Yaqut Abdullayeva

Mənbə: https://www.youtube.com/watch?v=jiBd30eSTQw

Başlıq: Yaqut Abdullayeva

Yaqut Abdullayeva: Türklər demiş, kimin nə deməsi umrumda deyil

“Valideynlərinin qəbirlərindən uzaq düşən, bacısının 20 yaşında oğlu şəhid olan bir insanı anlamırlar”

Əməkdar artist Yaqut Abdullayevanın Cəbrayıl səfəri zamanı Prezident İlham Əliyevin əlini öpmək istəməsi ictimaiyyət arasında birmənalı qarşılanmayıb, həmçinin sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Xanəndə Meydan TV-yə müsahibəsində haqqında deyilənlərə münasibət bildirib.

-Yaqut xanım, uzun müddətdir ekranlarda görünmürdünüz, gözlənilmədən dövlət başçısının Cəbrayıl səfərində olmağınız və çıxışınız suallara səbəb oldu. Səfər sizin üçün də gözlənilməz sayıla bilərmi?

-Səfər dəvəti çox gözlənilməz oldu. Cəbrayıl azad oldunduqdan sonra fikirləşirdim ki, ora qohum-əqrəbalarımla gedərəm. Səfərə gedənlər hamısı ziyalılar, universitet müəllimləri, deputatar, icra başçıları idi. Məni də Cəbrayıldan olan tanınmış ifaçı, xanəndə kimi dəvət etmişdilər. Çox sağ olsunlar, saydılar, dəvət etdilər. Getməli idim, başqa cür ola bilməzdi. Səfərə çıxanda, düşünürdüm ki, müharibədən sonra ilk dəfə Cəbrayılda olanda özümü necə hiss edəcəyəm? Gördüklərimdən sarsıldım. Ətrafa baxdıqca, halım pis olurdu. Hər yer sökülüb-dağılmışdı. Nə ağac vardı, nə də evlər. Hər tərəf başdan-başa düzənlik idi. Özümü sakitləşdirirdim. Yolun sağına-soluna baxmırdım. Əgər bu torpaq onlarındırsa, niyə belə yerlə-yeksan etmişdilər? Qəlbində nə qədər kin-küdurət, nifrət ola ki, daş-kəsəyə də düşmənlik edəsən. Tədbir Cəbrayılın vaxtilə mərkəz hesab olunan hissəsində təşkil edildi. Mərkəz dediyim yerdən əsər-əlamət qalmamışdı. Həmin yerdə səkkiz yüz yaşlı çinar ağacı vardı. Təsəvvür edin, həmin ağac rayon mərkəzini bütünlüklə ağuşuna almışdı. İndi isə həmin ağac yox idi, kəsmişdilər. Çinarın dibində kəhriz axırdı. Kəhrizin qabağını betonlayıblar. Daş-kəsək, torpaqdan başqa heç nə yox idi. Bütün bunları görürdüm, özümə toxtaqlıq verirdim. Deyirdim ki, Yaqut, özünü ələ al, bu, dövlət tədbiridir. Əsas odur ki, ayağın doğulub, böyüyüb, boya-başa çatdığın torpağa dəydi. Torpağı götürürdüm, ağzıma-gözümə sürtürdüm, öpürdüm, iyləyirdim. Çox ağır hisslər keçirdim.

"O, bizə Cəbrayılı, torpaqlarımızı bəxş etdi"

"O, bizə Cəbrayılı, torpaqlarımızı bəxş etdi"

Mənbə: Azərtac

-Prezidentlə görüşdə çıxışınızın, onun əlini öpmək istəməyinizin mətbuat və sosial şəbəkələrdə birmənalı qarşılanmadığından xəbəriniz var?

-Türklərin bir sözü var, umrumda deyil. Bu haqda düşünmürəm. Qoy, kim nə yazır-yazsın. Önəmli olan cənab prezidentin bizə şərait yaratması oldu, gedib Cəbrayılı gördüm. İnsan nə qədər sadə, səmimi olar. Bizə şərait yaratdı ki, kimin nə ürək sözü var desin. Hətta biz çıxış edəndə, ayağa qalxanda, deyirdi ki, durmayın, oturub danışın. Gəldi, oturdu, dedi ki, Cəbrayıla xoş gəlmisiniz. Bu gün siz mənim qonağımsınız. O, bizə Cəbrayılı, torpaqlarımızı bəxş etdi. İşğalda olan torpaqlarımızı prezidentimiz, müzəffər ordumuzla bərabər bizə qaytardı. Gecəsi-gündüzü olmadı. Bir məsəl var, deyir: “Toxun acdan xəbəri olmaz”. Bəzi insanlar ağız büzdü. Elindən-obasından, vətənindən, valideynlərinin qəbirlərindən uzaq düşən, bacısının 20 yaşında oğlu şəhid olan bir insanı anlamırlar. Olsun, haqqımda xoşagəlməz sözlər desinlər. Cəbrayıl işğaldan azad olunanda, ürəyimdən keçdi ki, qismət olsa, prezidentə rast gəlsəm, onun dəmir yumruq əlindən öpüb, gözlərim üstünə qoyacağam. Prezidentlə görüş zamanı, çıxış edəndə qəfil öz-özümə dedim ki, Yaqut, axı sən bunu arzulamışdın, yeridir. Allaha and olsun ki, çıxışıma qədər bu haqda fikirləşməmişdim. Bir il əvvəlki arzumu unutmşdum. Orada prezidentə dedim ki, sözümü yerə salmayın. Orada ana övladına o sözü deyirdi. O münasibətlə yanaşırdım ona. Onun mənə açdığı qucağı gördünüz? Elə bil, oğul anasını qucaqladı. Elə bil, oğul anasını bağrına basdı.

-Bu çıxışınızı yaltaqlıq sayanlar da var, hətta bəziləri “Xalq artisti” adı almaq üçün belə bir addım atdığınızı iddia edir. Bu fikirləri necə qarşılayısınız?

-Əsla belə deyil. Heç kimin fikri məni maraqlandırmır. Əgər belə bir niyyətim olsaydı, o məni bağrına basanda, sözümü deyərdim. Bu fikir nə ağlımdan, nə də qəlbimdən keçib. Yalnız onu düşündüm ki, bir il ərzində arzuladığım istəyimə nail oldum. Ancaq cənab prezidentimiz imkan vermədi. Bu da onun böyüklüyündən irəli gəldi. Xalq artisti fəxri adım da torpağımdır, hər şeyim vətənimdir. Əgər ayağım Cəbrayıla dəydisə, budur mənim fəxri adım. Bu dünyada heç kim əbədi deyil. Əvvəllər fikirləşirdim ki, məni harada dəfn edəcəklər? Axı Cəbrayıl işğaldadır. İndi çox rahatam, çünki torpağım azaddır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/00qu4r

Ən çox baxılan