”İmtahana buraxılış vəsiqəsi” Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək”
Azərbaycan Kooperasiya Universitetində baş verən yanğın nəticəsində imtahan verə bilməyən abituriyentlər üçün qəbul imtahanı iyulun 27-də keçiriləcək.
Bu barədə APA-ya Dövət İmtahan Mərkəzinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, həmin abituriyentlər üçün “imtahana buraxılış vərəqəsi” iyulun 25-də gün ərzində Dövət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.
İyulun 22-də Ziya Bünyadov prospektində yerləşən Kooperasiya Universitetinin binasında yanğın baş verib. Yanğın təhsil ocağının idman zalında qeydə alınıb.
Hadisə zamanı binada abituriyentlər olub. Onlar ali məktəblərə I və IV ixtisas üzrə keçirilən qəbul imtahanına gələnlərdir.
Tüstüdən zəhərlənən 4 abituriyent təcili tibbi yardım maşını ilə xəstəxanaya göndərilib.
Hadisə yerinə gələn Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dərhal otaqların boşaldılmasını tələb edib.
O, imtahanın vaxtını təxirə salıb.