Eldar İbrahimov: “Nizami İbrahimovun artıq 63 yaşı var və o, məhz yaş həddi ilə əlaqədar olaraq işindən uzaqlaşdırılıb”
Milli Məclisin üzvü, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimovun qardaşı Nizami İbrahimov bu gün gözlənilmədən Dövlət Gömrük Komitəsinin Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Bu barədə məlumatı azərtaym.az saytı yayıb.
Nizami İbrahimov günün birinci yarısında iş yerinə gəlib və idarənin kollektivini yığaraq onlarla vidalaşıb. Məlumatdan belə qənaət formalaşır ki, Nizami İbrahimov vəzifədən azad edilməklə yanaşı həm onun gömrük orqanlarındakı fəaliyyətinə də xitam verilib.
Bildirildiyinə görə, deputat Eldar İbrahimovun iyulun 27-də İctimai Televiziyada İstehlakçıların Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Eyyub Hüseynovla debatə zamanı genetik modifikasiya olunmuş (GMO) məhsulların ölkə ərazisinə gətirilməsi haqqında sərt çıxışı “yuxarı”larda mənfi qarşılanıb. Çünki deputat Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin bu məsələdəki fəaliyyətsizliyinə diqqəti çəkərək həmin qurumları sərt tənqid etmişdi. Sitat: “Geni dəyişdirilən məhsulların ölkəyə buraxılması, onların insanlar satılması dəhşətli cinayətdir. Gərək aidiyyəti qurumlar, şəxslər məhsuliyyətli olsunlar”.
Oxşar sərt mövqeyi Eldar İbrahimov aznews.az saytına süd məhsulları ilə bağlı danışarkən ifadə etmişdi.
Ancaq bundan dərhal sonra Dövlət Gömrük Komitəsi açıqlama yayaraq deputatı təkzib etmişdi.
Deputat Eldar İbrahimov bununla bağlı “Qafqazinfo”ya açıqlama verərək qardaşının işdən çıxarıldığını təsdiqləyib. Ancaq o, bu olayı qardaşının “vurulması” kimi qiymətləndirməyib.
“Çünki Nizami İbrahimovun artıq 63 yaşı var və o, məhz yaş həddi ilə əlaqədar olaraq işindən uzaqlaşdırılıb”,-deyə YAP-şı deputat bildirib.
Eldar İbrahimov qardaşının uzun illər bu sistemdə qüsursuz işlədiyini də vurğulayıb.