YAP-ın 30 illik yubileyi: hansı partiyalar dəvət olunmayıb?

Foto: Azərtac

Müsavat və AXCP dəvət olsaydı belə, getməyəcəklərini deyirlər

Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirə bir sıra siyasi partiyaların sədrləri də qatılıb.

Onların arasında keçmiş səhiyyə naziri, Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov, REAL Partiyasının sədri İlqar Məmmədov, Ağ Partiyanın sədri Tural Abbaslı, Ümid Partiyasının sədri İqbal Ağazadə də olub.

Hər 3 partiya sədrinin hakim partiyanın yubileyinə qatılması diqqət çəkib. Çünki onlar YAP hakimiyyəti dövründə həbsxana həyatı yaşayıblar və ədalətsiz həbs olunduqlarını iddia edərək Avropa Məhkəməsinə şikayət ediblər.

Məhkəmə də buna görə onları haqlı çıxardaraq Azərbaycanı cərimələyib.

Real Partiyasının sədri İlqar Məmmədov yubileyə qatılmasını “rəqibimizi təbrik etməyə gəldim” deyə şərh edib:

“YAP-a ən çox arzu etdiyim dünyada və ölkədə tamamən dürüst kimi tanınacaq demokratik rəqabətdə özünü göstərməsidir. Digər arzum isə onun həm xarici, həm də daxili siyasətini uzun müddətdir dəstəkləyən partiyaların onların sırasına qatılmasıdır”.

İlqar Məmmədov YAP-ın tədbirində. Mənbə: “Telegram” hesabı

Hakim partiyanın yubileyinə Müsavat, Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Demokratiya və Rifah partiyalarının sədrləri dəvət almayıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı Meydan TV-yə tədbirə dəvət olunmadıqlarını, dəvət olsa belə, iştirak etməyəcəklərini deyib.

Arif Hacılı hakim partiyanın Azərbaycan siyasətində yalnız neqativ rol oynadığı qənaətindədir:

“Yeni Azərbaycan Partiyası siyasi partiya kimi yox, hakimiyyətdə olan indiki rejimin təzyiq qrupu olaraq fəaliyyət göstərir. Bu baxımdan YAP-la hər hansı əməkdaşlığımız mövcud deyil”.

Arif Hacılı deyib ki, Müsavat Partiyası da YAP-ı öz yubiley tədbirlərinə dəvət etmir:

“Ona görə onların da bizi dəvət etməməsinə normal yanaşıram”.

Arif Hacılı
Foto: Meydan TV

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Meydan TV-yə hakim partiyadan dəvət almadığını və bunu gözlənilməz də saymadığını söyləyib:

“Başqa cür də ola bilməz. Açıq etiraf edirəm ki, bugünkü şərtlər daxilində dəvət olunsaydım da, getməyəcəkdim. Çünki biz normal iqtidar-müxalifət münasibətindən yanayıq. Bu, o demək deyil ki, biz normal münasibətlərin olmasını istəmirik. Amma onun üçün hökumət ən fundamental hüquqlara hörmət qoymalıdır”.

Əli Kərimli bildirib ki, hakimiyyət öz xalqına divan tutur, iqtidar-müxalifət münasibətləri də əzənlə əzilənin münasibətidir. Belə bir şəraitdə sivil münasibət görüntüsü yaratmağa xidmət etmək riyakarlıqdan başqa bir şey deyil:

“Onu da özümə rəva görmürəm. Baxın, bir ölkədə AXCP-nin dinc aksiyasına görə 200 nəfər fəalı həbs olunur, işgəncə adi hala çevrilir, 2013-cü ildən 2022-ci ilə qədər siyasi məhbusların sayı da 100 nəfərdən aşağı düşmür. Bundan başqa, partiyaların məhv edilməsi Azərbaycanda dövlət siyasətidir. Faktiki real müxalifət partiyası qərargahdan məhrum edilir, üzvlərinin mütləq əksəriyyəti siyasi məhbus həyatı yaşayır, yaxud işdən çıxarılır. Həmçinin bütün seçkilər saxtalaşdırılır, bələdiyyə, parlamentarizm məhv edilir”.

Əli Kərimli
Foto: Meydan TV

“Əgər qanun ayaq altındadırsa, belə ölkədə sivil iqtidar-müxalifə münasibətindən söhbət gedə bilməz. Sivil iqtidar-müxalifət münasibətinin olması üçün qanuna və hüquqa hörmət edilməlidir, çoxpartiyalılıq dünyagörüşü qəbul edilməlidir. İndiki hakimiyyət faktiki olaraq çoxpartiyalılığı qəbul etmir”.

Demokratiya və Rifah Partiyasının hazırda xaricdə olan sədri Qubad İbadoğlu da tədbirə dəvət olunmadığını deyib.

Yeni Azərbaycan Partiyası (YAP) 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransında elan edilib.

Partiya 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə isə parlament seçkilərində qalib gəlməklə iqtidar partiyasına çevrilib.

Yeni Azərbaycan Partiyasının sədri 1992–2003-cü illərdə Heydər Əliyev olub.

2005-ci ildən partiyaya prezident İlham Əliyev sədrlik edir.

Ana səhifəSiyasətYAP-ın 30 illik yubileyi: hansı partiyalar dəvət olunmayıb?