Yasamalda sakinin evinin gecəyarı  başına uçurulması araşdırılacaq (yenilənib)

Foto: Meydan TV

Yasamal rayonunda sakinin evinin uçurulması və MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Yasamal Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, “İbrahim-Q” MTK-nın vəzifəli şəxsləri tərəfindən paytaxtın Yasamal rayonu ərazisində xüsusi mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Prokurorluq qanunsuz söküntü ilə bağlı vətəndaşa külli miqdarda ziyanın vurulduğunu qeyd edib:

“Araşdırmalarla qeyd olunan Kooperativin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək iyunun 30-da Afət Quliyevaya məxsus evin özünün razılığı olmadan (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 53, mənzil 1) ümumi təhlükəli üsulla tamamilə sökülməsi nəticəsində ona külli miqdarda maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib”.

Qeyd olunur ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2 (külli miqdarda ziyan vurmaqla ümumi təhlükəli üsulla əmlakı qəsdən məhv etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


DİN məsələnin Prokurorluğun nəzarətində olduğunu deyir

Yasamal Rayon Prokurorluğu Bakının Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsində (“Nizami” metrostansiyasının yaxınlığı) evlərdən birinin içindəki əşyalarla birlikdə gecə saatlarında qanunsuz sökülməsi, ev sahibinin isə küçəyə çıxarılması ilə bağlı məsələni araşdıracaq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iyunun 30-da gecə saat 1-in yarısında evin qapısının sındırılması, fəhlələr və şirkətin vəzifəlilərinin ev sahibini məcburi formada evdən çıxarması və evin sökülməsi, nəticədə ona xəsarət yetirilməsi və külli miqdarda ziyan dəyməsilə bağlı Afət Quliyevanın polisə şikayəti üzrə araşdırmalar aparılıb, ekspertizalar təyin edilib.

Araşdırma çərçivəsində həm şirkətin rəhbəri və işçiləri, həm də şikayətçi Afət Quliyevanın izahatları alınıb.

“Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, əmlakı qəsdən məhv etmə və zədələmə maddələrinin tərkib əlamətlərinin olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib”, – DİN-dən belə deyilib.

Afət Quliyeva həm də polislərdən şikayətçi idi.

O bildirirdi ki, evi zorla sökülərkən polislər də ona təzyiq göstərib.

DİN-in mətbuat xidməti bu barədə deyilənləri isə təkzib edir:

“Hadisə baş verən vaxt polis əməkdaşları ərazidə olmayıblar, yalnız müraciətdən sonra polis əməkdaşları əraziyə yaxınlaşaraq, tərəflər arasında mübahisəni dayandırıb, araşdırılması üçün onları polis bölməsinə dəvət ediblər”.

Afət Quliyeva Meydan TV-yə bildirib ki, həmin ərazidə “İbrahim-Q” tikinti şirkəti yeni yaşayış binası inşa edəcək. Bu üzdən ərazidəki evlər sökülür.

Onun sözlərinə görə, evini də tikinti şirkətinin işçiləri söküb, özünü sürüyə-sürüyə küçəyə çıxarıblar.

Bu üzdən 4 gündür ki, qızı ilə birlikdə çadırda gecələməli olur.

Afət Quliyeva videogörüntülər də təqdim edib.

Həmin görüntülərdə gecə saatlarında buldozerin bir evi uçurduğu, evdən kiminsə zorla çıxarıldığı görünür.

Tikinti şirkəti isə işçilərinin Afət Quliyevanın evini zorla uçurması barədə deyilənləri təkzib edir.

Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov 145 ünvanında söküntü işlərinin aparılması ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

“Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə qurumdan bildirilib.

Ana səhifəSosialYasamalda sakinin evinin gecəyarı  başına uçurulması araşdırılacaq (yenilənib)