Yarımçıq qalan Mırtı-Alıkənd yolu: heç bir qurum məsuliyyəti üzərinə götürmür

Fotolar: Meydan TV

Sakinlər və məktəblilər isə sözün həqiqi mənasında yolda qalırlar…

Göyçayın Alıkənd kəndinin sakinləri nəqliyyatla bağlı problemin olduğundan şikayətlənirlər.
Onlar deyirlər ki, Mırtı-Alıkənd marşrutu üzrə işləyən avtobusla bağlı bəzən günlərlə problem yaşayırlar.

“Elə günlər olur ki, yola çıxırsan, gözləyirsən, amma avtobus işləmir. Köhnə avtobusdur deyə tez-tez sıradan çıxır. Avtobus köhnə, yol bərbad, taksi də od qiymətinədir. Çox vaxt yolda qalırıq”, – kənd sakini Səbinə Salmanova Meydan TV-yə belə deyir.

Onun sözlərinə görə, Mırtı-Alıkənd marşurutu üzrə işləyən ictimai nəqliyyat köhnə, aztutumlu olmaqla yanaşı, həm də və həftəiçi davamlı işlək olmur.

Kənd sakini Kifayət Əliyeva da tez-tez nəqliyyat üzündən yolda qaldığını deyir:

“Şənbə-bazar daha çox ehtiyacımız olur. Bazara, xəstəxanaya gedirik, yaxın qohumlara üz tuturuq. Tələbələr hazırlığa, məşqə gedir. Yasımız, xeyirimiz var. Hamının da avtomobili yoxdur. Maşını olana da gərək dörd-beş qat pul ödəyəsən ki, razı olsun. Uzaq məsafəyə gedəndə məcbur qalırıq ki, taksi ilə hərəkət edək. Ona görə də ictimai nəqliyyat hər gün vacibdir”.

“Şagirdə taksi necə sərf etsin?”

Alıkənd kəndinin məktəbi 4 illik olduğundan kənd uşaqları qonşu Mırtı kənd orta məktəbinə və yaxud rayon mərkəzindəki digər təhsil ocaqlarına üz tuturlar.

Bunun üçün davamlı işləyən və çoxtutmlu ictimai nəqliyyata ehtiyacı var, amma şagirdlər yaxın yolu piyada, uzaq yolu isə velosiped və taksi ilə getməli olurlar.

“Şagirdlər pis vəziyyətdə qalırlar. Evdən onlara 3-4 manat verirlər ki, 2-3 gün gedə bilsinlər. Əvvəl 30-40 qəpik idi, sonra yanacağa görə qiymət 70-80 qəpiyə qalxdı. İndi də 10 qəpik artırıb 90 qəpik ediblər. 2 kəndin avtobusudur, ona görə də iri və səliqəli avtobus istəyirik. Mindən çox təsərrüfat var. Dəfələrlə kənd bələdiyyəsinə demişik, nəticə yoxdur. Şagirdlərə taksi necə sərf etsin axı?”, – deyə kənd sakini Mətləb Salmanov şikayətlənir.

Sakinlər deyirlər ki, sürücüyə yüksək məbləğdə günlük qazanc planı qoyulur. Digər gündəlik xərcləri də onun işinə mane olur. Sürücü də işləməyəndə sakinlər nəqliyyatsız qalır:

“Sürücüyə günlük 30-35 manat plan qoyublar. Bunun yanacağı, ehtiyat hissələri, usta xərci var axı. Planın məbləğini azaltsınlar ki, sürücü də ürəklə işləsin. Borc- xərclə olmur. Tək bir şin 200 manatdır. Günə 80 manat yanacağa verir. Yağın litri 3 manata yaxındır. Aya da 30-40 manat yağına verməli. Onu da qınamaq olmur”.

“Belə avtobusları reysə buraxmaq düz deyil”

Sakinlər ictimai nəqliyyatın sıradan çıxmasının səbəbi kimi yolun bərbad olduğunu əsas gətirirlər. Onlar deyirlər ki, Mırtı kəndinə gedən yolun yuxarı hissəsi dağılmış vəziyyətdədir.
2017-ci ildə Mırtı kəndi də daxil olmaqla, rayonun altı kəndini birləşdirəcək magistral yol üçün 6.4 milyon vəsait ayrılıb, amma yolun həmin hissəsi layihəyə salınmayıb.

Kənd sakini Vurğun Yolçuyev deyir ki, iki kəndin əsas məktəbi o yolun üstündə yerləşdiyindən təmirə ciddi ehtiyac var:

“Sürücüdən narazı deyilik, ona da şərait yaradılmır, çətinlikləri var. Mırtı kəndinin yuxarı hissəsində yollar bərbad gündədir. Avtobusu da dağıdan o yoldur. Bundan başqa, yol çox əlverişsiz və tozludur. Ona görə də avtobusun içi – oturacaqlar və örtük pis günə düşür. Həm də istismar müddəti bitmiş köhnə avtobuslardır. Belə avtobusları reysə buraxmaq da düz deyil, camaat da əziyyət çəkir axı”.

“Bütün xərc tək mənim boynumdadır”

Sürücü Şahin İsmayılov isə gündəlik 25-30 km-lik bərbad yolu beş reysdə gəlib-getməyin çətin olduğunu deyir.

Onun sözlərinə görə, əsas sərnişinləri məktəblilər olduğundan yol xərcini artıra bilmir və xərcin çoxluğundan nəqliyyatın bazar günü üçün reysi təxirə salınır:

“Mırtı kəndinin yolu bərbaddır. 7-8 aydır ki, bu kəndə sürücü işləyirəm, düz-əməlli qazancım da yoxdur. Bazar günü işləmək isə sərf etmir. Avtobus həftədə 2-3 dəfə, bəzən çox sınır. Bütün xərc də tək mənim boynumdadır. Aylıq 500-600 manat xərc çıxır. Gündəlik plan da çoxdur, heç qazanc qalmır. Nəqliyyatımızı yeniləsələr, yaxşıdır, çünki köhnə avtobusla alınmır”.

“Kəndlərin yeni avtobusla təmin edilməsi mümkünsüzdür”

Göyçay Avtovağzal kompleksinin rəisi Sənan Şirəliyev Meydan TV-yə bildirib ki, rayonun 35 kəndi üzrə 12 ictimai nəqliyyatı var. Əlavə xətlərin açılması isə planda yoxdur, çünki yeni avtobusların gətirilməsi həm sərf etmir, həm problemli məsələdir.

“İndi rayonda kəndlərin yeni avtobusla təminatı mümkünsüzdür. Çünki mərkəzində belə köhnə, 1991-ci ilin avtobuslarıdır. Öncə onlar dəyişilməlidir. Yeni avtobusları isə quru sərhədlərin bağlı olması və gömrükdəki problemlərə görə gətirmək olmur. Əhalinin daha çox istifadə etdiyi marşrut üzrə 10 avtobusun gətirilməsini düşünürük. Amma 70-80 min manata alacağımız müasir avtobusları rayonun ucqar, yararsız yollarında istifadəyə verə bilmərik. Çünki rayonda nə ehtiyat hissələri, nə də onları təmir edəcək ixtissalı kadrlar var, yanacağı da bahadır”.

“Vergini ödəyirəm, heç kim qarışa bilməz”

O, günlük plan və həftəiçi iş rejimi ilə bağlı şikayətlərə də cavab verib. Bildirib ki, sahibkar olduğundan bu məsələ onun şəxsi işidir:
“Bazar günləri avtobusların təmir, sürücülərin isə istirahət günüdür. Rayonun ancaq 4 kəndinə ictimai nəqliyyat bazar günü işləyir, çünki əvvəldən sistem belə idi. Mırtı-Alıkənd daxil digər kəndlərə icazə vermirəm, ona görə ki bazar günü sərnişin çox az olur, daha çox taksi ilə gedirlər. Bələdiyyə taksiləri yığışdırsın, sonra açaq. Bütün avtobusları plandan çox, aylıq 400 manata icarəyə verirəm. Günə 13 manat düşür, günlük sürücü qazanır, elə sürücü də təmirə, yanacağa xərcləyir. Əslində, plan sahibkarla sürücü arasında kommersiya sirridir, açıqlamaq olmaz”.

“Vergini ödəyirəm, heç kim qarışa bilməz. Yeni avtobuslar gələndə isə iş sistemi fərqli olacaq. Şirkət sürücünü maaşa götürəcək, xərclər şirkətin olacaq. Sürücülər indidən ona narazıdır. Azərbaycanın 80 faiz kəndləri ictimai nəqliyyatsızdır. Elə Kürdəmirin 40 kəndinin avtobusu yoxdur. Elə bu 12 kəndin avtobusunun hamısını Kürdəmirə versəm, çox qazanaram”, – deyə o bildirib.

“Yolun tam təmiri ilə bağlı yeni layihə nəzərdə tutulmayıb”

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Meydan TV-yə deyib ki, Mırtı kəndinin yolunun natamam olması əvvəlki layihəyə daxil edilməməsi ilə bağlıdır.

O, yolun tam təmiri ilə bağlı yeni layihənin nəzərdə tutulmadığını da deyib:

Agentlik sırf kəndə qədər yolun çəkilişini həyata keçirir. Kənddaxili yollar isə agentliyin tabeliyində deyil. Kəndin bir hissəsi 2017-ci ilin layihəsi əsasında çəkilib, digər tərəfi qalıbsa, demək layihəyə daxil deyil. Magistral yol cəmi 17 km ərazini əhatə edirdi ki, onun da hamısı çəkilib. Lahiyənin yarımçıq saxlanılması mümkün deyil. Qalan hissə yenidən dövlət proqramına salındığı təqdirdə asfaltlana bilər. Hələ ki belə bir layihə yoxdur”.

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məsuliyyət daşıyır”

Mırtı Kənd Bələdiyyəsinin sədri Nazim Davudov isə yolların bələdiyyənin balansında olmadığını deyir.

Onun sözlərinə görə, ictimai nəqliyyat yolu olduğundan məsuliyyəti də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi daşıyır:

“O yollar Nəqliyyat Rəqəmsal və İnkişaf Nazirliyinin balansındadır. İctimai nəqliyyatın hərəkət etdiyi yollar ora daxildir. Haranı asfaltlayıblarsa, deyirlər ki, bizimdir. Hara bərbad gündədir, “bizim deyil” deyirlər. O vaxt kəndin həmin hissəsinə asfalt çəkilmədi, yarımçıq saxlanıldı, dedilər ki, başqa layihəyə salınacaq. Beş il öncə gəldilər ki, yolu yeni layihənin planına salacağıq. Bu layihə də Qarağıdır kəndinin içindən keçərək dairəvi formada Qaraməryəm kəndinə kimi davam edəcəkdi. Ancaq hələ ki heç xəbər yoxdur, olub-olmayacağı da bəlli deyil”.
“Bizə deyiblər ki, bələdiyyə yüngül təmir üçün işlər görsün. Bizdə də maddi vəsait yoxdur”, –
deyə bələdiyyə sədri qeyd edib.

Ana səhifəBölgəYarımçıq qalan Mırtı-Alıkənd yolu: heç bir qurum məsuliyyəti üzərinə götürmür