“Qərb sanki “anakonda” planını işə salaraq Rusiyanın iqtisadi rıçaqlarını məhv etməyə çalışır”
“Ukraynada baş verənlər iki qonşu xalqın facəsidir və bütün hallarda bu savaşın qalibi olmayacaq”.
Bunu Meydan TV-yə YAP İdarə Heyətinin üzvü, deputat Hikmət Babaoğlu deyib.
Deputat təəssüflə qeyd edib ki, müharibədən yayınmaq mümkün olmadı: “Baş verənlər hər iki ölkə üçün yaxşı heç nə vəd etmir. XXI əsrdə bu cür savaşın başlanması və müharibədən yayınmaq üçün çoxsaylı imkanlar olduğu halda, strateji maraqların uzlaşdırılmaması təəssüf doğurur. Hər halda Rusiya-Ukrayna münasibətlərinin bu şəkildə inkişaf etməsində üçüncü, dördüncü amillər də var”.
“Biz yeni tarixi mərhələyə qədəm qoyuruq”
O hesab edir ki, Ukrayna-Rusiya müharibəsi qlobal katakilizmlərdən irəli gəlir: “Gözümüzün önündə tarixi hadisələr baş verir və biz yeni tarixi mərhələyə qədəm qoyuruq. Yeni dünya nizamı formalaşmaqdadır. Belə bir prosesdə hər bir dövlət gələcək təhlükəsizliyinin yeni arxitekturasını yaratmağa cəhd göstərir. Amma çox təəssüf ki, bu proseslərdə belə müharibələr olur”.
Hikmət Babaoğlunun fikrincə, hazırkı şəraitdə Rusiyanın nüvə silahından istifadə etməsi mümkün görünmür:
“Nüvə silahları təkcə Rusiyada deyil və dünya bir dəfə bu təcrübəni yaşayıb. Məncə, bu mümkün olmaz. Hər halda müharibənin bu həddə və bu müstəvidə davam etməsi dünya üçün böyük təhlükədir”.
O, rəsmi Bakının münaqişənin başlanğıcından vasitəçilik missiyası ilə çıxış etdiyini xatırladaraq əlavə edib ki, hər iki ölkə Azərbaycan üçün önəmlidir:

“Biz Ukrayna və Rusiya üçün sülhün vacib olmasıyla bağlı təşəbbüs irəli sürmüşük. O cəhdlər bu gün də davam edir, nəticə verəcəyinə ümid edirik”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Azərbaycan və Rusiya Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının üzvü Arzu Nağıyevin fikrincə, Moskva separatçı DNR və LNR-i tanıyanda, artıq planları məlum idi:
“Çünki Prezident Putin 22 fevral çıxışından sonra həmin ərazilərə qoşunlarını çıxartdı”.
Arzu Nağıyev bildirib ki, Rusiya qarşısında bufer zona yaratmaqla yaxın qonşularının NATO üzvü olmaması üçün addım atırdı:
“Beləliklə, Rusiya problemin hərbi yolla çözülməsini gördüyündən genişmiqyaslı hücumlar təşkil etdi. Ukrayna da ərazi bütövlüyünü qorumaq üçün Rusiyaya qarşı vuruşmağa başladı. Artıq problem böyüyüb və Rusiyaya qarşı sanksiyalar tətbiq edilir. Qərb sanki “anakonda” planını işə salaraq Rusiyanın iqtisadi rıçaqlarını məhv etməklə hərbi potensialını sıradan çıxarmağa çalışır. Paralel olaraq informasiya müharibəsi də aparılır”.
“NATO Ukrayna ərazisində hərbi əməliyyatlara qatılmasa da, Kiyevi silahla təmin edəcək”
Deputat hazırda Rusiyanın əlində ən ciddi silahın nüvə arsenalı olduğunu deyib:
“Çünki SSRİ çökən illərdə yeni yaranmış dövlətlərdə nüvə silahları qalmışdı, məsələn, Ukrayna və Qazaxıstanın adını çəkə bilərəm. Amma keçmiş postsovet ölkələrindən yalnız Rusiyada qaldı. Məncə, müharibənin gedişatı nüvə silahının işlədilməsi ilə nəticələnə bilməz”.
A.Nağıyevin sözlərinə görə, Zelenski danışıqların yaxın ərazidə aparılmasına ona görə razılaşıb ki, qarşı tərəf onu müharibə tərəfdarı olmaqda ittiham etməsin:

“Amma danışıqların nəticəsi məlum deyil. Məsələ ondadır ki, Moskva Ukraynanın silahı yerə qoymasını təklif edir, amma bu da inandırıcı görünmür. Belə olduqda proses uzanacaq. NATO Ukrayna ərazisində hərbi əməliyyatlara qatılmasa da, Kiyevi silahla təmin edəcək. Bütün hallarda danışıqlar problemə son qoymasa da, müharibəni dayandırmaq üçün şans yaradır. Əks hallarda, itkilər də artacaq”.
Siyasi şərhçi Əhməd Əlili hesab edir ki, Putinin qısamüddətli planı DNR və LNR-nin ətraf ərazilərini bərpa etmək, ardınca Qara dənizə çxımaqdan ibarət idi:
“Amma hərbi əməliyyatların bu miqyasda olmasını heç kim gözləmirdi. Əlbəttə, çox az adam Avropa İttifaqının da bu məsələlərə belə reaksiya verəcəyini gözləyirdi. Ona görə də hazırda biz Rusiya iqtisadiyyatı və müharibəylə bağlı tamamilə proqnozlaşdırıla bilinməyən mərhələdəyik. Çünki bütün tərəflər gözləniləndən maksimal formada reaksiya veriblər. Bu mənada fəsadlar qat-qat ağır olacaq”.
“Moskva bəyannaməsi Azərbaycanı KTMT və Avrasiya Birliyinə üzvlükdən qoruyur”
Politoloq Ukraynada baş verənlərin yalnız bu ölkəyə aid olmadığı qənaətindədir:
“Ukrayna hadisələri daha böyük bir prosesin tərkib hissəsidir. Ona görə də daha uzunmüddətli və daha ağırılı proses gözlənilir. Çünki Ukraynadakı proseslərin necə bitməsi hələ son deyil. Bu gün artıq Yaponiya fürsətdən istifadə edib Rusiyanın Kuril adalarını işğal etdiyini yada saldı. Bundan sonra hər bir ölkə bu istiqamətdə özünə lazım olanı götürməyə çalışacaq. Artıq qlobal proseslərə start verilib və siyasi prosesləri kənardan seyr edən Avropa insanının bu istiqamətdə diqqəti artıb”.
“Nəzərə alın ki, Avropa İttifaqının daxilində də anti-Rusiya ovqatı güclənib. Bunlar fundamental dəyişikliklərin baş verdiyinin göstəricisidir. Yəni gözləməyin ki, gedişat Rusiya-Ukrayna münasibətləriylə limitmlənəcək, daha ağrılı proses gözləyirəm”, – deyə o bildirib.

Siyasi şərhçinin bugünkü Belarus danışıqlarından gözləntisi yoxdur:
“Çünki ukraynalıların müqavimət gücü artıqca, danışıqlara daha az meylli olurlar. Rusiya isə əksinə, prosesdən tez çıxmaq istəyir, amma alınmır”.
Əhməd Əlilinin sözlərinə görə, Rusiya-Ukrayna savaşının Azərbaycan daxil Cənubi Qafqaz ölkələrinə təsir edəcəyi şübhəsizdir:
“Amma Prezident İlham Əliyevin Moskva səfərində imzaladığı bəyannamə Azərbaycanı KTMT və Avrasiya Birliyinə üzvlükdən qoruyur. Düşünürəm ki, Azərbaycanın müəyyən bir vaxtı var ki, daha hazırlıqlı olsun. Ancaq Cənubi Qfqazda Gürcüstan çox narahatdır. Hazırda Putinin diqqətində Şərqi Avropa ölkələridir”.
“Putin nüvə düyməsini basandan sonra bilməlidir ki, 10 dəqiqə ərzində onu da həmin nüvə təhlükəsi gözləyir. Putin buna hazır olsa belə, ətrafında generallar təhlükəni başa düşürlər. Putin sadəcə, güclü blef edir, amerikanlar da bunu qəbul edib hazırlıq səviyyələrini qaldırdılar. Növbədən istifadə bölgə üçün təhlükəlidir. Ukrayna elə coğrafiyada yerləşir ki, dərhal Belarus və Rusiyanın öz əraziəri də yararsız vəziyyətə düşəcək”.
Fevralın 24-də səhər tezdən Rusiya Prezidenti Vladimir Putin Ukraynada “xüsusi əməliyyat”a başlanılması barədə elan edib.
Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.
O iddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Ötən 5 gündə Qərb dövlətləri Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq edib.
Rusiya SWIFT-dən (beynəlxalq ödəmə sistemi) çıxarılıb, Prezident Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiya Dövlət Dumasının deputatlarının qərb ölkələrinə səfərinə qadağa qoyulub. Əksər Avropa ölkələri hava məkanlarını Rusiyaya bağlayıb.
O cümlədən, FİFA Rusiya Futbol İttifaqının komandalarının iştirak etdiyi beynəlxalq oyunlarda bu ölkənin bayrağı və dövlət himninin istifadəsini qadağan edib.