Yanan məntiqin qarabasmaları

Gündəm adamı deyiləm

Source:
Yanan Narkoloji Mərkəz
Yanan Narkoloji Mərkəz

Gündəm adamı deyiləm. Hadisələrin içinə düşüb qalıram, özümü hisslərin içindən çıxartmağa gücüm çatmır. Fakta operativ yanaşa bilmədiyimdən əsasən həyat hekayələri yazıram. Amma bu dəfə ölümdən qabaq ölən həyatsızların külə dönmüş hekayətlərinə yaxın düşə bilmədim. Sadəcə yazın ilk ayının əvvəlində od-alovla açılan səhər barədə uzun-uzadı düşündüm…

O səhər “Respublika Narkoloji Mərkəzi” kimi təmtəraqlı söz yığınından ibarət ünvanın ibtidai daxmalardan ibarət məşum düşərgə olduğunu gördük. Neft ölkəsinin cəmiyyətdən təcrid olunmuş vətəndaşlarını o xarabalıqda həyata tutacaq heç bir əlamət yox idi. Əslində dövlət xəstəxanası adlanan bahalı can bazarında o xəstələr çoxdan öz aqibətlərinə gömülmüşdülər. Kaş ki, real ölümləri bu qədər amansızcasına gerçəkləşməyəydi. Yeganə mümkünsüz təsəlli tanıdığım birinin yatmaq üçün ala biləcəkləri vasitələrə görə bu vəhşətdən xəbərsiz yanması ola bilərdi. Elə başqalarının da. Əli-qolu bağlı halda üstünə gələn alovu seyr etmək çox dəhşətli sondur. Faciəni “araşdıran” komissiyanın “ənənəvi iş prinsiplərini” də üstə gəlsək, o səhərin zülməti daha da qatılaşacaq.

Taxta baraklarda yanaraq can verən insanlar dünyaya narkoman kimi gəlməmişdilər. Bu gün qulaqlarını dartaraq stola döyməklə qada qaytaranlar dünən kömürə dönənlərin yaxınları ola bilərdilər. Bu məsələdə məntiqə yaxınlaşmaq mümkün deyil. Bu yerdə məntiq iyirmi beş qurbanlıq insanla bərabər yanıb.

Ortada müxtəlif mövqelər, münasibətlər dolaşmaqdadır. Vətəndaş həqiqət istəyir. Əvəzində hakimiyyətin bəzi istisnalarla ənənəvi reaksiyanın təkrarından başqa bir şey görmür. “Bəzi istisnaların” ən böyüyü prezidentin cəsədlər hələ soyumamış isti-isti hadisə yerinə getməsidir. Onun Respublika Narkoloji Mərkəzindəki bərbad şəraitlə birbaşa tanış olmasıdır. Yəni, təbii vəziyyəti məmur əli dəyməmiş görməsidir. Qalan hər şey əvvəlkilərin təkrarı idi. Həlak olanların ailəsinə və zərərçəkənlərə yardım göstərilməsi barədə “müvafiq” tapşırıqlar, məsələnin prezidentin nəzarətində olmasının vurğulanması…

Prezident nəzarəti demişkən, iştirak edəcəyi tədbirlərə, açılışlara hazırlanmış bəxtəvər ölkədə qəfil qarşısına çıxan kabusdan çaşdımı prezident? Üstündə dayandığı içalatı çıxmış asfaltı “görməməyə” çalışırmış kimi görünürdü. Bunlar əlbəttə, təxəyyüldür. İlham Əliyev yaxını da, uzağı da kifayət qədər aydın görə bilir. Bilməsəydi…

Hadisənin bu və ya başqa şəkildə səbəbkarları gözünün qabağında ola-ola bir də onları “tapıb cəzalandırmaq” üçün “komissiya” yaratmazdı. Elə oradanca ətrafındakı qovluqlu “işgüzarları” topdan istefaya göndərərdi. Göndərərdi ki, ağ ölümdən xilas olmaq üçün dövlət xəstəxanasına əmanət edilənlər kömürə dönməsinlər. Göndərərdi ki, körpə Fərəhlər təhlükəli üzlüklərin zəhərli tüstüsündən boğularaq gözlərini əbədi yummasınlar. Göndərərdi ki, ağ gün simvolu qara neftin qara fəhlələri daim qəza şəraitində işləməyə və ölməyə məhkum olmasınlar. Göndərərdi ki, vətəndaşın maddi-mənəvi-sosial haqqını yeyən bütün səlahiyyətlilərə əxlaq və ibrət dərsi olsun. Nəhayət, göndərərdi ki, xalqın canı bir daha yanmasın.

Göndərsəydi, nə Məzahir Pənahovun peşəkarlığına ehtiyac qalardı, nə də hər ağzı söz, ayağı yer tutanın “vəkilliyinə”. O da həyatının doğruçu seçkisini yaşayardı.

İlham Əliyev bəlkə uzun illərdir nikbin xalqımızın yaratdığı “prezident yaxşıdır, ətrafı pisdir” düsturuna vərdiş edib? Pis ətrafından qurtula bilməməyinin səbəbi bu vərdiş də ola bilər…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəYanan məntiqin qarabasmaları