buna görə oturacaqların süngərlərindən qarda yerimək üçün vasitə düzəldildi.

Ən əsas təcrübə isə gecə donmamaq üçün çarə tapmaq idi. Tikiş işini bacaran Karlos Paes uçuş zamanı təyyarənin içini soyuqdan qorumaq üçün istifadə edilən, rütubət keçirməyən izolyasiya materialından yataq çuvalı tikməyi təklif edir. Əllərində olan materiallarla Paes və başqaları çuvalı bir neçə gün ərzində tikdilər.

Dekabrın 11-də dəstə daha bir itki verdi. Göstərdiyi bütün cəhdlərə baxmayaraq, orqanizmi insan ətini qəbul etməyən və daim qaytaran Numa Turkattı aclıqdan vəfat etdi. Ölərkən onun çəkisi 25 kq həndəvərində idi.

***

Dekabrın 12-də Nando Parrado, Roberto Kanessa və Antonio Vizintin xilas olmaq üçün yürüşə çıxdılar və qərbə doğru yollandılar. Bu istiqamətdə olan zirvəni aşdıqdan sonra Çilinin insanlar məskunlaşan ərazisinə yetişəcəklərinə şübhə etmirdilər. Axı, ikinci pilot Kurikonu keçdiklərini söyləyirdi.

Qrup özü ilə qida ehtiyatı (yəni insan əti), yataq çuvalı və təyyarənin quyruğundan tapdıqları bir şüşə romu götürmüşdü. Onların rəhbəri Nando Parrado idi. Nando bir gün ərzində zirvəni fəth edəcəklərinə və o biri tərəfdə enərək sivilizasiyaya qovuşacaqlarına əmin idi.

Lakin zirvəyə çıxmaq çox ağır başa gəldi və üç gün tələb etdi. Üstəlik, böyük çətinliklə dağa çıxan qrup qarşı tərəfdə yaşıl çəmənliklər deyil, ucsuz-bucaqsız dağlar, dərələr və vadilər gördü. Onların təxminlərinin əksinə olaraq And dağlarının qərb yamacında deyil, onun düz ortasında, Argentina-Çili sərhədində idilər. Xilas olmaq üçün hələ onlarla kilometr enişli-yoxuşlu yol getmək lazım idi.

Açılan mənzərəni görən üçlük dəhşətli bir ümidsizliyə qapılaraq yerə oturur. Lakin başqa çarə yox idi, irəli getmək lazım idi. Təyyarənin yanına qayıtmağın perspektivi yox idi. Nando Parradonun irəliyə itələyən başqa bir özəl səbəb vardı. Onun nə anasının, nə də bacısının meyidi hələ yeyilməmişdi. Amma xilas olmazdılarsa, növbə onlara da çatacaqdı.

Qrup gecəni rom içə-içə zirvənin başında keçirir, ətrafdakı mənzərəni seyr edirdi. Bu zaman Parrado Kanessaya deyir: "Roberto, amma möhtəşəm mənzərədir. Əgər biz ölümün ağuşunda olmasaydıq, bundan həzz də almaq olardı".

Dekabrın 15-də səhər Parrado Antonio Vizintinə təyyarə gövdəsinin yanına qayıtmağı tapşırır. Çünki səfər gözlənildiyindən çox çəkəcəkdi, qida ehtiyatı yetməyə bilərdi. Möhkəm sevinən Vizintin sürətlə üzüaşağı sürüşərək bir neçə saatdan sonra köhnə düşərgələrinə yetişir.

İki yoldaş isə öz yollarına davam edirlər. Sonralar Roberto Kanessa xatırlayır ki, o, xilas olacaqlarına heç bir ümidi olmadan irəli gedirdi. Sadəcə ona görə ki, geriyə, təyyarənin gövdəsinə qayıtmağın heç bir əhəmiyyəti yox idi.

Heç bir alpinist ləvazimatı və təcrübəsi olmayan dostlar daha bir neçə gün yol getdilər. Onların qət etdikləri yolun uzunluğu 60 km-dən artıq idi. Tədricən qarlı sahələr arxada qaldı, onlar axar su, yaşıllıq görməyə başladılar. Təxminən 70 gün idi ki, onlar belə şey görmürdülər. Sonralar Los Maytenos vadisinə çıxdıqları məlum olacaqdı.

Dünyanın ən məşhur alpinistlərindən biri, 8000 metrdən hündür bütün 14 zirvəni (o cümlədən Everesti yeddi dəfə) fəth etmiş Ed Visturs Parrado və Kanessanın "heç bir hazırlıq və zəruri vərdiş olmadan, ləvazimatlarsız, hara getdiklərini dəqiq bilmədən" etdikləri səfəri inanılmaz adlandıracaqdı.

Dekabrın 20-də Parrado və Kanessa kifayət qədər enli və sürətlə axan dağ çayının sahilində gecələdilər. Ertəsi gün dizenteriyanın taqətdən saldığı Kanessa Parradonu oyadaraq çayın əks sahilini göstərir. Orada atın üstündə bir nəfər görünürdü. Həmin adam Nando Parradonun çığırtılarını eşitsə də, çayın səsindən nə dediyini anlamırdı. Lakin o kağız, qələm çıxararaq onları daşa bağlayır çayın əks tərəfinə tullayır.

Nando bunları yazır: "Bizim təyyarəmiz dağlarda qəzaya uğrayıb. Biz Uruqvaydanıq. Buraya 10 gün piyada gəlmişik. Burada iki nəfərik, dostum xəstədir. Təyyarənin yanında daha 14 nəfər var, hamısı ağır vəziyyətdədir. Buradan qurtulmaq istəyirik, amma bilmirik necə. Bizim gücümüz tükənib, yeməyimiz yoxdur. Bizə kömək edin. Nə olar, tələsin!".

Məktubu oxuyan adam (onun adı Serxio Katalan idi) Nandoya işarələrlə burada gözləmələrini, yerindən tərpənməmələrini tapşırır. Onlara çörək və pendir tullayır və atına minərək gedir.

Ən yaxın yaşayış məntəqəsinə gedən Serxio Katalan bir neçə saatdan sonra hərbçilərlə geri qayıdır. Nando Parrado və Roberto Kanessa xilas edilirlər.

Xilasedicilərdən az sonra hadisədən xəbər tutan jurnalistlər peyda olurlar. Onları ən çox maraqlandıran suallardan biri sağ qalanların 71 gün ərzində nə ilə qidalanmasıdır. Parrado və Kanessa bu suala cavab verməkdən imtina edirlər.

Təyyarənin yanında qalan yoldaşları radioqəbuledici vasitəsilə Roberto və Nandonun xilas olduqları xəbərini eşidirlər. Bu, onların da xilası demək idi. 14 nəfərin hər biri sevincini özünəməxsus şəkildə izhar edir. Kimisi qışqırır, kimisi ağlayır, kimisi təyyarənin ətrafında dövrə vurur. Hamının etdiyi şey isə qucaqlaşmadır.

Dekabrın 22-də iki hərbi helikopter Nando ilə birlikdə təyyarənin qəzaya uğradığı yerə doğru uçurlar. Helikopterlərdə yer az olduğu üçün həmin gün yalnız 6 nəfər xilas edilir. Ertəsi gün isə yerdə qalan 8 nəfər də təxliyyə olunur. Beləcə bu epopeya 72 gün sonra və 16 nəfərin xilası ilə yekunlaşır.

***

Faciə ilə artıq barışmış ailə üzvlərində doğmalarının 72 gün sonra o dünyadan qayıtması xəbərinin necə təəssürat oyatdığını yalnız təsəvvür etmək olar. Bütün dünya mətbuatı bu hadisədən yazırdı. Lakin tezliklə sevinc hissi qalmaqalla əvəz olundu.

Dekabrın 26-da Çilinin iki qəzetində qəza yerində çəkilən, hannibalizm əlamətlərinin əks olunduğu şəkillər çap olundu. Bu xəbər böyük rezonans doğurur. Belə hallarda həmişə olduğu kimi müxtəlif şayiələr peyda olur. Hətta sağ qalanların öz yoldaşlarını öldürüb yemələri iddia olunur.

Dekabrın 28-də qəzadan sağ qurtulan 16 nəfər mətbuat konfransı keçirərək qar əsirliyində keçidikləri müddət barədə ətraflı, heç nəyi gizlətmədən danışırlar. Qəzada ölənlərin doğmaları bu məlumatlardan şok keçirirlər. 

Lakin din xadimləri onlara haqq qazandırırlar. Bir qədər sonra katolik kilsəsi onlara rəsmən bəraət verir. Bununla yanaşı, araşdırmalar heç bir zorakı ölüm hadisəsinin olmadığını, əksinə ağır yaralılara son anlarına qədər qayğı və şəfqətlə yanaşıldığını aşkara çıxarır.

İnternet resurslarında olan son məlumatlara görə, And qəzasında sağ qalan 16 nəfərdən 15-i hələ də sağdır. Qəzadan bir il sonra “Old Christians” klubu üçüncü dəfə Uruqvay çempionu adını qazandı. Hazırda isə 18 qat ölkə çempionudur.

 

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/bzbe5x

Ən çox baxılan