“Artıq beşinci gündür ki, kəndlərimizin çıxışları bağlanıb”
Yardımlının Şıxlar, Bərcan, Gölyeri və Təzəkənd kəndlərinin yollarındakı normadan artıq qar örtüyü martın 20-dən həmin kəndlərə gediş-gəlişi əngəlləyib. Bunu Meydan TV-yə Şıxlar kəndinin sakinləri deyir:
“Yağıntı kəndlərimizdə problemlər yaradıb. Rayonun başqa yerlərində və mərkəzdə yollar qardan təmizlənsə də, kənd yolları sanki unudulub”.
“2 min nəfər sanki blokada şəraitində yaşayır”
Adları qeyd olunan dörd kəndin ümumilikdə təqribən 2 min nəfərə yaxın sakini var.
“Təsəvvür edin ki, birinin səhhəti ağırlaşsa, təcili yardım yetişə bilməyəcək, özümüz də rayon mərkəzinə, nə də qonşuluqdakı Masallıya, Cəlilabada çatdıra biləcəyik. Qar yağandan hamı evlərini isitmək üçün elektrik cihazları qoşub, naqillərdə bir qısaqapanma olsa, yanğın baş versə, yanğınsöndürən yetişə bilməyəcək. Ətrafdan təcrid vəziyyətdə qalmışıq. Kənd yollarında nəqliyyatın hərəkəti tamamilə dayanıb”, – sakinlər deyir.
Çörək qıtlığı yarana bilər
Dərd bununla bitmir. Sakinlər deyir, hava şəraiti belə davam edərsə və aidiyyəti qurumlar yolları açmaq üçün hərəkətə keçməzsə, dörd kənddə çörək qıtlığı da qaçılmazdır:
“Bu vəziyyət nə vaxtadək davam edəcək, bilmirik. Bir tərəfdən yağıntı kəsmir, digər tərəfdən kömək gəlmir, yollar açılmır. Çörəyi təndirdə bişiririk, artıq un ehtiyatımız tükənmək üzrədir. Qocası, xəstəsi, körpəsi olan ailələr var, un ehtiyatımız da tükənsə vəziyyətimiz daha da ağırlaşacaq”.
Fotolar martın 24-də səhər saatlarında sakinlər tərəfindən çəkilib. Qeyri-iş günləri olduğuna görə Meydan TV Yardımlı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlaya bilməyib.