Yasamalda 3 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə bir nəfər həbs edilib

Foto: report.az

Bakının Yasamal rayonunda üç nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı aparılan cinayət işi çərçivəsində “Loft Klinika”nın direktoru Bəhruz Paşayev barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Baş Prokurorluq noyabrın 24-də məlumat yayıb.

Prokurorluğun bildirdiyinə görə, Paşayev yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına görə məsul şəxs olsa da, qaydaları pozaraq ehtiyatsızlıqdan üç sakinin ölümünə səbəb olmaqda ittiham olunur.

O, noyabrın 23-də saxlanılıb və Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Binəqədi Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Təqsirləndirilən şəxsin özü və yaxınları hələlik ittihama münasibət bildirməyiblər.

Qanunvericilik bu maddə üzrə 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Hadisə noyabrın 21-i axşam saatlarında Yasamal rayonunun Mirəli Seyidov küçəsindəki çoxmərtəbəli binada baş vermişdi. Yanğın nəticəsində Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova həlak olub, 20 nəfər isə tüstüdən zəhərlənmişdi.  

Ana səhifəSosialYasamalda 3 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə bir nəfər həbs edilib