Onlar nə zamansa yeni mənzillərə köçəcəkləri günü gözləyirlər
“Yaşamışıq yaxşı kəndlərdə, suyu buz bulaqların yanında. İndi gəlib düşmüşük belə bir yerə. 20 ildə dövlət bizə bir şərait qura bilməyib. İmkan olsa başqa dövlətə çıxıb gedərdik. 20 il qaçqınlıq olarmı? Ola bilməz. Qırılmalıyıqsa, əlimizə bel, yaba götürüb gedib torpağımızı alaq. Belə yaşaya bilmirik. Dövlətin gücü yoxdur. Bəlkə də var, başqa yerə sərf edir”.
Bu sözləri məcburi köçkün Mahir kişi deyir. O, Yeni Yasamalda, Dadaş Bünyadzadə küçəsində yerləşən 286 saylı məktəbin arxasındakı yarımçıq binada yaşayır. Gözdən-könüldən uzaq bir məkanda 25-ə yaxın məcburi köçkün ailəsi var. Deyilənlərə görə, bu rütubətli, havasız və işıqsız bina məktəbin su hovuzu və ya üzgüçülük üzrə idman zalı kimi inşa edilsə də, elə yarımçıq halı ilə məcburi köçkünlərə sığınacaq olub.
Buranın sakinləri müxtəlif rayonlardandır – Laçın, Ağdam, Ağdərə, Xankəndi, Zəngilan…
Mahir kişi deyir ki, illərdir onların taleyi ilə bağlı hökumətin verəcəyi qərarı gözləyirlər:
“20 ildir tüfeyli həyat sürürük. Bağlı qapalı, havasız, işıqsız bir yerdə yaşayırıq. Uşağımız çölə çıxa bilmir, ağac yox, meyvə yox, yaşayışımız budur. Vallah, tüfeyliyik. Qaçqın kimi yox, lap elə tüfeyli, köçərilər kimi yaşayırıq. Bura nətər oturuşaq? Heç bir şəraiti yoxdur. Məktəbin yarımçıq su anbarının binasında məskunlaşmışıq. Guya burda üzgüçülük hovuzu tikirlərmiş. Bizdə girib oturmuşuq. Özümüzə azdan-çoxdan şərait qurmuşuq. Ancaq bu, uşaqları qane eləmir. Biz indi yaşamışıq, bir gün görmüşük. Amma bizim balalarımız bu problemlərin içərisində böyüyür.
Versələr biz də gedərdik o qaçqın şəhərciklərinə. Dayanıb gözləyirik. Heç olmasa orda normal ev şəraiti, əkib-becərməyə yeri var. Orada 2 inək saxlayaram, uşağlarımı dolandıraram”.
Mahir kişi deyir ki, burda yaşayanların əksəriyyəti işləmir. Hamı gözünü hökumətin onlara verdiyi çörək puluna və yardımlara dikib. Təsərrüfatla məşğul olmaq üçün də şərait yoxdur.
“Uşaqların çoxu burda böyüyüb. Torpaqlarını tanımırlar. Prezidentimiz çalışır. Amma bizim deputatlar niyə məsələ qaldırmır ki, bir çörək pulu ilə bu qədər adam dolana bilməz. İşləmirik. Hara gedirik, götürmürlər. Bir yarmarka var idi, toyuq, yumurta, yuxa bişirtdirib aparırdıq. Satıb bir az xərclik edirdik. İndi burdakı yarmarkanı da bağlayıblar”.
Digər ailələrin də güzəranı ilə maraqlanırıq. Qapı- qapı gəzməyə başlayırıq. Hər qapıdan 2-3 uşaq da çıxıb bizə qoşulur. Az zamanda bütün məhəllə ətrafımıza toplaşır. Bizsə bir-bir yarımçıq binadakı qondarma evlərə baş çəkirik. İlk qarşımıza 80 yaşlarında bir nənə çıxır. Elmira nənə deyir ki, 22 ildir burda məskunlaşıb. Bura gələndə sağlam olub. Sonradan şərait və keçmiş günlərinin xiffəti onu xəstə salıb:
“Oradakı yaşayışımızı heç yerdə görmədik. Villalarımız, evlərimiz, dolanışığımız var idi. Bura gələndən sonra ham infarkt oldum, həm də iflic. 3 dəfə xəstəxanada yatmışam”.
Elmira nənə də prezidentin verəcəyi qərarı gözləyir:
“ Allah prezidentimizin canını sağ eləsin. Harada desə, gedib orada yaşayacağıq. Onun verdiyi pensiya ilə dolanırıq. Allah onun köməyi olsun. İşləyənimiz yoxdur. Çörək pulu, pensiya ilə dolanırıq. Müalicəmi də öz pensiyamla etdirirəm”.
Elmira xanım ali təhsilli nəvəsi ilə yaşayır. Deyir, ali təhsilli olsa da, o da iş tapa bilmir. Bunlar bir yana, yaşayış yerləri də yoxdur: “Əgər yanacaq olmasa, evdə peç yandırmasaq, o nəm divarları heç cür qızdırmaq olmaz”.
Söhbətə Zəngilan rayonundan olan Asya xanım da qoşulur: “Nəmişlik, böyrəyimizi, havasızlıq ciyərlərimizi sıradan çıxarır, İşıqsızlıq uşaqların gözlərini zəif salıb.
Yenə şükür ki, qazımız var. Yaşayış yerimiz nə gündədir ki? Burda adam yaşayar?”
Yarımçıq binanın sakinləri hamısı eyni sözləri təkrar edir: Şəraitsizlik, işsizlik, xəstəlik… Və eyni arzunu söyləyirlər. Hökumətin onları məcburi köçkünlər üçün tikilən yeni qəsəbələrə köçürəcəyi günü gözləyirlər.