YAP-dan istefa verən alim: Öldürsünlər, amma böhtan atmasınlar

Elvar Xəlilovun sözlərinə görə, ondan şikayətçi olan şəxs hazırda Sabirabad rayonunun, o dövrdə isə Saatlı rayonunun icra başçısı olan Siraqəddin Cabbarovun xalası oğlu olduğunu deyib.

Source: Specify Source


Elvar Xəlilov təzyiqlərə məruz qaldığını deyir

Milli Şuranın sədri Cəmil Həsənli və ailə üzvlərinə qarşı təxribata etiraz olaraq, martın 29-da Yeni Azərbaycan Partiyasından (YAP) istefa verib, Milli Şuraya qoşulduğunu bəyan edən Elvar Xəlilov təzyiqlərə məruz qaldığını deyir. Elvar Xəlilovun sözlərinə görə, aprelin 13-də telefonuna zəng gəlib və özünü Səbail Rayon Polis İdarəsinin baş müstəntiqi kimi təqdim edən şəxs onun barəsində cinayət işi üzrə araşdırmalar başladığını bildirib.

Elvar Xəlilov Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət prosesi; ədalət mühakiməsi və prokuror nəzarəti” kafedrasının doktorantıdır. O, Meydan TV-yə bildirib ki, 2017-ci ilin avqustunda Səbail Rayon Polis İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə cinayət işi başlanıb və o, həbs edilib. Bir ay sonra – sentyabrda azadlığa buraxılıb və cinayət işinə də xitam verilib: “Hətta Səbail rayonunun prokuroru şəxsən məni qəbul etdi, əsassız ittihamla həbsdə saxlanmağıma görə üzrxahlıq elədi, şikayətçi olmamağımı istədi. Mən də sonradan şikayətçi olub, kompensasiya tələb eləmədim. İndi həmin işi yenidən təzələyiblər”.

Cinayət işinin mahiyyətinə gəlincə, Elvar Xəlilov deyir ki, 2015-2016-cı illərdə Gürcüstanın paytaxtı Tbilisidə konsaltinq xidmətilə məşğul olub. Həmin vaxt bir azərbaycanlı müraciət edib, şərtlərlə razılaşıb və birgə fəaliyyət haqqında müqavilə bağlayıb: “Həmin müqavilə əsasında mən ona ABŞ-ın Tbilisidəki səfirliyinin yanında dördmərtəbəli binanı təhvil vermişdim. O, işin 70-75 faizini görəndən sonra dedi ki, 50-60 faiz gəlir götürməyi nəzərdə tutmuşdu, 18 faiz sərf eləmir. Dedim ki, burada qanundur, şəffaflıqdır, tenderin şərtləri var, sən də razılaşmısan. Adam çıxıb Bakıya gələndən sonra iqtisadi mübahisə ilə əlaqədar Səbail rayon Polis İdarəsinə şikayət etmişdi. Onun şikayəti əsasında mənim barəmdə cinayət işi başlanmışdı. Sonradan mənim işimi aparan müstəntiqin, İstintaq İdarəsinin rəisinin özü haqqında prokurorluq araşdırmalara başladı. Müstəntiq Vüqar Abbasovun atası DTX-nın işçisi idi. Onun köməyilə Azərbaycanı tərk elədi. Gecə ilə bacımı çağırıb, təzyiq eləmişdilər, mülkiyyətimi satdırıb, pulumuzu əlimizdən almışdılar”.

Elvar Xəlilovun sözlərinə görə, ondan şikayətçi olan şəxs hazırda Sabirabad rayonunun, o dövrdə isə Saatlı rayonunun icra başçısı olan Siraqəddin Cabbarovun xalası oğlu olduğunu deyib.

2020-ci ilin sentyabrında siyasi fəal Tofiq Yaqublu həbsdə aclıq aksiyası keçirdiyi dövrdə ona qarşı baş verənlərə açıq etiraz etdirinə görə təzyiqlərlə üzləşdiyini deyən Elvar Xəlilov bildirib ki, bu üzdən ona xəbərdarlıq eləmişdilər: “Hətta ailə üzvlərimi də xəbərdar eləmişdilər ki, susmasam, yaxşı olmayacaq. Bir müddət sakitlik oldu. Cəmil Həsənlinin ailəsinə qarşı əxlaqsızlıqdan sonra mən kəskin etirazımı bildirdim və YAP-dan istefa verdiyimi açıqladım. Bundan sonra müxtəlif ünvanlardan təhdidlər gəlməyə başladı. Əgər hökumət qarşısına iradəli, vicdanlı insanları məhv etməyi məqsəd qoyubsa, eybi yox, 1937-ci ildə Mikayıl Müşfiqi, Hüseyn Cavidi güllələdikləri kimi, məni də öldürsünlər, amma böhtan atmasınlar. Mən vicdanım, namusum qarşısında təmizəm. Artıq yaşamaq mümkün deyil. Azərbaycan alimi olaraq, Mənzil-Kommunal İstismar Sahəsinə müraciət etmişəm ki, məni çilingər köməkçisi götürün. Hər şeyimi əlimdən aldılar. Ailəm dağıldı, övladlarım başsız qaldı. İndi də təzyiq edirlər ki, niyə haqqa səs verirsən…”

Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Meydan TV-yə deyib ki, Elvar Xəlilovla bağlı istintaq hərəkətləri aparılır:

“Məlum olub ki, 2017-ci ildə ayrı-ayrı şəxslərə qarşı etibardan sui-istifadə etməklə dələduzluq əməlində təqsirli bilinən Elvar Xəlilov barəsində cinayət işi açılıb. Həmin bu şəxsin ailə üzvləri istintaqa müraciət edərək, vətəndaşlara dəymiş ziyanın ödənilməsi ilə bağlı öhdəlik götürüblər. Buna görə də cinayət işinə xitam verilib. Dələduzluğa məruz qalan şəxslərdən birinin vəsaiti ödənmədiyi üçün yenidən məhkəmə müraciət edib. Məhkəmə də həmin materialı yenidən istintaqa qaytarıb. Hazırda istintaq hərəkətləri davam etdirilir. Onun işində hər hansı siyasi motiv yoxdur, dedikləri həqiqəti əks etdirmir”.

Ana səhifəSiyasətYAP-dan istefa verən alim: Öldürsünlər, amma böhtan atmasınlar