Hadisədən əvvəl başqa bir yanğının da qarşısı alınıb
Aprelin 10-da Zığ yolu 16 ünvanda baş vermiş yanğın nəticəsində onlarla mənzil yararsız hala düşüb. Bir neçə gün öncə bu binanı bəzəyən pinaplast fasaddan artıq heç bir əsər-əlamət qalmayıb. Yanğından sonra binanın kül rəngini yaşıl tor gizlədir. “Bir gün keçmədi binanın üzünü örtdülər ki, birdən prezident gələr, binanı bu halda görər” – deyə bina sakinlərindən biri giley etdi.
“Evdə hər şey yanıb kül olub. Mənzildə təmir işləri yeni qurtarmışdı. Atam özü təmir etmişdi evi. Evdə mobil telefonumadək hər şey yanıb. 500 manat verməklə iş bitmir ki! Evdə yanan bu qədər əşyanı, təmiri mənə qaytaracaqlar?! Camaat heç nə deməsin deyə, bir gün keçmədi ki, gəlib hamıya 500 manat verib, çıxıb getdilər” – deyir, binanın 5-ci mərtəbəsində yaşayan Günəş Məmmədova.
Qadının sözlərinə görə, 14 il yaşadığı mənzildə yanğından sonra heç bir saat da qalmaq mümkün deyil. Mənzilin pəncərələri qırılıb, ağ tavan qara rəngə boyanıb, çarpayı, divan, dekorativ güllər və s. kimi əşyalar artıq yararsız bi tullantıya çevrilib: “Özü də ev üçün nə lazımdırsa, hamısının ən yaxşısını alıb qoymuşdum. Artıq heç nə yoxdur. Əynimizə geyinməyə paltar belə qalmayıb. Elə bilirlər 500 manatla hər iş düzəlir. Yoldaşım əlacsız qalıb, gedib bu gün həmin puldan bir az götürüb, paltar alıb” – deyən G.Məmmədova verilən bu məbləği yeməyə, geyimə, yoxsa başqa bir mənzildə kirayə qalacağına sərf edəcəyini bilmədiyini deyir.
“Bu dəfə mənzillərimiz yandı, gələn dəfə də biz yanmalıyıq?”
Sakinlərin sözlərinə görə, bir neçə mənzil də var ki, yanğın zamanı sahibləri evdə olmayıb. Mərtəbələri qalxdıqca, binanın yaşlı sakinlərindən biri bizi qarşılayaraq, evini göstərməyə çağırır.
Surxay Musayev 7-ci mərtəbədə yerləşən mənzilini göstərir: “Baxın. Hündür mərtəbəli binalarda adətən yanğın olan zaman xilas olmaq üşün çöl tərəfdən pilləkanlar da tikirlər. Bu fasadı gəlib tikənlər isə xilasedici pilləkanları da bağlayırlar. Ona görə bu yanğında gələn yanğınsöndürənlər ümumi pilləkanlarından istifadə edirdilər. Belə də iş olar? Bunlara deyirsən, ay müsəlman, olmaz belə. Bu fasad yanğında tez alışıb, yanır. Bizi öldürməkmi istəyirsiniz? Deyirlər ki, bu, bizim memarımızın qərarıdır və belə olmalıdır”.
“Mətbəxdən pəncərənin qarşısını alıblar, otaqdan da digər pəncərənin qarşısına fasad çəkilib. Biz nəfəs almalıyıq bu evdə, ya yox?” – deyə S.Musayev bildirir.
Sakinlərin sözlərinə görə, yanğından bir neçə gün öncə digər bir yanğının da qarşısı alınıb: “Beş-on gün əvvəl penoplastın qalıqları vardı. Haradansa od düşmüşdü, təsadüfən həyətə düşəndə gördüm ki, yoldan keçən insanlar yanğını söndürüblər. Buna baxmayaraq, bu qalıqları fəhlələr yenə də həyətdən yığışdırmadılar. Ancaq ayın 10-dan sonra gördük ki, həyəti yığışdırıblar” – deyən Lalə xanım və digər sakinlər bildirdilər ki, icra hakimiyyəti yenidən binaya eyni fasad çəkərsə, bunun qarşısını alacaqlar: “Övladlarımız artıq yetərincə psixoloji travma alıblar bu yanğından. İmkan vermərik ki, yenidən eyni fasadı çəksinlər. Bu dəfə mənzillərimiz yandı, gələn dəfə də biz yanmalıyıq?”
Sakinlərlə söhbət zamanı məlum oldu ki, binaya yeni fasad çəkən ustalar elektrikdən istifadə edirmişlər, istifadə etdikləri elektrik naqillərinin üstü isə açıq olub. Bina sakinləri deyir ki, naqillərin üstüaçıq olmasının təhlükəli olduğu haqda ustaları xəbərdar etsələr də, hətta onlara yeni elektrik naqilləri versələr də, ustalar yenə də üstüaçıq naqillərdən istifadə ediblər: “Verdiyimiz yeni naqilləri isə nəzarətçi özünə götürüb…” – deyə S.Musayev bildirdi.
Bundan başqa, bina sakinləri deyir ki, yanğın söndürən maşınlar gələrkən iki maşında su olmayıb.
Hətta onu da deyirlər ki, hər hansı bir tədbir görülməsə, Fövqəladə Hallar Nazirliyinin qarşısında aksiya keçirəcəklər: “Bir həftə vaxt veririk ki, düşdüyümüz bu durumla bağlı bizə köməklik göstərsinlər”.
Sözügedən binada yanğın bir-iki dəqiqə ərzində yanğı aşağı mərtəbələrdən yuxarıya qədər qalxıb. Sakinlər deyir ki, ərazi dörd tərəfdən də penoplasta “həbs” edilsəydi, hal-hazırda binadan heç bir əsər-əlamət qalmazdı. “Bizim yenə bəxtimiz gətirib. Yanımızda bir bina var ki, ona dörd tərəfdən də fasad çəkilib. Orada yaşayanlar diri ölüdürlər. Düşünün, hələ bu yanğın gecə, hamı yatan vaxtı baş versəydi, nələr olardı?” – deyə Günəş Məmmədova bildirdi.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov APA-ya deyib ki, binada 107 mənzil var: “Burda 408 nəfər yaşayır. Hazırda neçə mənzilə ziyan dəydiyi dəqiqləşməyib. Bu dəqiqləşmə aparılandan sonra kompensasiya məsələsinə də baxılacaq”.