Yanıb ölən qadının anası: “Əri onu döyürdü, ölümlə hədələyirdi”

Foto: Sevinc İbadovanın yaxınlarının arxivindən

Axırbəyim Əhmədova: “Məni yandıran odur ki, övladımın heç bir günahı olmadığı halda, ona zülm olunub”

Sabirabad rayonunun Yuxarı Axtaçı kəndində yaşayan Sevinc İbadova özünə qəsd edib. O, yaşadığı evdə üstünə benzin tökərək yandırıb. Bir aydan çox xəstəxanada müalicə alsa da, 46 yaşlı Sevincin həyatını xilas etmək mümkün olmayıb.

Anası Axırbəyim Əhmədova qızının ölümündə kürəkənini günahkar sayır. Deyir ki, bu hadisə Sevinc İbadovanın ərinin uzun illər ərzində ona elədiyi zülmlərin nəticəsidir.

“Onu döydüyünə görə bir neçə il əvvəl polis şöbəsinə şikayət olunmuşdu”

Axırbəyim Əhmədova Meydan TV-yə danışır ki, qızı dəfələrlə döyülüb, təhqir olunub. Ananın sözlərinə görə, Sevincə qarşı zülmlərdən yaşadıqları Sabirabad rayonunun hüquq-mühafizə orqanları da məlumatlı idi:

“Onu elə döyürdü, üz-gözündə, bədənində salamat yer olmurdu. Hətta bir dəfə ona dedim ki, boşan, başqa çarə yoxdur. Əri söz verirdi ki, daha təkrarlanmayacaq, bir həftə, on gün çəkirdi. Sevincin də uşaqları böyük idi, ailəsini dağıtmaq istəmirdi deyə, boşanmadı. Təxminən 3-4 il əvvəl onu yenə çox pis döymüşdü. İş o həddə çatdı ki, Sevincin qardaşları Sabirabad Rayon Polis Şöbəsinə şikayət elədi. Əri şöbədə də söz verdi ki, bir daha olmayacaq. Aralarında barışıq oldu. Amma çox çəkmədi…”

“Onun özünü yandırdığına inanmıram”

Sevinc Muğamat İbadovla 1993-cü ildə ailə qurub. Onların bu evlilikdən iki övladı dünyaya gəlib. Qızları Rəqsanə 2015-ci ildə ailə qurub, elə Yuxarı Axtaçı kəndində yaşayır. Oğlu Elməddin isə ali təhsilini başa vurandan sonra Ukraynada işləməyə gedib. Hadisə baş verəndə də oğlu xaricdə olub. O, anasının ölmündən xəbər tutandan sonra – üç mərasiminə gəlib çata bilib.

Övladları da prokurorluğa ifadələrində atalarının illərlə Sevinc İbadovanı döydüyünü, təhqir etdiyini deyib. Onlar atalarıyla üzləşmədə də bu haqda dediklərini təkrarlayıblar.

Axırbəyim Əhmədova deyir ki, Sevinc İbadovanın ölümündən sonra cinayət işi başlanıb. Sonra iş üzrə icraat dayandırılıb. Sonradan icraat təzələnsə də, bir neçə gün sonra yenidən dayandırılıb. Bir müddət keçib, icraat bir daha təzələnib və ardınca 1967-ci il təvəllüdlü Muğamat İbadov məsuliyyətə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 133-cü (əzab vermə) maddələrilə ittiham irəli sürülüb.

Ana narahatdır ki, Muğamat İbadov son nəticədə məsuliyyətdən kənarda qala bilər, yaxud ona yüngül cəza verilər:

“Mən onun özünü yandırdığına da inanmıram. Yanıqdan qorxurdu. Çünki bir dəfə təndirdə çörək bişirəndə qolunun bir tərəfi yanmışdı, necə pis olmuşdu. Sevinc deyirdi ki, Muğamat ona yaşamağa imkan vermir. Onun özünü, qardaşlarınndan birini öldürməklə hədələyir”.

“Bir neçə il əvvəl zəhər içmişdi…”

Axırbəyim Əhmədova əlavə edib ki, qızı bir neçə il əvvəl zəhər içib. Lakin ona bildirməyib:

“Onlara gedəndə gördüm ki, pis halda, yorğan-döşəkdədi, uşaqlar da ağlayır. Qaytarırdı. Mənə dedi ki, guya qonşu həyətinə siçan dərmanı səpib, toyuqlar da onu yeyib. Toyuğu kəsib yeyəndə özü də zəhərlənib. Mən də inanmışdım. Onda marqanizlə mədəsini yuduq, özünə gəldi. Sonradan bildim ki, əslində, başqa cür olubmuş…”

Sevinc İbadova

Hadisə 2020-ci il noyabrın 15-də səhər saat 9 radələrində baş verib. Yanıq xəsarətlərilə Sevinc İbadovanı əvvəl Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparıblar, oradan isə Bakıya göndəriblər. Bakıda 5 saylı Mərkəzi Xəstəxananın yanıq şöbəsində 1 aydan çox müalicə alan Sevinc İbadova dekabrın 24-də orada vəfat edib.

“Hadisədən bir gün əvvəl də döydü”

O, xəstəxanada olarkən polis əməkdaşlarına izahat verib. Deyib ki, ərinin onun qardaşlarından xoşu gəlmirdi. Onu, qardaşlarından birini öldürməklə hədələyirdi.

“Məni özümü öldürməyə vadar edirdi. Təxminən 10 il əvvəl buna görə zəhər içdim. Mənə elədiyi zülmlərə görə dəfələrlə qaynımgildə, qonşuda, təndirxanada yatmaq məcbiryyətində qalmışam. Tüfəngi mənə tuşlayırdı. Hadisədən bir gün əvvəl də məni döydü. Dözməyib qardaşım Rəhmangilə qaçdım. Səhər tezdən qayıdanda mənimlə yenə dalaşdı, əlində tüfənglə məni yenə hədələdi…”

“Sevinc tərəfə baxanda onun yandığını gördüm”

Muğamat İbadov isə ünvanına səslənən ittihamları qəbul etmir. Deyir ki, ailədə həyat yoldaşıyla aralarında söz-söhbət olsa da, onu döymürdü, təhqir etmirdi. Sevinc İbadovanın ölümündən əvvəl izahatında onunla bağlı dediklərini isə qaynı Bahadır Əhmədovun qərəzinin nəticəsi sayır. İddia edir ki, həyat yoldaşı qardaşının təsirilə onun haqqında elə izahat verib.

Bununla belə, o, hadisədən bir gün öncə axşam saatlarında həyat yoldaşıyla aralarında mübahisə olduğunu etiraf edib:

“Sevincə dedim ki, ananın hərəkətlərindən xoşum gəlmir, bir daha bizə gəlməsin. Sevinc küsüb getdi, aramızda dava-dalaş olmadı. Ertəsi gün səhər həyətdə gördüm ki, qayıdıb. Nar ağaclarının altına peyin yaymağa getdim. Təxminən 5 dəqiqə sonra Sevinc tərəfə baxanda onun yandığını gördüm. Qaçıb xalçaya bürüdüm ki, alov sönsün. Əksinə, xalça da yandı. Yenə də söndürməyə çalışanda öz əl-ayağım da yandı. Sonra su töküb Sevinci söndürdüm. Dedi ki, zəng elə, qardaşım Hikmət gəlsin. Zəng elədim, gəldilər, tez xəstəxanaya aparıldı…”

Xəstəxanada olduğu müddətdə xərcləri qarşıladığını da iddia edən Muğamat İbadovun sözlərinə görə, qayını Bahadır Əhmədov imkan vermədiyinə görə o müddətdə gedib həyat yoldaşını görə bilməyib.

“Övladım abırlı, zəhmətkeş idi…”

Həyat yoldaşının ölümünə görə Cinayət Məcəlləsinin 125 və 133-cü maddələrilə ittiham olunan Muğamat İbadovun işinə hazırda Sabirabad Rayon Məhkəməsində baxılır. Bu maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

“Övlad itkisi çox ağırdır. Mənim övladım abırlı, zəhmətkeş idi, ailəsinin qayğısına qalırdı. Məni yandıran odur ki, övladımın heç bir günahı olmadığı halda, ona zülm olunub. İstədiyim budur ki, haqq-ədalət yerini tapsın, az da olsa, mənə də təsəlli olsun”, – Axırbəyim Əhmədova belə deyir.

Ana səhifəBölgəYanıb ölən qadının anası: “Əri onu döyürdü, ölümlə hədələyirdi”