Yasamal sakini: Polis geyimi götürmür, müsahibəmə görə qisas alırlar

“Adamı bu istidə eyni paltarda, eyni alt geyimlərində saxlamaqla qisas almaq nə hərəkətdir?“

Source: Meydan TV


“Adamı bu istidə eyni paltarda, eyni alt geyimlərində saxlamaqla qisas almaq nə hərəkətdir?“

Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsindəki polis əməliyyatı nəticəsində həbs olunanlardan Amil Mahmudovun yaxınları təcridxanaya onun üçün siqaret və geyim aparsalar da, qəbul etməyiblər. Bu haqda Meydan TV-yə danışan həyat yoldaşı Lalə Mahmudovanın sözlərinə görə, özü onkoloji xəstə olduğundan səhhəti gedib-gəlməyə imkan vermir. Ona görə də qardaşı vasitəsilə həyat yoldaşına siqaret və alt geyimi göndərib. Lakin təcridxanada qəbul etməyiblər:

“Deyiblər ki, ailə üzvlərindən biri gətirməlidir. Halbuki, həbs olunan qonşularımızdan birinin dayısı oğlu aparıb, ondan götürüblər. Deməli, ayrı-seçkilikdir. Bildiyimizə görə, bunun da səbəbi susmamağımızdır. Mən mediaya müsahibə verib, olanları danışmışam deyə, bu yolla qisas alırlar. Adamı bu istidə eyni paltarda, ayni alt geyimlərində saxlamaqla qisas almaq nə hərəkətdir?”

A.Mahmudova İnzibati Xətalar Məcəlləsinin 211 (epidemiya əleyhinə rejimin, karantin rejimi qaydalarının pozulması) və 535-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddələrilə 20 gün inzibati həbs cəzası verilib. O, iyunun 7-də qadağaya baxmayaraq, evdən çıxmaqda, yaşadığı binanın qarşısında polislər başqa bir qonşunu saxlayarkən onların ünvanına təhqiramiz ifadələr səsləndirməkdə, ertəsi gün isə bölməyə getməkdən imtina edib, polislərə müqavimət göstərməkdə ittiham olunub.

Həyat yoldaşı isə bildirir ki, yalandır, A.Mahmudov nə iyunun 7-də polisləri təhqir edib, nə də iyunun 8-də bölməyə getməkdən imtina edib: “Allah şahiddir ki, elə şey olmayıb. Biz ikinci mərtəbədə yaşayırıq. Yoldaşım qaz kartına görə düşmüşdü. Polis onu saxlayıb, izah eləyib ki, qaz kartına görə çıxıb evdən. Polis deyib ki, “get evə“. Yoldaşım gələndən sonra başqa bir qonşunu tutub aparmaq istəyirdilər, ona görə səs-küy düşmüşdü. Biz eyvandan görürdük bunları. O hadisə olanda yoldaşım evdə idi. Bizə böhtan atırlar. Yoldaşımın günahı olsaydı, səsimi çıxarmazdım. Axı haqsız yerə yoldaşıma, bizə zülm eləyirlər. İyunun 8-də kimyaterapiyaya getməliydim, başımıza o hadisəni gətirdilər, gedə bilmədim”.

L.Mahmudovanın sözlərinə görə, 33 yaşlı həyat yoldaşını iyunun 8-də səhər saat 07.15-də yatdıqları vaxt 8 yaşlı oğlunun gözü qarşısında döyə-döyə, yarıçılpaq vəziyyətdə aparıblar.

Daxili İşlər Nazirliyinin Yeni Yasamaldakı olaylarla bağlı açıqlamasında bildirilir ki, iyunun 7-də polislərin üstünə müxtəlif əşyalar atan 11 nəfərin şəxsiyyəti müəyyən edilib, onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər. Daha sonra həmin şəxslərin barəsində inzibati həbs qərarı çıxarılıb.

Həbs olunan 11 nəfərdən biri – Kərim Süleymanov iyunun 9-da azadlığa buraxılıb. O, həm saxlanılarkən, həm də sonradan Yasamal rayonu, 29-cu polis bölməsində 30-a yaxın polis tərəfindən döyüldünüyü bildirib. 29 yaşlı K.Süleymanovun üzərində də xəsarət izləri olub və tibbi müayinədən keçdiyi xəstəxanada həkim də bunu rəyində göstərib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev isə deyir ki, K.Süleymanlının üzərindəki xəsarətlər döyülmənin nəticəsi deyil, polisə müqavimət göstərəndə yaranıb: “O, sifətindəki xırda xəsarətləri polis bölməsində yox, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə zidd olaraq tabesizlik göstərərkən alıb. İddialar üzrə hər bir xüsusat tərəfimizdən yoxlanılıb, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmayıb. İddiaları qəti şəkildə təkzib edirik”.

Ana səhifəXəbərlərYasamal sakini: Polis geyimi götürmür, müsahibəmə görə qisas alırlar