Yapon xalqına müraciət

Öz həyətindəki ağaca hər gün qulluq etmək təbiəti sevmək demək deyil.

Source:

Hörmətli yapon xalqı, vaxtınızı çox almadan bildirmək istəyirəm ki, ötən əsrin 90-cı illərinin sonunda 2000-ci illərin əvvəllərində bizim ölkədə yeni fikirli insanlar peyda olmağa başladılar. Onlar bir çox adət-ənənələrin, dini cəhalətin, mövhumatın, savadsızlığın inkişafa necə mane olduğunu görürdülər. Çoxu yazar olan bu yeni fikirli adamlar sovetdən qalma zərərli ənənələri dağıtmalı, yeni düşüncə tərzini təbliğ etməli, üstəlik sovet zamanında şişirdilmiş psevdoziyalı obrazlarını ifşa etməli idilər. Beləliklə, bu yeni fikirli adamlar bir-birilərini taparaq, yavaş-yavaş birləşməyə başladılar. Tezliklə “Azad Yazarlar Ocağı” adlanan bir təşkilat yaradıb “Alatoran” adlı bir jurnal təsis etdilər.

Azərbaycanda yeganə alternativ ədəbiyyat jurnalı olan “Alatoran”ı nəşr etmək bu illər ərzində çox çətinliklə başa gəldi. Ölkədə azad biznes mühiti olmadığına görə jurnala maliyyə dəstəyi göstərə biləcək biznes adamı tapa bilmədik. Bizim ölkədə hakimiyyətin siyasi iradəsini qəbul etməklə və dəstəkləməklə pul qazanmaq mümkündür. Belə olduğu halda ağıllı insanlar öz istedadlarını nümayiş etdirə bilmirlər. Azad biznes mühiti olmadığına görə pul bizim ölkədə daha çox mədəniyyətdən, kitabdan uzaq adamların əlindədir. Onların çox bayağı zövqü var. Mədəniyyətə və sənətə pul xərcləmək onlar üçün yolverilməz haldır. Hakimiyyətin başı isə mahnı və idman yarışları təşkil etməyə qarışıb.

Dövlətin ədəbiyyata qarşı münasibəti sovetdənqalma ənənə üzərində davam edir. Hakimiyyətdəkilərin düşüncəsinə görə yazıçı dövlətin siyasətini birmənalı olaraq dəstəkləməli, “ölkəsini sevməli”, adət-ənənəyə hörmət etməlidir. Başqa cür düşünmək qadağandır. Əgər başqa cür düşünsən mütləq cəzanı alacaqsan. İyirmi ildir ki, bizim ölkədə yalan danışmaq, satqınçılıq, xəbərçilik, yaltaqlıq mükafatlandırılır. Yalan danışırsan sənə pul mükafatı verirlər. Dostuna xəyanət edirsən sənə deputat mandatı verirlər. Gördüyünü dilə gətirdikdə, doğrunu dedikdə, yaltaqlanmadıqda isə səni izləyirlər, döyürlər, həbs edirlər, maddi çətinliklərlə üzləşməli olursan. Bu illər ərzində davamlı və planlı olaraq hər yerdə şounun təbliğ edilməsi, bütün televiziya ekranlarını müğənnilərin işğal etməsi öz nəticəsini göstərdi. Xalq kitabdan və mütaliədən daha da uzaq düşdü. Onsuzda çətin olan işimiz daha da çətinləşdi. Adamların köhnə adətlərlə yaşamağa öyrəşdiyi bir ölkədə yeni fikri təbliğ etmək asan deyil. Hər bir məqalə qəzəb və narazılıq doğururdu.

Sovet zamanı şişirdilmiş psevdoziyalı obrazları adamları bərk aldatmağa müəssər olublar. Biz çox çətin davaya girmişdik. Yalnız şəxsi fədakarlığımız hesabına öz sözümüzü her bir tribunada dilə gətirməyi fürsət bildik. Əvvəlcə az tirajlı qəzetlərdə yazırdıq. Zaman keçdikcə tanınmağa başladıq. Yavaş-yavaş daha populyar qəzetlərə yol açdıq. Çətinliklərə baxmayaraq bir çox insanlarda fikir dəyişkənliyi baş verdi. Bizim ölkədə dövlətin görməli olduğu işi bir necə adam görür. Lakin həmin adamlara kömək etmək əvəzinə mane olurlar. Adminstrativ resuslar olmadığına görə insanlara təsir etmək çətindir. Ədəbiyyata münasibətdə sovetdən qalma ənənələr öz mövcudluğunu saxlayır. Bunun üçün dövlət hər bir işi həvəslə görür. Sovet dövründən qalma yazıçılar birliyi büdcədən maliyyələşir. Bir birliyin üzvlərinə prezident təqaüdü, bəzən ev də verilir. Birliyin dövlət tərəfindən maliyyələşən sovetdən qalma jurnalları birmənalı olaraq hakimiyyətin iradəsini və gücünü təbliğ edir. Bu jurnallarda dərc olunan mətnlərin səviyyəsi çox aşağıdı. Bu cür ənənələrin hökm sürdüyü bir ölkədə alternativ ədəbi quruma, alternativ jurnala qarşı düşmənçilik mövqeyinin sərgilənməsinin səbəbini anlamaq çətin deyil. Düz altı dəfə Ədliyyə Nazirliyinə müraciət etsək də bizi qeydiyyata almaqdan imtina ediblər. Səbəbi isə budur- ölkədə Yazıçılar Birliyi deyilən bir təşkilat var, başqa bir təşkilata ehtiyac yoxdur. Ədəbiyyatla yanız bizi dəstəklədiyiniz halda məşğul ola bilərsiniz. O zaman biz sizə öz töhfəmizi verə bilərik. Xalq da belə düşünür.

Xalq düşünür ki, hər bir yazar öz xalqını birmənalı olaraq sevməlidir, bütün adət-ənənələrə hörmət etməlidir, vətənin təbiətini öz əsərlərində tərənnüm etməlidir. Yazar birmənalı olaraq bilməlidir ki, onun milli mətbəxi dünyanın ən güclü mətbəxidir. Yazar üstəlik öz tarixini də sevməli və daima təbliğ etməlidir. Xalq yazıçıdan yalançı olmağı tələb edir. Daşlaşmış adət-ənənələrə qarşı hər hansı bir fikir düşmən münasibəti kimi qarşılanır. Xalq davamlı olaraq özünün təriflənməsini tələb edir. Siyasi müxalifətin də münasibəti təxminən eynidi. Bizim ölkədə siyasi müxalifətin yeni fikrə qarşı münasibəti xalqın və hakimiyyətin münasibətini əks etdirir.

Müxalifət liderləri sovet zamanında şişirdilmiş pzevdoziyalıların yalançı obrazlarına aldanıblar. Mədəni məsələlərdə onlar prinspiallıq göstərə bilmirlər. Mədəni məsələlərdə öz prinspiallığını göstərə bilməyən siyasətçi başqa sahələrdə də prinsipiallıq göstərə bilməyəcək. Bəlkə də elə buna görədir ki, müxalifət iyirmi ildir davamlı olaraq məğlubiyyətə uğrayır. Kiçik bir misal. Bu il prezident seçkilərində müxalifətin vahid namizədi olan professor Cəmil Həsənli sovetdənqalma yazıçılar birliyinin üzvüdür. Dövlətin dəstəklədiyi bu birlik prezident seçkilərindən əvvəl bəyan etdi ki, seçkilərdə İlham Əliyevə səs verəcəklər və bütün yazarları seçkidə İlham Əliyevi dəstəkləməyə çağırdılar. Belə bir qurumun üzvü olan bir insan müxalifətin vahid namizədi obrazından hakimiyyət uğrunda mübarizə aparmaq üçün siyasət meydanına atıldı.

Ortaya qəribə bir ziddiyət çıxır. Professor müxalifətin vahid namizədi obrazında hakimiyyət uğrunda mübarizə aparır, amma onun üzvü olduğu sovetdənqalma bir təşkilat isə seçkilərdə İlham Əliyevi dəstəkləyəcəyini bəyan edir. Bu kiçik bir fakt müxalifətin mədəniyyət məsələlərinə nə qədər qeyri-ciddi münasibət münasibət göstərdiyini və prinspiallıqdan nə qədər uzaq olduğunun göstəricisidir. Yuxarıda da qeyd etdiyim kimi müxalifət liderləri sovet zamanı şişirdilmiş psevdoziyalılar obrazlarına aldanıblar. Ona görə də sovetdənqalma birliklərin başında dayanmış psevdoziyalılara qarşı söz deməyə, onların məddahlıq, yaltaqlıq fəaliyyətini tənqid etməyə, bəzi hallarda isə ümumiyyətlə bu birliklərin, sovetdənqalma təşkilatlara rəhbərlik edən psevdoziyalıların nə qədər zərər verdiklərini başa düşmürlər.

Məhz bu səbəblər üzündən ölkənin yeganə ədəbiyyat jurnalı “Alatoran” ən kiçik dəstəkdən belə məhrum olubdur. Bu illər ərzində yalnız öz hesabımıza çox böyük çətinliklərlə jurnalın fəaliyyətini davam etdirə bildik. Vəziyyət dözülməzdir. Əgər əvvəllər gənclik ehtirası bizə əlavə bir güc verirdisə, illər ötdükcə biz bu gücdən təbiətin qanununa uyğun olaraq məhrum olmaqdayıq. Cəmiyyətdə yeni enerji ötürücüləri yaranırsa da, bir çox gənclər öz həyat yolunu müəyyən etsə də, hələ ki görüləcək işlər çoxdur. Xalq isə hələ ki dəstək vermək fikrindən uzaqdır. Yalnız ayrı-ayrı fərdlər işin ciddiliyini başa düşməkdədirlər.

Ona görə mən sizə müraciət etmək qərarına gəldim. Bu qərara gəlmək asan olmadı, lakin iki məsələ nəhayət, qərar verməyimə öz təsirini göstərdi. Birincisi, orta statistik azərbaycanlıların fikrincə yaponlar öz adət-ənənələrini saxlayaraq həm də inkişaf etməyi bacarmış xalqdır. Bunun nə qədər doğru-yanlış olduğuna toxunmaq vacib deyil. Əsas odur ki, orta statistik azərbaycanlılar belə düşünür. İkincisi, statistikaya görə yaponlar dünyada ən çox kitab oxuyan xalqlardan biridir. Kitaba və mütaliəyə qarşı bu qədər həssas olan xalq, yəqin ki mənim bu müraciətimə də laqeyd qalmayacaq. Çünki bəşəri olmaq bizim mənəvi borcumuzdur. Tarix özü bizdən bəşəri olmağı tələb edir. Təbiəti sevən bir insan bütün təbiəti, hər bir ağacı, hər bir canlını sevməlidir. Öz həyətindəki ağaca hər gün qulluq etmək təbiəti sevmək demək deyil.


Mən bu cür düşünərək uzaq bir ölkədə fəaliyyət göstərən yeganə alternativ ədəbiyyat jurnalına dəstək vermək üçün sizə müraciət etməkdə özümdə mənəvi güc tapdım.

Ana səhifəMənim FikrimcəYapon xalqına müraciət