Yanan ”Karvan”dakı sahibkarlar: 6 ildir kompensasiyamızı ala bilmirik

Yanğın zamanı sahibkarlara ümumilikdə 14894141 manat ziyan dəydiyi bildirilirdi.

Source: google.az


Ticarət mərkəzində malı yanan sahibkarlar prezidentə müraciət etdilər

““Diqlas”dakı sahibkarların malı kimi, bizim də malımız “Karvan”da yanıb. Amma 6 ildir kompensasiyamızı ala bilməmişik”.

Bu barədə Meydan TV-yə Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzindəki yanğında malları məhv olan sahibkarlar yazıblar. Bildirirlər ki, onlara da külli miqdarda ziyan dəyib və bugünədək özlərinə gələ bilməyiblər. Hər şeylərini itiriblər, ancaq onlarla maraqlanan olmayıb:

“Bizim külli miqdarda maddi zərərə düşməyimiz haqda şikayətlərimiz dəfələrlə mətbuatda işıqlansa da, bu barədə 6 il ərzində müraciət etmədiyimiz qurum, məsul şəxs qalmasa da, məktublarımızın çəkisi fantastik dərəcəyə – 15 kq-a çatsa da, problemimiz həllini tapmır”.

Şikayətçilər Şirəli Əsgərov və Füzuli Quliyev deyirlər ki, 2013-cü ilin oktyabrında “Karvan” Ticarət Mərkəzində baş verən yanğın zamanı onlara ümumilikdə 225 min manat zərər dəyib. Bu zərərin miqdarı məhkəmə tərəfindən də rəsmən təsdiqlənib. Buna baxmayaraq, “Karvan”ın icraçı direktoru Kamil Əhədov onlara dəyən zərəri ödəmir.

“Sizin vasitənizlə biz də cənab Prezident İlham Əliyevə müraciət etmək istəyirik. Ona demək istəyirik ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov da səyyar görüşdə bizə söz verib ki, ziyanınız ödəniləcək. Amma sonradan bildirdi ki, o, heç nə edə bilməz, problemi həll etməyə gücü çatmır”.

Sahibkarlar deyirlər ki, malları yananadək onlar ticarətlə məşğul olub, dolanışıqlarını təmin edirmişlər. Lakin yanğında onlara dəyən ziyandan sonra maddi durumları pisləşib:

“Banklara olan külli miqdarda borcumuzu ödəyə bilmirik, acınacaqlı vəziyyətdəyik. Sizin martın 26-da Bakının Nizami rayonu ərazisindəki “Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində sahibkarlara dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi haqda operativ qərarınız humanist addımdır. Bu qərarınızla sübut etdiniz ki, dövlət bütün hallarda vətəndaşın yanındadır. Prezident olaraq vətəndaşların problemlərinə çox həssas yanaşırsınız, laqeyd qalmırsınız. Amma nə səbəbdənsə, illərdir sizə və xitse-prezident Mehriban Əliyevaya etdiyimiz minlərlə müraciətlərə müsbət reaksiya verilməyib”.

Şikayətçilər istəyirlər ki, “Diqlas” Ticarət Mərkəzində ziyana düşmüş sahibkarlar kimi onlara da kömək edilsin:

“Nolar, bizim ailələri də sevindirin. Bizə dəyən ziyanın ödənilməsi üçün göstəriş verin. Bizim ziyanımız məhkəmə tərəfindən də tanınıb. Miqdarı “Diqlas” Ticarət Mərkəzində ziyana düşmüş sahibkarların mallarından fərqli olaraq, dəqiq müəyyən edilib. Ziyanın kimin ödəməli olması da məlumdur. Bu, “Karvan” Ticarət Mərkəzinin rəhbərliyidir. Hansı ki, bizim malların təhlükəsizliyinə cavabdeh idilər. Bununla bağlı o zaman cinayət işi də açılmışdı. Biz də Azərbaycan vətəndaşıyıq və hüquqi dövlətdə yaşadığımızdan istəyirik ki, hüquqlarımız təmin olunsun. Bizə dəyən ziyan ödənilsin. Maddi, mənəvi sıxıntı keçirən zərərçəkən vətəndaşlar kimi sizdən bu məsələni öz nəzarətinizə götürmənizi xahiş edirik”.

Bu məsələ ilə bağlı daha əvvəllər “Karvan” Ticarət Mərkəzinin direktoru

Kamil Əhədov

Meydan TV-yə şikayətçilərin haqsız olduğunu deyib. Onları vaxtında mallarını sığortalamamaqda suçlayıb. Belə olan halda onlara kompensasiya düşmədiyini söyləyib.

Sumqayıtda yerləşən “Karvan” Ticarət Mərkəzində 2013-cü il oktyabrın 19-da yanğın olmuşdu. Nəticədə 1000-ə yaxın ticarət obyekti yanmışdı. Hadisə zamanı bir nəfər ölüb, beş nəfər isə yaralanmışdı.

Yanğın zamanı sahibkarlara ümumilikdə 14894141 manat ziyan dəydiyi bildirilirdi.

Yanğının törədilməsində günahkar bilinən Sumqayıt şəhər sakini İ.Bayramovun barəsində cinayət işi başlanıb, o, Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

Ana səhifəXəbərlərYanan ”Karvan”dakı sahibkarlar: 6 ildir kompensasiyamızı ala bilmirik